Bunun adı vəhşilikdir

Qadına qarşı zorakılıq heç bir halda milli mentalitetlə əlaqələndirilməli deyil


Şirvanda hamilə qadın əri tərəfindən döyülüb. 1988-ci il Mədətov Elşad Nazim oğlu 7 aylıq hamilə olan həyat yoldaşı, 1996-cı il təvəllüdlü Ülviyyə Kərimovanı döyərək ona ağır xəsarətlər yetirib. Hadisədən sonra Ü.Kərimova Şirvan doğum evinə çatdırılıb. Vaxtından qabaq və xəsarətlərlə doğulan uşaq 10 dəqiqə sonra ölüb. Uşağın meyiti Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzinə müayinə olunmaq üçün təhvil verilib.

Eyni zamanda qadına qarşı zorakılıq hallarından biri də Goranboy rayonunda olub. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mehdiyeva Tünzalə Əhəd qızı ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən qadının vəziyyəti orta ağır qiymətləndirilir.

Baş verən hadisə sosial şəbəkələrdə də müzakirələr yaradıb. Xüsusilə gənclər belə halların mental dəyərlərə söykəndiyini deyiblər. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə "Şərq”ə açıqlamasında bildirib ki, baş verən zorakılıqlar kişilərin hegemonluğu, öz hikkəsini qadınlardan çıxarmaqdan başqa bir şey deyil.

Birlik sədrinin sözlərinə görə, qadına qarşı zorakılıq heç bir halda milli mentalitetlə əlaqələndirilməli deyil: 

"Əgər mental dəyərlərə söykənmək istəyirlərsə, o zaman bilməlidilər ki, Azərbaycan mentalitetində dünyaya uşaq gətirmək istəyən anaya böyük hörmət hissi var. İstənilən halda balasına görə hər şeydən imtina edən və bütün çətinliklərə fəda gələn atalar, analar var. Çox təəssüf edirəm ki, belə eybəcər şeyləri mentalitetə bağlamaq istəyirlər. Bu sadəcə olaraq vəhşilikdir. Hamilə qadına qarşı Azərbaycan mentalitetində elə bir hadisə yoxdur, bu, ermənilərdə var. Müharibə dövründə hamilə qadınlara qarşı o cür hərəkət ediblər. Hansısa kişinin hamilə qadınını döyərək uşağını ana bətnində öldürməsi heç bir mental dəyərə sığan məsələ deyil. Mənəvi, əxlaqi dəyərə söykənməyən, öz balasını ana bətnində öldürən "ata” övlad qatilidir”.

Yeganə Bayamova