Azər Maqsudov: "Allergik insanlar dərman qəbul edərkən olduqca ehtiyatlı olmalıdırlar"
Dərman preparatı dozasında qəbul edilməlidir
Həkim məsləhəti olmadan özbaşına dərman içmək zəhərlənməyə səbəb olur
Azər Maqsudov: "Allergik insanlar dərman qəbul edərkən olduqca ehtiyatlı olmalıdırlar"
Azər Maqsudov: "Allergik insanlar dərman qəbul edərkən olduqca ehtiyatlı olmalıdırlar"
Adil Qeybulla: "Dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır"
Tovuz rayonunun Qaraxanlı kənd sakini, 1992-ci il təvəllüdlü Qarayeva Mehin Muradxan qızı evində yüksək dozalı təzyiq dərmanı qəbul edib. Nəticədə qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bir neçə gün əvvəl isə Sumqayıtda 26 yaşlı gənc qız dərman kimi istifadə etdiyi psixotrop maddə qəbul etdikdən sonra özünü pis hiss edib. O, dərhal yaxınları tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. İlkin müayinə zamanı qızın zəhərləndiyi məlum olub.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində isə 1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicə məqsədi ilə içdiyi dərmandan zəhərlənib. Yaxınlarının köməyi ilə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.
Son 10 gün ərzində baş verən hər üç zəhərlənmənin dərman səbəbindən baş verməsi haqlı olaraq vətəndaşlar arasında təşviş yaradıb.
Bəs görəsən, bu zəhərlənmələrin səbəbi nələrdir? Dərmanlar keyfiyyətsizdir, yoxsa özünəqəsd məqsədilə atılıb?
Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun "Şərq”ə açıqlamasına görə, dərmandan zəhərlənmə hallarının baş verməsi, ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil:
"Əgər qəbul edilən dərmanı həkim təyin edibsə, bu zaman keyfiyyətsizlikdən söhbət getmir. Səhiyyə naziri Oqtay Şirəliyev dərman təhlükəsizliyi ilə bağlı məsələni nəzarətə götürüb. Respublikaya idxal olunan bütün dərmanlar Nazirliyin Ekspertiza Mərkəzi tərəfindən yüksək səviyyədə yoxlanıldıqdan sonra satışa buraxılır. Ona görə də baş verən zəhərlənmə hallarında dərmanların keyfiyyətini qabartmaq absurddur”.
Şöbə müdiri hesab edir ki, zəhərlənmə halları daha çox həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Bu da sonda zəhərlənmə ilə nəticələnir. Bizim xəstələrlə söhbətimizdə də məlum olur ki, onlar dərmanın dozasını həkimin dediyindən daha artıq qəbul ediblər:
"Bəzi dərmanlar isə allergik reaksiyalar verir. Həkimlər hansısa dərman təyinatından əvvəl mütləq xəstənin həmin dərmanın tərkibində olan elementlərə həssas olub-olmadığını dəqiqləşdirməlidir. Allergik insanlar dərman qəbul edərkən olduqca ehtiyatlı olmalıdırlar. İnsanlar adətən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.
Vitaminlərin qəbulu xeyirli olsa da, onların dozadan artıq qəbulu orqanizmdə fəsadlar yarada bilər”.
A.Maqsudovun sözlərinə görə, allergik reaksiyalar zamanı ölüm faktoru qeydə alınmır. Ümumi əlamətləri dərman zəhərlənməsinə oxşasa da, dərmanın əlavə təsiri ilə dərman zəhərlənməsi fərqli anlayışlardır. Xəstə dərmanın əlavə təsirlərinə məruz qaldıqda tibbi yardımdan sonra evə buraxılır. Dərman zəhərlənməsi olduqda isə xəstə mütləq xəstəxana rejimində müalicə edilməlidir. Toksikologiya şöbəsinin müdiri deyib ki, xəstədə dərman zəhərlənməsinin əlamətləri büruzə verdiyi anda onun mədə-bağırsağı yuyulub dərmandan təmizlənməli, vaxt itirmədən həkimə müraciət edilməlidir.
Tibb elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, dozadan artıq qəbul edilən hər bir dərman preparatı zəhər, toksik maddədir. Burada iki kateqoriyalı məsələni ayırd etmək lazımdır. Birinci kateqoriyalı məsələ odur ki, dərmanlardan zəhərlənmə qəsdənmi baş verir?
Yəni xəstə bilərəkdən çoxlu sayda həblər qəbul edərək özünə qəsd edir, yoxsa sadəcə, normal dozanı qəbul edib zəhərlənir? Bu ikisi fərqli-fərqli şeylərdir. Biri kriminal haldır, digəri isə dərmanlarla bağlı baş verən haldır. Ola bilər ki, dərman maddəsinin keyfiyyət parametrləri aşağıdır və həmin dərman maddələri qəbul olunduqda zəhərlənmə baş verir. Mümkündür ki, həmin həblərin tərkibindəki dərman əlavəsi və sair aşağı keyfiyyətdə olsun. Məsələn, bəzən bu əlavə ağır metal duzlarından və sair ibarət olur, ondan da zəhərlənmə baş verir. Bu, bir variantdır.
Digər variant isə odur ki, dərman vasitəsini xəstə müalicə məqsədilə qəbul edir və zəhərlənir. Yəni bu da dərman vasitəsinin yad təsirindən qaynaqlanır. İstənilən halda dərman maddələrinin keyfiyyət parametrlərinə bağlı olan zəhərlənmələr əlbəttə ki, ciddi araşdırılmalıdır. Bu dərman maddələrini gətirən firmalar, onun istehsal olunduğu yer, bütün bu məsələlər ciddi araşdırılmalıdır və məsuliyyət daşıyan şəxs cəzalandırılmalıdır. Bir insan özünə qəsd etmək üçün bunu edirsə, artıq bu, başqa araşdırılmalı məsələdir. Amma keyfiyyətsiz bir dərmandan zəhərlənmə dərman təhlükəsizliyi prinsiplərinin pozulmasıdır və buna görə də məsul olan şirkətlər, firmalar məsuliyyət daşıyır. Təəssüflər olsun ki, bu məsələlər müəyyən korporativ maraqlara görə araşdırılmır”.
Şəymən