Bu şəhərdə İNTİHAR səssiz gəzir

Amma əksəriyyət “İnam” telefonlarından xəbərsizdir Fərqanə Mehmanqızı: “Qaynar xətt”lərin nömrəsini heç mən bilmirəm, o ki uşaqlar olsun, yaxud şəhər sakini. Harada bu haqda deyilir, elan verilir?”
Orxan Oruc: “İnam” telefonları terapiya vasitəsi deyil. Bu yalnız ilkin yardım, düzgün yönləndirmə vasitəsidir”



İntihar hadisəsi baş verdikdə çoxumuz "bu adamın yaxını, doğması olmayıb ki, əlindən tutsun, fikrindən daşındırsın, dərdini danışmağa adam tapmayıb?!” deyə düşünürük. Əslində isə, həqiqətən də, bəzən insanlar dərdini bölüşməyə adam tapmadıqda, problemlər içində tək-tənha qaldıqda, çıxış yolu, nicat yolu görmədikdə son vasitə kimi intiharı seçirlər.

İnsanın dar günündə köməyinə çatacaq birisinə ehtiyacı var, həmişə. Avropa ölkələrində "Etimad”, "İnam” telefonları kimi sosial yardım mərkəzləri mövcuddur. Belə mərkəzlər adətən çətin vəziyyətə düşmüş insanlara kömək etməyə çalışırlar. Müxtəlif vasitələrlə - mənəvi, maddi, psixoloji.


Bizdə də oxşar mərkəzlər fəaliyyət göstərir. Sadəcə, problem həm, bu sayaq mərkəzlərin, əhalinin sayına nisbətdə azlığı, həm də mərkəzlər haqqında əhalinin məlumatsız olmasıdır. Azərbaycan Psixiatriya Mərkəzinin prezidenti, professor Nadir İsmayılov bu günlərdə "İnam” telefonu barədə danışıb. Mərkəz rəhbəri deyib ki, psixi xəstələrin intiharlarının qarşısının alınması üçün bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. Onlardan biri də "İnam” telefonunun fəaliyyət göstərməsidir. Lakin bu məsələdə çatışmayan cəhət "İnam” telefonunun günün yalnız müəyyən saatlarında aktiv olmasıdır. Bu da ayrılan maliyyənin azlığı səbəbindən lazımi sayda əməkdaşların işə cəlb edilə bilməməsidir. "Təəssüf ki, biz bu işi təşkil edə bilmirik. Onu təşkil etmək üçün kadrlar lazımdır. Çoxlu məbləğdə vəsait tələb olunur. Bu qəbildən olan intiharların qarşısını almaq üçün mütləq "İnam” telefonu olmalıdır”.

Xatırladaq ki, bir müddət əvvəl Finlandiyanın paytaxtı Helsinkidə psixoloji yardım mərkəzi yaradılması barədə xəbər verilmişdi. Xəbərdə bildirilirdi ki, məqsəd intihara meyilli insanlara, özünə qəsd edən və ya buna cəhd edənlərə psixoloji yardım göstərməkdir. Ən əsası mərkəzin tam ödənişsiz xidmət göstərəcəyi vurğulanırdı və qeyd olunurdu ki, maliyyələşməni sosial və səhiyyə sahələri təşkilatlarına Dəstək Mərkəzi həyata keçirəcək. Finlandiyada ötən illər ərzində intihar statistikası yüksəldiyindən ödənişsiz psixi yardım mərkəzinin yaradılması ilə intiharların önlənəcəyi düşünülür.
Bizdə də xeyli sayda psixoloji yardım mərkəzləri var. Lakin məhz ödənişli olmaları səbəbindən insanlar çox zaman bu mərkəzlərə müraciət edə bilmir. Bu mənada "İnam” telefonları intiharların qarşısının alınmasında həqiqətən də effektiv ola bilərmi?

İntihara meyilli cəmiyyət istəmiriksə...

