Daha diploma baxılmır, əsas pul və "day-daydır" - Diplom yoxsa karton

"Təhsil siyasətimizi tamam dəyişməliyik”.
Bunu Sherg.az-a son zamanlar ali təhsil müəssisələrinin verdiyi diplomların "gözdən düşməsinə" münasibət bildirərkən professor, sosioloq Əhməd Qəşəmoğlu deyib.
 Onun sözlərinə görə, ortada olan təhsil siyasətimiz gələcəkdə müxtəlif problemlərin yaradılmasına şərait yaradacaq:
"Təhsil Nazirliyi hər tərəfə əl atır, gücləndirmə tədbirləri həyata keçirmək istəyir. Məsələyə fərqli tərəfdən yanaşdıqda təkcə müəyyən tədbirlərlə bu işləri düzəltmək mümkün deyil. Müxtəlif sertifikatlar, diplomların təqdim olunması ciddiləşəndə onunla bəzi insanlar al-ver etməyə başlayır. Məsələn, "İlin müəllimi” adını almaq üçün müxtəlif məqalələr çap etdirməli, bəzi proseduralardan keçməlidirlər. Lakin çoxları bunu etmədən də ad ala bilir. Cəmiyyət elə xarab olub ki, harada bir şeydən insana fayda gəlir, mütləq ondan gəlir mənbəyi kimi istifadə etməyə çalışırlar. Saxta diplomlar çoxaldı, saxta yolla insanlar rüşvət alıb, verərək bu üsullara əl atırlar. Bu məsələlərlə bağlı cəmiyyətin psixologiyası arzuolunan səviyyədə deyil. 
Ona görə, köklü dəyişiklik lazımdır. Bunu tək Təhsil Nazirliyinin üzərinə qoymaq düzgün deyil. Təhsil Nazirliyinin gücü daxilində olmayan bəzi məsələlər var. Nazirlik sadəcə icraçıdır, konkret siyasəti həyata keçirir. Bu məsələləri həll etmək üçün təhsil siyasətimizdə dəyişikliklər olunmalıdır. Bunlar asan deyil, yüksək təhlil və tədqiqat tələb edən məsələlərdir. İstənilən ölkədə təhsili tənzimləmək üçün güclü elmi-tədqiqat mərkəzləri fəaliyyət göstərir. Bizdə isə belə mərkəzlər yaratmaq deyəndə çox məmurlar, insanlar bunu ciddi qəbul etmir.
Bir tərəfdən isə elmi-tədqiqat mərkəzlərini təşkil etdikdə müxtəlif səhlənkarlığa yol veririk. Savadsız şəxsləri yığırıq, iş yeri açılıb deyə hər kəs tökülüb, gəlir. Ölkənin, millətin gələcəyi üçün elmi-tədqiqat mərkəzi açsaq, heç kəs inanmayacaq ki, həmin mərkəz xalqın mənafeyi üçün fəaliyyət göstərir. İnsanlar "orada yeni iş yeri açılıb, necə edim ki, özümü ora yerləşdirim" deyə düşünəcək. Beləliklə ortada konkret tədbirlər və nəticə olmur”.
Təhsil punktunun ortadan götürülməli olduğunu deyən Ə.Qəşəmoğlunun fikrincə,çalışmaq lazımdır ki, ali təhsil oldu, olmadı, hər bir sahədə təqdim olunan sənədin həqiqi dəyəri olsun:
"Bu gün sertifikat və ya diplom təqdim olunubsa, biliyə uyğun bunun həqiqiliyini yoxlamaq lazımdır. Təəssüf ki, bizə nə qədər diplom, sertifikat təqdim etsələr də, onların həqiqətə uyğun olub-olmadığı, rüşvətlə və ya həqiqətən alınması müəmmalıdır. Hələ də kimsə gedib, rüşvət verir ki, sən allah məni oxutma, "kor elə".
Bu məsələlərə ona görə dərindən diqqət yetirməyə məcburuq. Əhalinin keyfiyyəti deyilən anlayış var. Bu yalnız qiymətdən düşən sertifikatlar, diplomlar deyil. Tədris sisteminin özü qeyri-ciddiləşib. Bu fundamental və ağır məsələdir. Çox istəyərdim ki, Milli Məclisin uyğun komitələri bununla bağlı həqiqi müzakirələr keçirsinlər. Başqa aidiyyatı strukturlar da qabaqcıl mütəxəssislərlə birlikdə müəyyən addımlar atsınlar. Bu gün mənim ekspert kimi mətbuata cavab verməyim məsələni həll etmir. Bunun üçün çox ciddi təhlillər əsasında hazırlanmış fəaliyyət proqramı hazırlanmalıdır. Daha ciddi işlər görmək, tədqiqatlar hesabına layihələr hazırlamaq, qanunvericilik bazasını müəyyən etmək lazımdır”.
Ayyət Əhməd