“Bundan oxuyan çıxmaz” deyib şagirdləri bədbəxt edirlər"




"Yazmağı, oxumağı bacarmayan şagird 9-cu sinfə qədər necə gəlib?”.

Bunu Sherg.az-a ötən il Azərbaycanda keçirilən buraxılış imtahanları nəticəsində 9 və 11-ci siniflər üzrə bəzi şagirdlərin yazıb-oxumağı bacarmadığı haqqında məlumatlara münasibət bildirərkən Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, saxta qiymətləndirmə ilə onlar imtahanlardan keçirilir:

"Bu uşağı yola salaq”, "Məktəbdə saxlamayaq”, "Bundan oxuyan çıxmaz” fikri ilə müxtəlif qiymətlər yazılır. Bu kimi fikirlərlə uşaqlar yuxarı siniflərə çatırlar. Qəribə budur ki, belə vəziyyət ilbəil azalmaq əvəzinə daha da çoxalır. Məktəblərin siyahısı göstərilməlidir ki, hansı məktəblərdə şagirdlər bədbəxt hala gətirilib. Hansı zamandır ki, bu uşaqlar bilik öyrənmək bir tərəfə yazıb-oxumağı bacarmırlar. Bu uşaqların sabah, birisi gün ordu sıralarına getməyi, ailələrinə məktub yazmağı, gələcəyi var. Şagirdləri niyə bədbəxt edirlər?

Yəqin ki, bu vəziyyətin tutarlı səbəbləri olmalıdır. Köklərini bilmədən deyə bilmərik ki, baş vermə səbəblərini deyə bilmərik. Uşaqların dərsə davamiyyətsizliyi, rayon, kənd məktəbidirsə, bu faktlar əsas ola bilər. İbtidai sinif müəllimlərinin laqeydliyi, tələbkarlığının olmamağı, valideynlərin nəzarətinin olmamağı kimi səbəblər həmin uşaqların bisavad olmasına səbəb olur. Bu faktlar sadalanır, amma onların səbəbinin, kökünün araşdırılması, məsul şəxslərin tapılması praktikada öz əksini tapmır. Praktikada öz nəticəsini tapmır. Ona görə də, faktlar çoxalır. Əsas məsələ odur ki, problemin kökündə duran nədir. Bu uşaqlar xəstədirmi? Onlar orta məktəb proqramını qavrayacaq şüura malik deyillərmi? Bəlkə belə hallar var. Bunlar xoşagəlməz, acınacaqlı hallardır. Belə işlərin artması da gözləniləndir. Vəziyyətin səbəbləri öyrənilməyəcəksə, məsul şəxslər dindirilməyəcəksə, bu hal baş alıb gedəcək”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi Abituriyent jurnalının 12-ci sayında, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta yazıb-oxumaqda çətinlik çəkənlər və ya ümumiyyətlə yazıb-oxumağı bacarmayanların aşkarlanması qeyd olunub. 11-ci sinif şagirdləri arasında 22 nəfər, 9-cu sinif şagirdləri arasında isə 69 nəfər belə şagird olub.

Aysel Aslan