Psixoloq Fərqanə Mehmanqızı "Şərq”ə açıqlamasında Finlandiya təcrübəsinin böyük əhəmiyyət daşıdığını bildirdi:

- Əlbəttə, bu, çox yaxşı, təqdirolunası haldır. Bizdə də belə yardım mərkəzləri yaradılsa, xeyri olar. Mən həmişə problemin köklü həllinin tərəfdarı olmuşam. Fikrim budur ki, psixoloji yardımlara orta məktəblərdən başlanılsın. Əgər psixoloqlara məktəblərdə fəaliyyət göstərmək icazəsi verilsə, bunun çox böyük faydası olar. Psixoloqlar məktəblərdə təlim-treninqlər təşkil etməli, testlər keçirməlidir. Bilirsiz, təcrübə göstərir ki, təlim-treninqlər nəticəsində insanların dünyagörüşünü, intihar barədə düşüncələrini tamamilə dəyişmək mümkündür. 

Xüsusilə də bu, azyaşlılara, yeniyetmələrə münasibətdə vacibdir. Son zamanlar azyaşlılar, yeniyetmələr, gənclərlə bağlı intihar xəbərləri alırıq. Amma orta məktəblərdə uşaqlarla təlimlər keçilsə, şagirdlər testlərə cəlb olunsalar, onların psixi-mənəvi durumu haqqında aydın təsəvvür yaranacaq. Uşaq və yeniyetmələrin psixoloji yardıma xüsusilə ehtiyacları var. Çünki valideynləri onları psixoloqların yanına aparmır, özləri də getmir. Hələ də bizim cəmiyyətdə bu fikir möhkəmdir ki, psixoloq yanına gedən psixi xəstədir, "dəlidir”. Halbuki, hər bir insan ən müxtəlif səbəblərdən, yaşadığı hansısa sarsıntıdan depressiyaya düşə, psixoloji problemlə üz-üzə qala bilər. Cəmiyyətdəki stresslər intihara meyilliliyə gətirib çıxarır. Bu da özünü intihar statistikalarında göstərir. İntihara meyilli cəmiyyət istəmiriksə, psixoloji yardımların təşkil olunmasına çalışmalıyıq.

Əhali xəbərsizdir

F.Mehmanqızı bildirdi ki, istər psixoloji yardımlarla bağlı, istərsə də "Qaynar xətt”lə bağlı ictimaiyyət arasında güclü təbliğat işi aparılmalıdır:

- "Qaynar xətt”lərin nömrəsini heç mən bilmirəm, o ki uşaqlar olsun, yaxud şəhər sakini. Harada bu haqda deyilir, elan verilir? Bir-iki sosial reklamla uşaq və yeniyetmələrin "Qaynar xətt” barədə məlumatlı olacağını düşünürlərsə, yanılırlar. Bununla bağlı hərtərəfli, geniş maarifləndirmə və təbliğat aparılmalıdır. Amma bu sahədə piar çox zəifdir. Avropada psixoloqlara böyük ehtiyac var. Çünki orada bir insan ailəsi ilə, yaxud rəfiqəsi ilə hansısa problemdən danışmağa başlayırsa, dərhal ona psixoloqa müraciət etməyi məsləhət görürlər. 

Bizdə isə "güzəran psixologiyası” inkişaf edib. Bizim camaat dərdini, problemini anasıyla, valideynləri ilə, bacısıyla bölüşür, amma onların ağlına da gəlmir ki, bu adamı psixoloqa yönləndirsinlər. Adam danışır-danışır, o birisi də dinləyir, bununla da iş bitir. Və bəzən biz bu sıxıntıların sonra intiharla nəticələndiyini görürük. Amma o adamlar sıxıntısı olan adamı psixoloqa yönləndirsələr, faciələrin qarşısını almaq olar. İndiki zamanda psixoloqlardan qaçmaq lazım deyil, əksinə, onlardan yardım almaq lazımdır. Və bu halda əlbəttə, bizdə də ödənişsiz psixoloji yardım mərkəzlərinin olması və bu barədə geniş informasiyaların verilməsinə ehtiyac var.

