"Paytaxtda tıxaclar təkcə avtomobil çoxluğu səbəbindən deyil. Yol infrasturkturu düzgün qurularsa tıxac problemini minimum həddə çatdırmaq olar. Məsələn, paytaxtın Hüseyn Cavid prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki sfetafor Mətbuat prospektindən üzü aşağı – H.Cavid prospektinə doğru hərəkət edən avtomobillər üçün cəmi 23-24 saniyə yaşıl işıq yandırır. 1 dəqiqəyə yaxın isə prospektdəki avtomobillər üçün yaşıl işıq yandırır. Bəli, deyəcəksiz, H. Cavid prospekti ana yoldur, əsas hərəkət yoludur. Olsun. Amma nəzərə almaq olmaz ki, yollarda avtomobillırin sayı o sfetafor rada quraşdırılandan bu günədək xeyli artıb, həmin yolla ictimai nəqliyyat da hərəkət edir, üstəlik, ali təhsil müəssisələrinin çıxış-girişləri də var, Apellyasiya Məhkəməsinin binası var, oradan da işçilər saat 17-18 arası işdən çıxır, üstəlik, küçə ilə prospektin kəsişməsində zebra – piyada keçidi də var ki, avtomobillər, avtobus onlara da yol verir, yaşıl işıq yansa da. Daha bir üstəlik – Ayna Sultanova küçəsindən daha bir yol da prospektə çıxır, burada da avtomobillər bir-birinə yol verməli olur. Nəticədə 23 saniyəlik “yaşıl işıq” artıq sönür, qırmızıya keçir, avtomobillər yenə növbəti “yaşıl”ı gözləməli olur. Yolun hər iki tərəfinin parklanma yeri olduğunu və hərəkət üçün yalnız 1 zolaq qaldığını da bura əlavə etsək, mənzərə aydındır. Pik saatlarda bu yolda uzun tıxac əmələ gəlir. Avtobuslar prospektə bəlkə 15-20 dəqiqəyə keçid edə bilirlər. Günəşli qəsəbəsində də eyni hal var. “Qartal” heykəlinin qarşısından Babək prospektinə keçiddə ana yoldakılar üçün sfetafor daha çox “yaşıl” yandırır, nəinki, belə deyək, ikinci dərəcəli yoldakılar üçün. Bu, yəqin ki yol hərəkəti qaydalarına uyğundur, lakin real zaman nəzərə alınmalıdır. Avtomobllərin sayı son illərdə o qədər artıb ki “ana yol”, əsas, yardımçı yol anlayışı itib. Bütün küçələrdə sıxlıqdır. Dünyanın bir sıra şəhərlərində bu problemin həllini tapıblar. Sfetaforların köməyi ilə nəqliyyat və piyada axınlarını real vəziyyətə uyğunlaşdıraraq"
Bu barədə nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev məlumat verib.
Mütəxəssis Kiyev şəhərində tətbiq ediləcək yeniliklər barədə danışıb:
- Kiyevdə “Minsk meydanı”nda 4 yeni svetofor qurğusu mərhələli şəkildə quraşdırılacaq və onlar vahid svetofor idarəetmə sistemi kimi fəaliyyət göstərəcək. Sistem nəqliyyat və piyada axınlarını video detektorlarla izləyəcək, svetoforların işini real vəziyyətə uyğun tənzimləyəcək. Piyada keçidlərində görmə məhdudiyyətli şəxslər üçün səsli bələdçi və çağırış düymələri, elektrik kəsintilərinə qarşı isə ehtiyat enerji təchizatı nəzərdə tutulur. Bu nümunənin Bakı üçün də əhəmiyyəti böyükdür. Bakıda da yüksək intensivlikli ərazilərdə yanaşma dəyişməlidir: hər kəsişməyə ayrıca svetofor kimi deyil, vahid nəqliyyat sistemi kimi baxmaq lazımdır. Xüsusilə metro stansiyaları, iri piyada axınları və bir neçə kəsişmənin bir-birinə yaxın olduğu ərazilərdə adaptiv svetofor idarəetməsi həm tıxacın, həm də gözləmə müddətinin azalmasına, piyada təhlükəsizliyinin artmasına imkan verə bilər. Bakının gələcək svetofor sistemi sadəcə “qırmızı–sarı–yaşıl” rejimində işləməməli, şəhərin nəqliyyat və piyada axını vəziyyətinə real vaxtda reaksiya verməlidir.