İsveçrənin "Bazel" klubu baş məşqçisi Stefan Lixtştaynerlə yollarını ayırıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna komandanın çempionatdakı uğursuz nəticələri səbəb olub.
Çempionatda keçirilən 7 turdan və evdəki iki ardıcıl məğlubiyyətdən sonra rəhbərlik komandanın oyununda gözlənilən inkişafın olmaması üzündən mütəxəssislə əməkdaşlığı dayandırmaq qərarına gəlib. Yeni baş məşqçi təyinatına qədər komandaya müvəqqəti olaraq assistent Luici Noçentini rəhbərlik edəcək.
S.Lixtştaynerlə birlikdə köməkçi məşqçi Mario Kantaluppi də kollektivdən ayrılıb.
Klubun İdarə Heyətinin sədri David Degen ötən mövsümün ikinci yarısındakı uğursuzluğa baxmayaraq, baş məşqçiyə etimad göstərdiklərini, lakin son həftələrdə komandada müsbət dinamika görünmədiyi üçün bu addımı atdıqlarını qeyd edib.