"İnam” telefonları lazımi səviyyədə populyarlıq qazana bilməyib

Psixoloq Orxan Oruc da bu fikirdədir ki, "İnam”, "Etimad” telefonları Bakı kimi böyük şəhər üçün vacibdir:

- Əksər böyük şəhərlərdə bu cür "Qaynar xətt”lər mövcuddur. Sosioloji, psixoloji problemi olan insanlar bu "Qaynar xətt”lərə müraciət edir. Adını hər cür qoymaq olar - "İnam”, "Etibar”, "Etimad” və sairə. Əsas odur ki, əhali bundan xəbərdar olsun, hər hansı problemlə üzləşdikdə, çıxılmaz vəziyyətdə qaldıqda müraciət edəcəyi bir ünvanın, zəng edə biləcəyi bir telefon nömrəsinin olduğunu bilsin. Bəli, bizdə də belə "İnam” telefonları fəaliyyət göstərir. Lakin lazımi səviyyədə populyarlıq qazana bilməyib. İnsanlar bundan xəbərsizdirlər. Məsələn, pilot layihə həyata keçirilir, maksimum 10 nəfər iştirak edir. 9 milyonluq ölkə üçün bu, çox kiçik rəqəmdir. Səbəb də budur ki, belə sosial layihələrə yetərincə maddi dəstək lazımdır, lakin maliyyə imkanları kiçik olduğundan layihələrin əhatə dairəsi dar olur, geniş ictimaiyyəti əhatələyə bilmir. Lakin əhali bunu da bilməlidir ki, "İnam” telefonları terapiya vasitəsi deyil. Bu yalnız ilkin yardım, düzgün yönləndirmə vasitəsidir.

"Məni eşidən varmı?”

Psixoloq bildirdi ki, bəzən insanın sadəcə kiminsə onu dinləməsinə ehtiyacı olur:

- İntiharların bir səbəbi də insanın dərdini danışmağa, paylaşmağa, məsləhət almağa bir kimsə tapmamasıdır. İnsan bəzən sadəcə, kiminsə onu dinləməsini istəyir. "İnam” telefonları bu mənada çox vacibdir. 

Əgər bu tip "Qaynar xətt” telefonları fəaliyyət göstərən sosioloji-psixoloji yardım mərkəzləri çox olarsa və insanlar da onlar barədə məlumatlı olarsa, faciələri daha tez önləyə bilərik. Bu mərkəzlərdə əlbəttə, ixtisaslı kadrlar, mütəxəssislər çalışmalıdır və ora müraciət edən, zəng edən insanlara düzgün istiqamət verməli, qarşısı alınmaz, geri dönülməsi mümkün olmayacaq vasitələrə əl atmaqdan çəkindirməyi bacarmalıdırlar. 

"Qaynar xətt”lərdə zəng üçün növbələr olmamalıdır. Çünki problemli insanın telefon zənginə cavab verilmirsə və ya telefon uzun müddət "məşğul” göstərirsə, bunun özü həmin insanın daha da aqressivləşməsinə və aqressiv addımlar atmasına səbəb ola bilər. Sistem elə qurulmalıdır ki, zəng edən insan növbə gözləməsin, zənginə tez cavab verilsin. Başqa bir problem əhalinin "İnam” telefonlarından xəbərsiz olmasıdır. Bu barədə geniş kütlələr məlumatlı olsun deyə, sosial reklamlara ehtiyac var. 

Sosial mediada, televiziyada, ictimai yerlərdə, əhalinin sıx toplaşdığı, ən çox istifadə etdiyi məkanlarda, ictimai nəqliyyatda "İnam” telefonları barədə məlumat verilməlidir. Sosial reklamların, şəhərdə yerləşdirilən sosial plakatların məzmunu, görüntüsü də vacibdir. Məsələn, mən narkomaniya əleyhinə sosial reklamlara diqqət etmişəm. Bu sosial reklamların heç də hamısı qarşıya qoyulan məqsədə xidmət üçün yetərli deyil. Bəzi sosial reklamlarda narkotik vasitədən istifadə edən adam təsviri var. Belə hesab edirəm ki, bu cür yanaşma əksinə, mənfi təbliğat vasitəsi rolu oynaya bilər. Sosial afişalara psixoloq baxışı, psixoloq rəyi mütləq olmalıdır. Çünki bəzən məqsəd xeyirxah olsa da, onu çatdırmaq vasitəsi qüsurlu olur, bu da əks təsir verir.

Məlahət Rzayeva