Deputat: "Artıq erməni siyasətçilər işğalçı olduqlarını etiraf edirlər"





"Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyanın çağırışları erməni cəmiyyətinə təsir göstərəcək”.

Bu sözləri "Sherg.az”a Z.Tadevosyanın "Qarabağı işğal etmişik, Azərbaycana qaytarılmalıdır” etirafına münasibət bildirərkən millət vəkili Elman Məmmədov söyləyib. 

Onun sözlərinə görə, Z.Tadevosyan tək deyil, Ermənistanda bir çox siyasətçilər də onunla eyni fikirdədir:

"Xanım siyasətçi cəmiyyətdə nüfuzlu bir konqresi təmsil edir. Ermənistanda və o ölkədən kənarda yaşayan kifayət qədər tanınmış ermənilərin də bu təşkilatla əlaqəsi var. Həmin şəxslər artıq səmimi etiraf edirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və gec-tez qaytaracaq. Z.Tadevosyan isə bu fikirləri səsləndirməklə yanaşı cəmiyyəti də buna kökləyir. 

Düzdür, erməni siyasətçinin bu fikirlərinə müəyyən etirazlar olur, bu təbiidir. İstənilən halda o, həqiqətləri dilə gətirir və Ermənistan cəmiyyəti də gec-tez bunu anlayacaq. Ermənistan işğal olunmuş torpaqlarımızı geri qaytarmalıdır. Təkrar edirəm, artıq erməni siyasətçilər işğalçı olduqlarını etiraf edirlər. 

Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi müddətcə, Ermənistan regional layihələrdən kənarda qalacaq, iqtisadi inkişafı mümkün olmayacaq. Münaqişə həll edilərsə, Azərbaycan torpaqları geri qaytarılarsa, Ermənistan düşdüyü vəziyyətdən çıxa bilər.  Ermənistan cəmiyyəti bunu anlamağa başlayıb".

Qeyd edək ki, "Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşündə Qarabağı Azərbaycanın işğal edilmiş ərazisi adlandırıb. O, münaqişənin həlli üçün işğal etdikləri torpaqları Azərbaycana qaytarmalı olduqlarını bildirib.

Aysel Aslan