“Çox böyük qüsurlar var”

Əməkdar müəllim də riyaziyyat imtahanına etiraz etdi
“Qiymətləndirmə özü başdan-ayağa düzgün aparılmır. Dəfələrlə bildiririk ki, 9-cu siniflərin hamısına eyni səviyyədə suallar verilməməlidir”


Dövlət İmtahan Mərkəzinin martın 4-də 9-cu sinif üzrə keçirdiyi buraxılış imtahanı ilə bağlı suallar etirazlara səbəb olub. Şagirdlərin əksəriyyəti, valideynlər riyaziyyat fənnindən olan sualların qəliz olduğunu söyləyirlər.
Onların sözlərinə görə, Azərbaycan dilindən olan suallar asan olsa da, riyaziyyatla bağlı suallar olduqca çətin olub. Şagirdlərin riyaziyyatdan maksimum bilik səviyyəsi yoxlanılıb.

Həqiqətən də bu narazılıqların bir əsası varmı?

Mövcud durumla bağlı fikirlərini "Şərq”lə bölüşən əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət də sualların olduqca çətinliyindən gileylənib. Onun sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanlarında bəzi qüsurlar var. Bu qüsurların aradan qaldırılması olduqca vacibdir: 

"9-cu sinif buraxılış imtahanı verən şagirdin valideyni kimi deyə bilərəm ki, doğrudan da riyaziyyat fənnindən olan suallar çətin və qəliz idi. Orta məktəb tədrisi zamanı şagirdləri çox yükləmişik və nəticədə onlarda imtahan vermə qorxusu formalaşıb. Çünki istiqaməti düzgün aparmırıq. Azərbaycan dili çox rahat idi və yaxşı yazılıb. Amma riyaziyyat fənnindən olan sualların cavabını şagirdlər tapsa da, onlardan əlavə olaraq yazılı izah istəyiblər və vaxt qoyulub. Görün indi hansı zamanədir, informasiya texnologiyaları əsridir. Şagirdlərimizin əksəriyyətində konkret danışıq tərzləri formalaşdığı halda, onlar məsələni həll edib, lakin heç bir şagirdin imtahan ərəfəsində cavabı nağıl kimi izahlı şəkildə yazmağa nə həvəsi var, nə də özünü o vəziyyətə kökləyə bilir. Bu, məntiqə sığışmır. Çünki şagirdlər orta məktəbdə tədris aldığı müddətdə riyaziyyat fənnindən izahları şifahi şəkildə verirdilər. Müəllimlər onlardan heç vaxt yazılı izah tələb etmirdi. Riyaziyyat fənnindən yazılı izahın tələbi buraxılış imtahanının əsas qüsurlarından biridir”.

A.Həsrətin sözlərinə görə, buraxılış imtahanı ilə bağlı olan əsas nöqsanlardan biri şagirdlərə sual kitabçalarının verilməməsidir: 

"Bu hal bir az neqativliyə gətirib çıxarır. Çünki uşaqların əlində mütləq sual kitabçası olmalıdır ki, onlar imtahan stressindən çıxdıqdan sonra rahat şəkildə təkrar olaraq suallara baxsınlar. Belə olduqda şagirdlər səhvlərini real olaraq görə bilirlər. Yaxud da kitabçanı məktəbə aparıb harda səhv etdiklərini müəllimə göstərə bilirlər. Həmçinin sual kitabçası olmadıqda valideyn övladında necə yazması barədə sual verəndə, əksər uşaqlar düzgün cavab vermirlər. Yoxsa uşaqlar əlində bir qələmlə gedir və bir qələmlə də qayıdırlar. Həmkarlarımdan, valideynlərdən soruşmuşam. Məlumdur ki, riyaziyyat çox çətin olub və uşaqlarımız əziyyət çəkiblər”.

Ekspertin sözlərinə görə, təhsil uşaqların hərtərəfli yetişməsi, gələcəyi üçün olduqca vacibdir. Buna baxmayaraq şagirdlərin təhsillə bağlı qorxu və stress hissi yaranıb: 

"İmtahanı sadəcə imtahandır deyə keçirməməliyik. Biz imtahanı şagirdlərin səviyyəsini ölçmək üçün etməliyik. 9 il ərzində şagird məktəbdə riyaziyyatı öyrənirsə, lakin imtahandan 2 qiyməti, yəni 0 bal alarsa, bu, absurddur və ölçü meyarı deyil. Şagirdlərimiz hesabı, vurma cədvəlini və riyazi tənlikləri həll edə bilirsə, bu o demək deyil ki, onlar heç nə bilmirlər. Qiymətləndirmə özü başdan-ayağa düzgün aparılmır. Dəfələrlə bildiririk ki, 9-cu siniflərin hamısına eyni səviyyədə suallar verilməməlidir. Yeni təlim proqramı olan kurikulumlarda göstərilir ki, hər şagirdin biliyinə, bacarığına, potensialına uyğun tapşırıqlar olmalıdır.

Həmçinin riyaziyyatla bağlı olan tapşırıqlar da. Riyaziyyatçı olmaq istəyənlərin maksimum bilik səviyyəsi, həkim, mühəndis, jurnalist, dilçi olmaq istəyənlərin də öz səviyyəsinə, biliyinin müəyyən çərçivəsinə uyğun suallar verilməlidir. Kurikulumlar öz təsdiqini tapmır. 9-cu sinif buraxılış imtahanında verilmiş bütün suallar yenə də kütləvi olaraq bütün uşaqlara eyni səviyyədə verilib. Şagirdlərin hamısı eyni səviyyəli biliyə malik deyillər. Ona görə də onları eyni meyarla ölçmək tamamilə yanlış fikirdir”.

Yeganə Bayramova