Deputatlar erkən nikahlar, boşanmalar, intiharlar və uşaqlara qarşı zorakılığın artmasından narahatlıqlarını bildiriblər. Belə ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında millət vəkili Tahir Rzayev qeyd edib ki, Azərbaycanda erkən nikahların, boşanmaların və uşaqların məktəbdən yayınma hallarının sayı xeyli artıb.
Bu hallara qarşı müvafiq orqanların tədbirlər gördüyünü deyən T. Rzayev təmsil etdiyi komitə tərəfindən regionlarda, xüsusilə erkən nikahların daha çox qeydə alındığı cənub bölgəsində görüşlərin təşkilinin tədbirlər planına salınmasını təklif edib.
Bundan başqa komitə sədri Aqiyə Naxçıvanlı vətəndaşlar arasında qeyri-rəsmi nikahların sayının çoxalmasından artmasından narahat olduğunu bildirib. O, yeniyetmələr arasında intiharlar və uşaqlara qarşı zorakılıq hallarından narahatlıq doğurduğunu söyləyib: "
Uşaqları qəyyumluğa götürən zaman da çoxlu problemlər yaranır. Komitəyə yalnız bir həftə ərzində bununla bağlı 4 müraciət olub. Bizə deyirlər ki, körpəni 1 yaşında olarkən uşaq evindən seçmişik, lakin bu gün onun 4 yaşı var, hələ də onu qəyyumluğa götürə bilmirik. Bilirsiniz ki, uşaqlarla bağlı qanun qəbul edilib. Bu sahədə olan mövcud qanunvericiliyin icrasında boşluqlar olduğundan sadalanan problemlər gündəmə gəlir".
A. Naxçıvanlı əlavə edib ki, yaxın vaxtlarda "Ailədaxili münaqişələrin yaranma səbəbləri və bunların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçiriləcək.
Həmkarlarının narahatlığını bölüşən publisist millət vəkili Elmira Axundova Sherg.az-a açıqlamasında qeyd edib ki, belə hallara qarşı dəfələrlə müraciətlər, çağırışlar edib :
"Müraciət etmişəm ki, bütün ictimaiyyət ayağa qalxsın, çünki qadın, uşaq zorakılğının sayı artıb. Bundan başqa xatırlayırsınızsa, ötən sessiyada yenə də bununla bağlı danışdım və bu hərəkətə yol verənlərə qarşı ölüm hökmünün bərpasını tələb etdim. Bundan artıq nə deyə bilərəm? Sosial şəbəkədə də mənim firkilərim müdafiə olundu. Əksəriyyət yazırdı ki, Elmira xanım düz deyir, belə dəhşətli cinayətlər çoxalıb. Doğrudan da, biz ölüm hökümünü bərpa etsək məntiqli olardı. Mən yenə israr edirəm ki, ölüm hökmü bərpa olunmalıdır.
Uşağı, qadını zorlayanlar, qadını uşaqlarının gözü qarşısında vəhşicəsinə öldürənlərə ölüm hökmü verilməlidir. Necə yəni belə cinayətkarları tuturlar, o da, 10 ildən sonra azadlığa çıxıb, həmin qadının uşaqlarını zorlayır. Adam öldürən cinayətkar layiqli cəzasını almalıdır. Kimisə öldürürlər, sonra həbsxanada dövlət onları 20 il yedizdirir. Bunun qəti əlehinəyəm. Bizdə sanki cəzasızlıq hökmü sürür. Düzdü, polislərimiz yaxşı işləyir. Cinayətkarı axtarıb, tapır. A mma ona 5-8-10 il iş verirlər o da, yatıb, çıxır. Bəlkə yalandı? O gün oxuyuram 36 yaşlı bir ana 14 yaşlı qızını öldürüb və ona 11 il həbs cəzası veriblər. Deməli, 10 ildən sonra, 46 yaşında həmin qadın azadlıqda olacaq, lakin uşaq o dünyaya getdi. Ona ən azı 25 il verilməli idi. Çıxış yolunu başqa şeydə deyil, cəzaların sərtləşdirilməsində görürəm".
Xanım millət vəkili onu da əlavə edib ki, bu cür arzuolunmaz halların qarşısını almaq üçün Ağsaqqallar Şurası (AŞ) bərpa edilməlidir:
"Hər bir kənddə, bu şura yaradılmalıdır. Ağsaqqallar olmalıdır ki, onlar da belə məsələləri öncədən bilib, tədbir görsünlər. Yoxsa, insanlar "ailə işidir" deyib qarışmır. Qabaqlar bu işə ağsaqqallar müdaxilə edirdi. Mən özüm rayonda işləyirəm. Bu cür məsələlərlə bağlı gedirəm. Bir daha təkrar edirəm ki, bu cür məsələlərlə ağsaqqallar məşğul olmalıdır. Bizdə bu istitut mövcud deyil. Bundan əlavə ictimai qınaq və ictimai nəzarət də yoxdur. Baxın, Qərb ölkələrində uşaq ağlaşması eşidən qonşu dərhal polisə məlumat verir. Onlarda hətta bu addıma görə, həmin şəxsə mükafat verirlər. Amma bizdə "Bu ailə işidir, qarışa bilmərik " deyib geri çəkilirik. Gərək, cinayət baş versin ki, qarışasan.? Deməli, belə xoşagəlməz, neqativ halların azalması üçün ilk növbədə ictimai qınaq və ictimai nəzarət olmalıdır. İkincisi, cəzalar sərtləşdirilməlidir. Üçüncüsü isə, bütün cəmiyyətin bu cür hallara qarşı qalxması vacibdir. Yadınızdadırsa, Türkiyədə bir qızı öldürmüşdülər. Bütün Türkiyə küçələrə axışmışdı. Məni çağırsanız mən də çıxaram".
Ayyət Əhməd