Çovdarovun ürəyi daha zəif döyünür

Həbsdə olan general onun ölümünün sifariş edildiyini deyir
Penitensiar Xidmət isə iddiaları əsassız sayır, hər kəsin müayinələrdən keçirildiyini bildirir

Hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun səhhəti ilə bağlı problemlər olduğu bildirilir. Sabiq general səhhətindəki problemlərin həll edilməsi üçün dəfələrlə məhkəməyə müraciət edib. Ürək xəstəliyindən əziyyət çəkən Çovdarov vəkilləri vasitəsilə dəfələrlə vəsatət verərək Holter aparatı vasitəsilə müayinə edilməsini istəyir. Ancaq məhkəmə bu vəsatəti əsassız hesab edərək hər dəfəsində rədd edib.

Məsələ ilə bağlı Çovdarovun vəkili Kamandar Nəsibov açıqlama verib. O qeyd edib ki, general ürəyində olan problemlərlə bağlı 2006-cı ildə Almaniyada əməliyyat olunub. Vəkil 11 ilə yaxındır eyni xəstəlikdən əziyyət çəkən Çovdarovla Bakı İstintaq Təcridxanasından görüşüb və onun tənəffüs çatışmazlığından, ürək döyüntüsünün aşağı olmasından əziyyət çəkdiyini müşahidə edib: "Bunların hamısını vəsatətimizdə qeyd edərək məhkəmədən xahiş etmişik ki, Konstitusiyanın 41-ci maddəsinə, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 22.6-cı maddəsinə, "İstintaq təcridxanalarının daxili intizam Qaydaları”nın 27.5 və 27.6-cı bəndlərinə, "Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi və psixoloji yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”nın 3.5-ci bəndinə əsasən təqsirləndirilən şəxs Çovdarovun Holter aparatı vasitəsilə müayinə edilməsi təmin edilsin. Çovdarov bu müayinənin öz hesabına keçirilməsini istəyir”.

Kamandar Nəsibovun sözlərinə görə, həbsdə olan general ölümünün sifariş edildiyini deyir. Vəkil bu haqda Çovdarovun ona görüşdə məlumat verdiyini bildirib: 

"Akif Çovdarov ötən ilin sonlarında 1 aydan çox aclıq aksiyası keçirmişdi. Səbəb isə tibb baş idarəsinin qanunsuz hərəkətlərinə etiraz idi. Həmin vaxt heç bir qərar olmadan Holter aparatı təcridxanaya gətirilmişdi. Çovdarov birinci dəfə 2016-cı ilin fevral ayında, istintaq müddətində Holter müayinəsindən keçirilib. Həmin vaxt Çovdarov prokurorluğun sərəncamında idi. Deyirlər ki, o zaman istintaqın nəzarətində olub və buna görə də Holter aparatı ilə müayinəyə icazə verilib. İndiki deyilən məntiqlə yanaşsaq, gərək o zaman prokurorluq da Çovdarovun Holter aparatı ilə müayinə olunması ilə bağlı qərar verərdi. Ancaq belə bir qərar verilmədi. 2016-cı ilin noyabrında da təcridxanaya Holter aparatı gətirəndə heç bir qərar tələb edilmədi. Onda niyə icazə vermişdilər? Hazırda məhkəmə və təcridxana Holter aparatı ilə müayinədən elə qorxur, elə çəkinir ki, sanki bununla Çovdarova bəraət vermiş olacaqlar. Həmçinin indi tibb baş idarəsindən bildirilir ki, Holter aparatı vasitəsilə müayinəyə ehtiyac yoxdur. Bu qənaətə necə gəliblər? İndi məlum olan budur ki, bunu qəsdlə edirlər. Akif Çovdarov bu məsələ haqda danışanda dedi ki, "Məni öldürmək sifarişi verilib. Sifarişi icra edən isə tibb baş idarəsidir. Amma onlara bu göstərişi kimin verdiyini bilmirəm. Rəfael Mehdiyev, İftixar Qurbanov - görünən budur ki, sifarişi icra edənlərdir. Müayinəmin qarşısını almaqla ölümümü gerçəkləşdirmək istəyirlər”.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov "Şərq”ə açıqlamasında iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, ehtiyac olduğu təqdirdə həbsxanada olan hər məhkum ambulator və stasionar müayinələrdən keçirilir: 

"Ümumiyyətlə irəli sürülən iddialar absurd bir şeydi və əsassızdı. Penitensiar Xidmətdə belə bir şey ola bilməz. Tibb müəssisələrimizdə ən müasir tibbi avadanlıqlar, eyni zamanda da yüksək peşəkar kadrlar var. Bu və digər şəxslərin müalicəsi ilə bağlı bütün müayinələr yerinə yetirilir”.

Yeganə Bayramova