Dərman reklamlarına nəzarət yoxdur

Şahvələd Məmmədov: “Özbaşına həkimlik qətiyyən olmaz”


Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov efirlərdə dərman preparatlarının reklamından danışıb və bunu təhlükəli adlandırıb. Komitə sədri qeyd edib ki, hazırda həm yerli, həm də xarici telekanallarda dərman vasitələrinin, xüsusilə də reseptsiz buraxılan dərmanların reklamına rast gəlinir.

Bu isə çox təhlükəli, zərərli və gələcəkdə insan orqanizmi üçün çox böyük təhlükə törədə biləcək məsələdir. Ə.Əmiraslanov bildirib ki, xüsusilə ağrıkəsicilər, bədxassəli şişlərə qarşı və digər ağır patologiyaların müalicəsində tətbiq olunan dərmanların reklamı və onların pulsuz paylanmasının qarşısı alınmalıdır.

Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov "Şərq”ə açıqlamasında komitə sədrinin narahatlığının əsaslı olduğunu dedi:

- Həqiqətən də, bu gün dərman preparatlarının reklamı nəzarətsiz vəziyyətdədir. Telekanallarda müxtəlif dərman preparatları gecə-gündüz reklam edilir. Faydalarından danışılır, az qala möcüzəli qurtuluş kimi təqdim edilir. Əhali də mahiyyətinə varmadan, bu dərmanın xeyirini-zərərini bilmədən onu əldə edir. Biz həkimlər pasiyentlərə həmişə bunu israrla tövsiyə edirik ki, özbaşına dərman preparatı alıb qəbul etməyin. Yalnız həkimin göstərişi ilə müayinə olunduqdan və həkim müalicə məqsədilə dərman preparatları təyin etdikdən sonra onları alın. Baxın, bu gün adi, "gündəlik” başağrısında ən çox istifadə edilən "nemisil” tipli ağrıkəsicilər hətta, insanı şoka salmaq iqtidarındadır. Biz iş təcrübəmizdə belə halların çox şahidi olmuşuq. Birisi soyuqlayır, öskürür, halsızlaşır, yuxarı tənəffüs yollarının iltihabı prosesi gedir, başlayır hərarət salan dərmanlar qəbul etməyə. Bəzən iki-üç dərmanı biri-birinə qatır, eyni vaxtda qəbul edir, nəticəni gözləmədən ard-arda bir neçə dərman preparatı qəbul edir və orqanizmini çökdürür. 

Özbaşına həkimlik qətiyyən olmaz. Bu, insanın həyatı bahasına başa gələr. Dərman preparatlarının reklamı da belədir. Əhali dərmanın hansı xəstəliklərdə, hansı hallarda istifadə olunması qaydasını bilmədən onu qəbul etməməlidir. Amma reklamlar da müxtəlifdir. Bu gün Azərbaycan dərman bazarında qidaya bioloji əlavələr olan dərman preparatları satılmaqdadı. Belə preparatlar təhlükəli deyil. Məsələn, "Prostomol - uno”, yaxud qurd əleyhinə dərman preparatları və s. Bu tip dərmanlar bildiyimiz bitki tərkibli preparatlardır. Amma molekulyar dərman preparatlarının reklamı təhlükəlidir, çünki bu cür preparatlar yalnız həkim resepti ilə buraxılmalıdır. Onları pasiyentə həkim təyin etməlidir. Məsələn, "Aspirin-kardio” kimi. Həmçinin, antibiotiklər də reseptsiz satılmamalıdır. Qonşu Gürcüstanda antibiotikləri aptekdən reseptsiz ala bilməzsiniz. Bizdə isə tam fərqli vəziyyətdir. Vətəndaş aptekə yaxınlaşıb deyəndə ki, ay xanım, soyuqdəymə, qrip keçmir, həmən məsləhət verirlər ki, antibiotik vurdur. Halbuki antibiotiklərin insan orqanizminə zərərli təsirləri artıq dünyada təsdiqlənib və bir sıra dövlətlər antibiotiklərdən istifadəni qadağan edib. Türkiyə telekanallarında bununla bağlı sosial çarxlar efirə verilir. Antibiotiklərin ağrıkəsici kimi istifadəsinin qadağan edildiyi, antibiotiklərdən yalnız həkim təyinatı ilə istifadə edilməli olduğu tamaşaçıya çatdırılır. Bizdə təəssüf ki, belə sosial çarxlar yoxdur.

Ş.Məmmədov məsləhət görür ki, əhali dərman preparatlarının reklamına ciddi diqqət etsin:

- Əgər dərman preparatı reklam olunarkən alt yazıda "həkimin məsləhəti ilə qəbul edin” sözləri yazılırsa, deməli, bu, molekulyar dərmandır və onu özbaşına istifadə etmək qətiyyən olmaz. Amma hansı dərman preparatının reklamında "reseptsiz satılır” sözləri qeyd edilirsə, bu, qidaya bioloji əlavələrdir. Lakin bununla belə hətta bu preparatlar barədə də istifadədən öncə məlumat almaq lazımdır. Hər bir orqanizm individualdır. Bir insana yaxşı təsir edən preparat, digərinə pis təsir edə, hətta zərər verə bilər.
Doktor bu fikirdədir ki, dərman preparatlarının reklamı Səhiyyə Nazirliyinin xüsusi icazəsi ilə olmalıdır və bunu bildirən yazı da reklam çarxlarında diqqət çəkməlidir.

Məlahət Rzayeva