Bu, sevgi deyil, xəstəlikdir

Boşandığı qadına əl qaldıran kişilərin ya ciddi psixoloji problemi olur, ya da həddindən artıq aciz və özgüvənsizdirlər
"Bu qədər maarifləndirmənin sonunda hələ də kütlənin qısqanclıqla psixopatlığı ayırd edə bilməməsi məni dəhşətə gətirir"



Ailə-məişət münaqişəsi zəminində baş verən cinayət hadisələri arasında boşanmış qadınların qətlə yetirilməsi adi hala çevrilib. Addımbaşı həyat yoldaşları tərəfindən fiziki, mənəvi və psixoloji işgəncələrə məruz qalan qadınlara çıxış yolu olaraq boşanmağı tövsiyə edirlər. Əslində isə bu da çıxış yolu deyilmiş. Artıq boşanmaların da nəticəsi faciəvi olur. Təəssüf ki, son illərdə boşanmış cütlüklər arasında təqib, qətl və cinayət halları "ənənə” halını almağa başlayıb. Cütlüklər boşandıqdan sonra belə, keçmiş ərləri qadınların həyatına müdaxilə etməkdən əl çəkmir. Qeyd edək ki, keçmiş həyat yoldaşı tərəfindən amansızca qətlə yetirilən növbəti qurban 24 yaşlı Səriyyə Abdullayeva olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, S.Abdullayeva Xətai rayonunda yaşadığı mənzildə Hövsan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Abdullayev tərəfindən münaqişə zəminində bıçaqla qətlə yetirilib.

Təxirəsalınmaz tədbirlərlə qəsdən adam öldürməkdə şübhəli bilinən İ.Abdullayev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Maraqlıdır, keçmiş həyat yoldaşı üzərində heç bir mənəvi öhdəlikləri olmadığı halda kişi hansı səbəbdən həyat yoldaşının canına qıyır? Belə hallar mental məsələlərdən, yoxsa psixoloji sarsıntılardan irəli gəlir?

Psixoloq Vəfa Rəşidova "Şərq”ə verdiyi açıqlamada deyib ki, əvvəllər Azərbaycanda boşanmış qadınlara münasibət birmənalı olaraq neqativ idi. O illərə nisbətən boşanmış qadınlara qarşı münasibət dəyişsə də, bizdə boşanma mədəniyyəti hələ də formalaşmayıb.

Sadəcə, Azərbaycanda deyil, əksər ölkələrdə bu cür və ya bənzər cinayət faktları, qadınlara qarşı zorakılıq hallarının baş verdiyini vurğulayan V.Rəşidova əvvəllər də qadınlara qarşı şiddət, zorakılıq hallarının mövcud olduğunu deyib.
 Psixoloq bildirib ki, qətl hadisələrinə nadir hallarda rast gəlmək mümkün idi. Son illər isə ölümlə nəticələnən ailə-məişət münaqişələrinə həddindən artıq çox rast gəlirik.

 Bu isə kütlənin yanaşması ilə daha çox bağlıdır. Ona görə də, boşanma mədəniyyətinin formalaşmasından danışmaq əbəsdir. Baxın, hansı ailədə münaqişə baş versə, kişi qadını döysə və ya öldürsə, cəmiyyət olaraq qadını günahkar çıxarırıq: "Arvad özünü yaxşı aparsa, əri öldürməzdi”, "Kim bilir qadın nə edib ki, əri məcbur qalıb başını kəsib”, "Yəqin qadın əxlaqsız imiş, əcəb edib öldürüb”. İnsanların bu yanaşması fonunda niyə də qətllərin sayı artmasın ki? Problemin kökü cəmiyyətdə olan çatışmazlıqlara dayanır. Çox az hallarda olur ki, arvadını öldürən kişini qınasınlar, onun psixi problemli xəstə olduğunu qəbul etsinlər. Hətta bizim insanlarımıza görə, arvadını öldürən kişiləri məhkəmə zalından azad etmək daha ədalətli qərar olar. Arvadını öldürən kişilər cəmiyyətə qatil kimi təqdim olunmaq əvəzinə, "qəhrəman” kimi sırınıb. Başa düşə bilmirəm ki, qadınlara qarşı bu qədər aqressiyanın səbəbi nədir? Qadınını öldürüb həbsə atılan kişilərə həbsxanada belə "namus”, "qeyrət” üstündə tutulduğuna görə "hörmət” edirlər. Nə namus? Nə qeyrət? Başa düşə bilmirlər ki, ancaq ruhi xəstəliyi olan bir insan həyat yoldaşını öldürə bilər. Biz bu gerçəkliyi cəmiyyətə aşılaya bilmədiyimiz üçün namus "keşikçiləri"nin sayı sürətlə artır”.

Kişilərin ayrıldıqları qadına qarşı amansız cinayətlər törətməsinin səbəblərinə gəldikdə isə psixoloq onların öz xoşu ilə boşanmadıqlarını deyib: 

"Ərinin zorakılığından, təhqirindən bezən qadın son çarəni boşanmada görür və həyatına tək davam etmək istəyir. Kişilər isə öz daxillərində bu ayrılıqla barışa bilmirlər. Bu, sevgi deyil, xəstəlikdir. Bu qədər maarifləndirmənin sonunda hələ də kütlənin qısqanclıqla psixopatlığı ayırd edə bilməməsi məni dəhşətə gətirir. Qadına əl qaldıran kişilərin ya ciddi psixi problemi olur, ya da həddindən artıq aciz və özgüvənsizdirlər. Normal düşüncə sahibi olan kişi nəinki öz həyat yoldaşını, heç yad bir qadını da öldürməz. Biz cinayət törədən insanlarla söhbət edərkən onların bu hadisəni törədən zaman affekt vəziyyətində olduğunu müşahidə edirik. Sağlam təfəkkür sahibi heç bir kişi ayrıldığı qadını qısqanmaz, onun həyatına müdaxilə edərək, davranışlarına, gedib-gəldiyi yerlərə nəzarət etməz. Ən vacibi isə həmin qadından onunla cinsi əlaqədə olmağı tələb etməz. Ruhi xəstəliyi olan insanlar bu cür absurd fikirlərə düşə bilər. Bu insanların cinayətinə haqq qazandırmaq əvəzinə onların müalicəsinə nail olmaq lazımdır. Psixi pozuntusu olan insan "əsəbləri pozulub" deyib rahat buraxmaq olmaz”.

P.S. Qanunvericiliyin tələbinə görə, keçmiş ər-arvadın bir-birinin digəri üzərində hər hansı hüququ yoxdur və mənəvi öhdəlikləri də nikahın pozulması ilə aradan qalxır. Yalnız müəyyən edilmiş hallarda, keçmiş ərin arvadını, həmçinin də arvadın ərini maddi cəhətdən saxlamaq, aliment vermək vəzifəsi vardır. Nikahın pozulması ailənin saxlanmasının mümkün olmaması ilə əlaqədar olduğundan, artıq pozulmuş nikah üzrə keçmiş ər-arvad ailə üzvləri sayılmırlar. Ona görə də onların arasında ailə münasibətlərindən irəli gələn qarşılıqlı hörmət, ehtiram öhdəlikləri də aradan qalxır.

Şəymən