"Bu ölkələr Amerikanı prosesdən kənarda saxlamaq istəyir"




"Suriya ətrafında gedən proseslərdə Rusiyanın rolu və təsiri güclənməkdədir”.

Bunu Sherg.az-a Astanada Suriya ilə bağlı İran, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında keçiriləcək görüşün nəticələrini şərh edərkən politoloq Elşad Mirbəşir deyib. 

Onun sözlərinə görə, İran, Türkiyə və Rusiya arasında ilkin görüş keçirilməsində əsas məqsəd Amerikanın prosesdən kənarda saxlanmasını təmin etməkdir:

"Türkiyənin Amerikadan uzaqlaşması və İranla birgə eyni cəbhədə Suriya məsələsində ortaq məxrəcə gəlmək Rusiyanın əsas hədəflərindən biridir. Türkiyə ilə ABŞ arasındakı münasibətlərdə soyuqluğun yaranması bu məsələdə Rusiyanın mövqelərini gücləndirmiş oldu. Hesab edirəm ki, hazırkı məqamda İran, Türkiyə və Rusiya Suriyadakı prosesləri öz nəzarətləri altında saxlamağa, öz istəklərinə uyğun şəkildə yönləndirməyə çalışacaqlar. Amerikanın yeni prezidenti Donald Trampın hansı mövqe sərgiləyəcəyi hələlik bəlli deyil. O Suriya problemini Barak Obamanın hakimiyyəti dövründə olduğu kimi prioritet kimi görməsə, şübhəsiz ki, bu məsələ Rusiyanın istəklərinə uyğun şəkildə davam edəcək”.

Qeyd edək ki, Suriya ilə bağlı görüşün keçirilməsi planlaşdırılan Astanada İran, Türkiyə və Rusiya nümayəndə heyətləri arasında ilkin görüşlər keçirilib.

Aysel Aslan