"Din və elmin qəbul etmədiyi inanclar saxlanılmalıdırmı ? - Fikirlər haçalandı

Elnur Rüstəmov:"Düzdür, bunu kimsə xurafatla əlaqələndirə bilər, ancaq bütün hallarda elə inanc sistemi var ki, heç onlara dəymək də lazım deyil"Seyid Camal Əzimbəyli:"Bir insan Allahın hökmlərinə sığınırsa, qarşısından qara pişik də keçsə, bunu gərəksiz bir şey kimi qəbul edəcək"
Əhməd Qəşəmoğlu:"Nizami Gəncəvinin əsərlərində tez-tez "əlamət” ifadəsi səsləndirilir. Hiss olunur ki, bu qədər böyük mütəfəkkir həmin inanclara inanıb"
İnsanlar bəzən qorxu, bəzən də çarəsizlik və köhnə "ənənə"lərə bağlılıqdan dolayı həqiqət payı olmayan qeyri-adi "nəsnə"lərə inanırlar. Bunlar batil inanclar adlandırılır. Hər cəmiyyətdə olduğu kimi, azərbaycanlıların da batil inancları yaşadıqları şəhərlərə, aid olduqları ənənələrə görə fərqlənir. Məsələn, kimi qarşısından qara pişik keçdiyinə görə, yolunu dəyişir, kimi də gözdən, nəzərdən qorunmaq üçün müxtəlif üsullar sınayır.
Elmin, texnologiyanın sürətlə inkişafi etdiyi və ya dünyanın qloballaşdığı dönəmdə belə inancların saxlanmasının səbəbi nədir?
Sualımızı cavablandıran psixoloq Elnur Rüstəmov "Sherg.az"a bildirib ki, hər bir xalqın özünün etiqad, inanc sistemi var. Onun sözlərinə görə, bəzi xalqlar bunları dinlə əsaslandırır, çoxları isə adət-ənənələrə söykənir:
"Qara pişik, evdə üzərlik yandırmaq, evin qapısına at nalı vurmaq və s. ziyansız əməllərdir. Düzdür, bunu kimsə xurafatla əlaqələndirə bilər, ancaq bütün hallarda elə inanc sistemi var ki, heç onlara dəymək də lazım deyil. Məsələn, qarşısından qara pişik keçdiyinə görə, yolunu dəyişən insanlar heç kəsə təsir etmir. Elə həssas insanlar var, belə məsələlərə ilişib qalır. Qara pişik keçəndə yolu dəyişirlər, tək səbir gələndə bir cür, cüt səbir gələndə başqa cür anlam verir.
E.Rüstəmov deyir ki, bu inancların əsrlərlə tarixi var, bizim gen yaddaşımızdır:
"Belə vəziyyətdə müəyyən tövsiyə vermək olar ki, sən buna ilişib qalma. Vacib bir şey dalınca gedirsənsə, sırf bunu əsas götürüb, işini dayandırma. Açığı biz özümüz də bu inanc sisteminin kökündən dəyişilməsinin tərəfdarı deyilik, qalmasının ziyanı yoxdur.
İnsanı inamsız saxlamaq olmaz, insan nəyəsə inanmalı və yaşamalıdır. Əgər bu narahatlıq verirsə, üzərində iş aparmaq olar, amma dəyməmək lazımdır. Bu, toplum və xalq olaraq bizim ştrixlərimizdir. Elə yerlər var ki, belə hallar təqdir olunur. Bunun üzərində kadrlar, filmlər verilir ki, inanclar itməsin, saxlansın. İnsanın yaşaması üçün həmişə elm lazım olmur, inam da olmalıdır”.
Batil inancların dini əsaslarının olub-olmamasına gəlincə, ilahiyyatçı- alim Seyid Camal Əzimbəyli belə inancların dində təsdiq olunmadığını bildirib:
"Dinimizin gətirdiyi inanclara görə, ilahi etiqad hissi ilə Allaha inanan, bütün hökmləri bəndənin mənafeyinə hesablanaraq, Allah tərəfindən bizə göndərildiyini düşünən insanlar batil inanclara boyun əymir. Bu məsələlərin heç bir halda dinin gətirdiyi qaydalara aidiyyəti yoxdur. Bir insan Allahın hökmlərinə sığınırsa, qarşısından qara pişik də keçsə, bunu gərəksiz bir şey kimi qəbul edəcək. Buna inananlar öz imanlarını zədələmiş olurlar. Çünki allaha, onun peyğəmbərinə sevgi ilə, rəğbətlə bağlı olan şəxslər batil inanclardan qaçarlar. Bütün bunlar İslamın rədd etdikləridir”.
"Din və elmin qəbul etmədiyi inanclar niyə saxlanılmalıdır ?"sualına gəlincə, ilahiyyatçı söyləyib ki, maarifləndirmə işləri aparmaqla Azərbaycan insanının təfəkkürünü çox az dəyişmək olur:
"Mənim ətrafımda elə insanlar var, hətta adının qarşısında professor yazılıb, onlar da batil inanclara inanırlar. Maarifləndirmə işləri aparmaqla Azərbaycan insanının təfəkkürünü çox az dəyişə bilirik. Yoxdan nə isə yaratmaq şüuru oturub. Bütün bunlar insanın inancına hətta təcavüzdür. