“Buxov” Mərkəzi Bankın əlindədir
Nə qədər ki, neftin qiyməti indiki səviyyədədir, manatı təhlükə gözləmir
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanın valyuta ehtiyatlarının ilin sonunadək xeyli artacağı anonsunu verib. İlin əvvəlindən ehtiyatların 2,2 milyard dollar artdığını qeyd edən baş bankir deyib ki, ehtiyatlar qənaətlə istifadə edilir və dövlət büdcəsinə transfertlər azalıb, həmçinin, idxalın həcmi də azalıb. Ancaq son günlər dünya bazarlarında dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən cəmiyyət növbəti devalvasiya dalğasının yaşanacağından ehtiyat edir. Digər tərəfdən Rusiyaya qarşı sanksiyaların da Azərbaycan manatına təsirsiz ötüşməyəcəyi güman edilir.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı-ekspert Vüqar Bayramov valyuta ehtiyatlarının Dövlət Neft Fondunun aktivlərindən və Mərkəzi Bankın rezervlərindən ibarət olduğunu deyib. Onun sözlərinə görə, Neft Fondunun rezervlərində müşahidə edilən artım Fondun lazımsız xərclərinin ixtisar edilməsi, büdcəyə transferlərin optimallaşdırılması, fiskal konsolidasiyanın tətbiq edilməsi və dünya bazarında neftin qiymətinin stabilləşməsi ilə bağlıdır. Neft qiymətlərinin bahalaşması Neft Fondunun gəlirlərini artırıb ki, bunun fonunda da dövlət rezervləri artıb.
Mərkəzi Bankın valyuta ehtiyatlarının artması isə Bankın interversiyasının azalması ilə bağlıdır. Son vaxtlar manatın stabilləşməsi ilə əlaqədar MB Neft Fondu vəsaitlərinin hərraclarda satışını həyata keçirir. Bəzi hallarda isə bazarda alıcı funksiyasını da yerinə yetirir. Bütün bunlar da valyuta ehtiyatlarına birbaşa təsir göstərir.
V.Bayramov hesab edir ki, neftin dünya bazarındakı qiyməti qorunub saxlanılarsa, növbəti ildən dövlətin valyuta ehtiyatlarında daha da artım müşahidə ediləcək: "Hesab edirəm ki, neftin qiymətinin 70 dollar civarında dəyişməsi Azərbaycan iqtisadiyyatı üçün məqbul hesab edilir. MB valyuta ehtiyatları manatın məzənnəsindən də birbaşa asılı olacaq. Bank rəhbərliyi dollara tələbin artmasını optimallaşdıra bilsə, 2018-ci ilin sonuna qədər öz ehtiyatlarını daha da artırmaq imkanına sahib ola bilər”.
Ekspertin sözlərinə görə, son 3 ayda dollara tələbin artması müşahidə edilir ki, bu da manatın məzənnəsinə təzyiqi artıra bilər. Birinci rübdə fondun cəmi xarici valyuta satışı 1,310 milyard dollar olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65.1 faiz, yaxud 516.8 milyon ABŞ dolları çoxdur. Mart ayında isə 647 milyon dolları satılıb ki, əvvəlki ayla müqayisədə 78 faiz artım deməkdir. Xarici valyutaya tələbin artması valyutadəyişmə məntəqələrində də milli valyutanın kursunun cüzi olsa da azalmasına səbəb olub.
Əgər ilin əvvəlində banklar 1 dolları orta hesabla 1.69 manat kursu ilə alırdılarsa, indi alış məzənnəsi 1.7025-dək dəyişib. Rusiya və Türkiyədə milli valyutaların məzənnələri də psixoloji həddən aşağı düşüb. Artıq Rusiyada 1 dollar almaq üçün 60 rubldan, Türkiyədə isə 4 lirədən çox pul ödəmək lazımdır: "Proqnozlaşdırdığımız kimi, hər iki qonşumuz Qərb ölkələri ilə gərginliyə iqtisadi baxımdan duruş gətirməkdə çətinlik çəkirlər. Bütün bunlar ilə yanaşı, rublun məzənnəsinin necə dəyişməsi iqtisadi baxımdan bizim üçün də əhəmiyyətlidir”.
Növbəti aylarda da dollara tələbin artacağını proqnozlaşdıran iqtisadçıya görə, manata birbaşa təzyiqin olub-olmaması Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Çünki MB hələ də valyuta bazarında aparıcı mövqeyini qoruyub saxlayıb.
Azərbaycanın ümumi qeyri-neft ixracatının 36 faizinin məhz şimal qonşumuzun payına düşdüyünü qeyd edən V.Bayramov bildirib ki, rublun məzənnəsi qeyri-neft ixracatımıza birbaşa təsir göstərən faktorlardandır:
"Qeyri-neft sektorunda ikinci paya malik olan Türkiyədə də milli valyutanın ucuzlaşması bizim üçün arzuolunan deyil. Azərbaycanda büdcə xərcləmələri və eləcə idxalın artması fonunda dollara tələbin növbəti aylarda da artacağı gözlənilir. Azərbaycanda dollara tələbin artması və eləcə də qonşu ölkələrdə milli valyutaların ucuzlaşması fonunda Mərkəzi Bankın çevik məzənnə siyasətinə keçməsinə ehtiyac var.
Neft bumu dövründə inzibati metod ilə 0.78 məzənnəsi qorumaq nə qədər məqsədə uyğun deyildisə, indi dəyişməyən 1.70 kursunun saxlanması o qədər arzuolunan deyil. Mərkəzi Bank interval məzənnəyə üstünlük verməli və sabit kurs deyil, optimal interval daxilində məzənnə stabilliyinə nail olmağa çalışmalı idi və çalışmalıdır. Bu halda dollara tələbin artması və xarici faktorların valyuta bazarımıza təsirlərini minimumlaşdırmaq daha asan olardı”.
Digər iqtisadçı Samir Əliyev ABŞ sanksiyalarının növbəti neqativ təsirlərinin Rusiya birjalarında müşahidə edildiyini bildirib. O qeyd edib ki, Fond birjalarının qırmızıya "boyanması” ilə yanaşı, rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.
İqtisadçı deyib ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək, xammala əsaslanan ixracımızda əsas rolu tutur:
- Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var.
İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? Təxmin ondan ibarətdir ki, hökumət 2015-ci il ssenarisini təkrarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətinə keçidi elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir. Nə qədər ki, neft indiki səviyyədədir, manatı təhlükə gözləmir. Yəni hazırda manatın "buxovu” Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin, qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim amil baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu ciddi çətinliklər gözləyir.
Şəymən