Üstün zəkalı uşaqlarla bağlı təəccüblü fakt - Ev heyvanları stressi azaldır

Üstün zəkalı uşaqların ev heyvanları ilə qurduğu münasibət onların sosial və emosional inkişafına müsbət təsir göstərir, stress səviyyəsini azaltmağa və sosial əlaqələri asanlaşdırmağa kömək edir.

Sherg.az xəbər verir ki, uşaq və yeniyetmə psixiatriya mütəxəssisi dosent doktor Songül Derinin sözlərinə görə, ev heyvanlarının üstün potensiallı uşaqlara təsirini birbaşa araşdıran elmi tədqiqatlar hələ məhduddur. Buna görə mövcud nəticələrin böyük hissəsi uşaqlarda insan-heyvan münasibətləri ilə bağlı ümumi araşdırmalara əsaslanır.

Mütəxəssis bildirib ki, ev heyvanının uşağın qiymətləri, zəka səviyyəsi və ya uğurları ilə maraqlanmaması onun özünü yaşıdlarından “fərqli” hiss etdiyi hallarda rahat və mühakimə olunmadığı münasibət mühiti yaradır. Həmçinin itlə parka çıxmaq kimi fəaliyyətlər uşağın digər uşaqlarla ünsiyyət qurmasını asanlaşdırır.

Araşdırmalara əsasən, heyvanlarla qarşılıqlı əlaqə bəzi uşaqlarda stresslə əlaqəli fizioloji göstəricilərə təsir edir. Xüsusilə bəzi tədqiqatlarda heyvanlarla ünsiyyətdən sonra kortizol səviyyəsinin azaldığı müşahidə olunub. Bununla belə, mütəxəssis bu təsirin hər uşaqda eyni olmadığını vurğulayıb.

Heyvanla yaşamaq uşaqlara başqa bir canlının ehtiyaclarını nəzərə almağı, onun davranışlarını və bədən dilini müşahidə etməyi də öyrədir. Bu proses sosial və emosional bacarıqların inkişafı üçün təbii öyrənmə imkanları yaradır.

Bununla belə, mütəxəssis ev heyvanını “terapiya” və ya psixoloji problemləri həll edən vasitə kimi qiymətləndirməyin düzgün olmadığını bildirib. Bundan əlavə, bəzi uşaqlar heyvanların tüklərinə, qoxusuna, səsinə və toxunuşuna həssas olur. Bu səbəbdən ev heyvanı seçilərkən həm uşağın xüsusiyyətləri, həm də heyvanın xarakteri və ona qulluq imkanları nəzərə alınmalıdır.

Mütəxəssisin fikrincə, uyğun şəraitdə ev heyvanı üstün potensiallı uşağın yargılanmadan münasibət qura biləcəyi, başqa bir canlının ehtiyaclarını anlayacağı və məsuliyyət daşımağı öyrənəcəyi xüsusi dostluq mühiti yaradır. Lakin bunun bütün uşaqlar üçün universal həll olmadığını nəzərə almaq vacibdir.