Deputat:"Azərbaycanın əməkhaqqı reytinqinə görə, ilk beşlikdə qərarlaşması..."





"Beynəlxalq reytinqi müəyyən edən təşkilatlar hər zaman Azərbaycandakı inkişafı müsbət qiymətləndirir”.

Bunu "Sherg.az”a Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun açıqladığı MDB ölkələri arasında əməkhaqqı reytinqindən danışarkən millət vəkili Aydın Hüseynov söyləyib. 

O qeyd edib ki, Azərbaycanın əməkhaqqı reytinqinə görə, MDB məkanında ilk beşlikdə qərarlaşması ölkəmizdə həyata keçirilən iqtisadi islahatların nəticəsidir:

"Ölkə başçısı, prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində əhalinin məşğulluğunun artırılması, iş yerləri ilə təmin olunması prosesi davamlı həyata keçirilir. Beynəlxalq reytinqlərdə də Azərbaycanın ön sırada olması ölkəmizin iqtisadi, sosial inkişaf siyasətinin uğurudur. Əmək haqqının yüksək olması ölkə vətəndaşlarının gəlirlərinin artması, məşğulluğun yüksəlməsi deməkdir.

Qeyd etməliyəm ki, dövlət büdcəsində hər il minimum orta aylıq əməkhaqqının, maaşların artırılması həyata keçirilir. Mütəmadi olaraq, dövlət büdcəsinin artması müşahidə edilir. Azərbaycanın adı gələcəkdə də beynəlxalq reytinq göstəricilərində ön sıralarda olacaq”.

Qeyd edək ki, reytinqin nəticələrinə əsasən, əməkhaqqının ən yüksək olduğu ölkə Rusiyadır.
Burada orta aylıq əməkhaqqı 670,9 dollar təşkil edir. İkinci yerdə 459,1 dollarla Qazaxıstan, üçüncüdə 421,9 dollarla Belarus, 4-cü yerdə 306,7 dollarla Azərbaycan, 5-ci yerdə 308,4 dollar əməkhaqqı ilə Moldova, 6-cı yerdə isə 272,9 dollarla Ukrayna qərarlaşıb.

Aysel Aslan