Cinayət törədən uşaqlara qarşı cəzanın azaldılması TƏKLİF OLUNUR

Qurban Məmmədov: "Cəza müddətinin 1-5 il müddətində müəyyən olunması məqsədəuyğun olar"



Ağır cinayətlər törədən uşaqlara qarşı cəzalar fərdiləşdirilməlidir.

Bunu Sherg.az-a UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin Azərbaycanda uşaqlar üçün ağır cəzaya görə tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsi barədə çıxışına münasibət bildirərkən, hüquqşünas Qurban Məmmədov deyib. 

Vəkilin sözlərinə görə, azyaşlıların ağır cinayət törətməsində əsas günahkar valideynlər və onu elə formalaşdıran cəmiyyətdir: 

"Bu səbəbdən cəza müddətinin maksimum azaldılması, 1-5 il müddətində müəyyən olunması məqsədəuyğun olar. Ağır cinayət törətmiş azyaşlılarla psixoloji səviyyədə məşğul olmaq, onların xarakterinə uyğun davranmaq lazımdır. Onlara ağır cəzalar tətbiq etməklə daha artıq psixoloji məhvinə səbəb ola bilərik. Uşaqlara da şəxsiyyət kimi yanaşmaq lazımdır. Xarakterlərini müəyyən edib ona uyğun cəzalandırmaq kifayət edir. Ağır cinayətlər törədən uşaqlarla psixoloqların məhkəmələrdə məşğul olması gecikmiş addımdır. Övladlarımızla kiçik yaşlarından, bağçalarda və orta məktəblərdə aktiv iş aparmalıdır”.
Qeyd edək ki, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin Azərbaycanda uşaqlar üçün ağır cəzaya görə tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsi barədə təklif verib.

Aysel Aslan