Bu, “onlayn” media üçün yeni imkan deməkdir

Sayt rəhbərləri internet mediaya dövlət dəstəyini müsbət qiymətləndirirlər


Bu ildən sonra dövlət onlayn medianın da inkişafına xüsusi diqqət ayıracaq. Prezident İlham Əliyev "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqrama əsasən Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2016-2020-ci illərdə onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsini təmin etməlidir.

Yeni təsdiqlənmiş dövlət proqramında nəzərdə tutulan fəaliyyətlər 7 bölmədə ifadə olunub. Bütün fəaliyyətlər informasiya texnologiyalarının inkişaf etdirilməsi ilə bağlıdır.”İKT infrastrukturu və xidmətləri” bölməsində əsas diqqət çəkən fəaliyyət vətəndaşların internetə çatım hüququ ilə bağlıdır. Proqramda genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi nəzərdə tutulub. Bu fəaliyyət 2017-18-ci illərdə reallaşdırılmalıdır.

Bundan başqa, telekommunikasiya və informasiya infrastrukturunun daha da inkişaf etdirilməsi, rəqəmsal televiziya yayımına keçidin başa çatdırılması, analoq yayımın dayandırılması nəzərdə tutulub.

"Yüksək texnologiyalar sektorunun inkişafı” bölümündə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi əksini tapıb.

Sənədə əsasən İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması layihələrinə dəstək göstərilməlidir. İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes münasibətlərinin hüquqi təkmilləşdirilməsi, habelə bu sahədə biznes fəaliyyətinin təşviqi də nəzərdə tutulur. Digər bölmələrdə genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması, təhsilin bütün pillələrində informatikanın tədrisi üzrə

təkliflərin hazırlanıb, həyata keçirilməsi əksini tapıb. Elektron səhiyyə sisteminin formalaşdırılması istiqamətində tədbirlərin görülməsi də dövlət proqramına daxil edilib. Belə xidmətlərdən daha rahat istifadə etmək məqsədi ilə vətəndaşların İKT biliklərinin artırılması da nəzərdə tutulur. Milli kontentin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlər dövlət proqramında ayrıca bölmədə əksini tapıb. Həmin bölməyə görə, onlayn medianın inkişaf etdirilməsindən ötrü 2016-20-ci illərdə tədbirlər görülməlidir.

Sözügedən sərəncamdan media nümayəndələrinin gözləntilərinə gəldikdə isə onlar Prezidentin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın internet medianın inkişafı üçün böyük perspektiv açdığını qeyd ediblər. Baş redaktorların hesabınca, bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək.

Azvision.az portalının baş redaktoru Vüsal Məmmədov Dövlət Proqramında nəzərdə tutulan məsələlərin əslində çox geniş sahələri əhatə etdiyini deyib: "Söhbət ondan gedir ki, informasiya cəmiyyəti texnokrat bir cəmiyyət modelidir. Və bu modelə keçid üçün müəyyən texnoloji səviyyə tələb olunur. Dövlət Proqramında nəzərdə tutulan işlər həmin səviyyəni yaradacaq. Bu gün bizdə "internet” deyiləndə əsasən "onlayn” media, sosial şəbəkələr, ünsiyyət proqramları və qismən "onlayn” biznes nəzərdə tutulur. Halbuki, müasir dünyada internet daha geniş sahələrdə tətbiq olunur. İKT sahəsində qurulan firmalar və biznes "start-up”ları Qərb ölkələrində ÜDM-nin sanballı hissəsini verir. Keçid etdiyimiz postneft dövrü iqtisadiyyatı üçün ciddi bir istiqamətdir. Azərbaycanda internetin keyfiyyətində qüsurlar var, kənd yerləri isə şəbəkələrə qoşulma sarıdan şəhərdən çox geri qalır. Qarşıdakı 5-6 il ərzində bu məsələnin həllini tapması ölkə əhalisinin daha çox hissəsinin internetə çıxışını təmin edəcək. Bu, "onlayn” media üçün yeni imkan deməkdir. Çünki internetə daxil olmayan insan "onlayn” media üçün yox sayılır. Yalnız internetə qoşulan insan bizim potensial oxucumuz ola bilər. Və əgər insanların internetə qoşulması çoxalır, asanlaşır, ucuzlaşırsa, demək, o,”onlayn” medianın öz oxucu əhatəsini genişləndirməsi üçün ciddi şans yaranır. Düzdür, bu gün də faiz göstəricisi olaraq Azərbaycanda internetə çıxışı olan insanlar kifayət qədərdir. Amma hansısa kənddə "meqabayt” alıb, telefonla internetə girən adam "onlayn” medianın oxucusu deyil. Onun evində internetə qoşulmuş modemin mövcudluğu isə vəziyyəti dəyişəcək. Düşünürəm ki, bu səbəbdən, qarşıdakı 4-5 ildə saytların oxucu bazası xeyli arta bilər”.

"Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev:

- Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın giriş hissəsində də qeyd olunduğu kimi, Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Dövlət Proqramı ölkədə informasiya ilə bağlılığı olan bir çox sahələri əhatə edir. Bizim üçün daha maraqlı və əhəmiyyətlisi isə təbii ki, onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsinin nəzərdə tutulmasıdır. Sevindirici haldır ki, bu işdə Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da digər mərkəzi İcra hakimiyyəti orqanları ilə əməkdaşlıq edəcək. Təbii ki, gözləntilərimiz böyükdür, əsas diqqət kəmiyyət deyil, keyfiyyətə yönəldilməlidir. Çünki hazırda bu sahədə çox ciddi problemlər yaşayırıq və düşünürük ki, qarşıdakı dörd il ərzində Dövlət Proqramının həyata keçirilməsi ilə onlayn medianın inkişafına zəmin yaradılsın. Xüsusən də informasiya təhlükəsizliyi məsələlərində onlayn medianın yeri müəyyənləşdirilməlidir. Təəssüf ki, müstəqilliyin ilk illərindən 2014-cü ilin avqustuna qədər biz informasiya təhlükəsizliyi məsələsinə bir o qədər də ciddi diqqət etməmişik. Əlbəttə, informasiyanın qorunmasına ilk növbədə dövlət və informasiya sahibləri cavabdehdirlər. Bu məsələdə dövlətin işi müasir İKT-dən istifadə etmək, informasiya sahiblərinin isə daha etibarlı proqram təminatı ilə təhlükəsizliyi qarantiya almalarıdır. Onlayn medianın da öhdəlikləri var, biz onları yerinə yetirməyə borcluyuq. Düşünürəm ki, sərəncam bütünlükdə onlayn medianın inkişafına xidmət edəcək.

Report.az informasiya agentliyinin rəhbəri Murad Alıyev isə Azərbaycanda İKT-in inkişafının göz önündə olduğunu və bu inkişafın hər il artdığını vurğulayıb: "Bu inkişafın lokomotivi kimi bundan əvvəl qəbul olunmuş analoji dövlət proqramlarını qeyd etmək olar. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” da öz növbəsində cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsinə şərait yaradacaq. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın öz peykinin orbitə buraxılması ölkə iqtisadiyyatının telekommunikasiya xidmətlərinə olan ehtiyacının ödənilməsi, həmin infrastrukturun inkişaf etdirilməsi baxımından əhmiyyətli rol oynayır. Sənəddə də qeyd olunduğu kimi, Dövlət Proqramının məqsədi ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsidir. Əlbəttə ki, İKT sahəsində həyata keçirilən bu işlər internet medianın da inkişafına şərait yaradacaq. Artıq son illərdə cəmiyyətin əsas məlumat aldığı mənbə kimi internet resurslar çıxış edirlər. Və bu göstərici ilbəil artır. Ölkə üzrə internetə çıxış imkanının faiz etibarı ilə artması ölkənin ən ucqar yerində qalan vətəndaşlarımızın da ölkədə və dünyada baş verən hadisələrdən xəbərdar olmağa şərait yaradır. Məhz bu şəraitdə internet media gərgin rəqabət şəraitində daha keyfiyyətli məhsul təqdim etmək məcburiyyətində qalacaq, dünyada baş verən müsbət tendensiyaları öz internet resurslarına daşıyacaq”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xocanın sözlərinə görə, Prezident İlham Əliyev hər zaman ölkədə İKT-nin inkişafına çalışır və bu sahədə çoxlu sayda sənədlər imzalayıb: "Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə sərəncam da bu siyasətin davamıdır. Məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycanda media heç bir vaxt olmadığı qədər sürətlə inkişaf edir, bütün ölkə yüksək sürətli internetlə təmin olunub, İKT sahəsində inanılmaz işlər görülüb və bu gün də davam etdirilir. Hesab edirəm ki, Dövlət proqramının hazırlanması və təsdiq edilməsi tam zamanında baş tutmuş bir hadisədir və bunun ölkəmiz üçün böyük faydası olacaq. Bu Proqramda onlayn medianın inkişafı üçün tədbirlərin görülməsi xüsusi qeyd olunub və düşünürəm ki, bu Proqramın həyata keçirilməsi sayəsində Azərbaycanda onlayn media daha da inkişaf edəcək”.

Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb