Cənub zonasında nikahdan kənar uşaqlar çoxdur

“Bunun səbəbi orada dini nikaha üstünlük verilməsidir”



Ölkəmizdə nikahdan kənar doğulan uşaqların sayı kifayət qədər çoxdur. Rəsmi statistikaya görə, qeyri-rəsmi nikahdan doğulan uşaqlar əsasən Şəmkir, Masallı, Cəlilabadda üstünlük təşkil edir.

Qeyd edək ki, qanunvericilik qeyri-rəsmi nikahdan doğulan uşağa anasının soyadının verilməsinə imkan verir. Amma bir çox analar bu cür uşaqların daha çox öz doğma atalarının soyadında qeydiyyata alınmasını istəyirlər. Bu da ciddi problemlər yaradır. Nikahdan kənar doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabər olsa da, təcrübədə müəyyən çətinliklər ortaya çıxır.

Bəzi hallarda isə qadınlar nikahdan kənar uşaq dünyaya gətirdikdən sonra baş verəcək neqativ halları nəzərə almırlar. Bu günə qədər məhkəmə vasitəsilə öz uşaqlarından imtina edən atalarla dəfələrlə rastlaşmışıq. İmtinanın səbəbi kimi də göstərirlər ki, uşaqlarına görə alimentin təyin olunmasını istəmirlər. Digər tərəfdən, sabahkı gündə varislik məsələsi də ortaya çıxa bilər. Əgər uşaq atasının soyadında deyilsə, o, artıq atasının varisi hesab edilməyəcək.

Əsasən cənub zonasında qeyri-rəsmi doğulan uşaqların say çoxluğu isə diqqət çəkir. Maraqlıdır, bu bölgələrdə nikahdan kənar uşaqların çox olmasının xüsusi bir səbəbi varmı?

"Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə bildirib ki, nikahdan kənar uşaqların dünyaya gəlməsi cənub zonasında üstünlük təşkil edirsə, bu, həmin yerlərdə dini nikahların daha çox yayıldığının göstəricisidir

"Həmin bölgələr dini nikahların daha çox təşəkkül tapdığı ərazi hesab olunur. Deməli, bu məsələyə ciddi diqqət yetirməliyik. Yəni hansı ərazilərdə din daha çox geniş yayılır və insanlar rəsmi yox dini nikaha daha çox meyillənirlər. Belə insanlar dini nikahı hüquqi sənəd kimi qəbul edirlər, bu da sonradan bir çox problemlər yaradır”.

Yeganə Bayramova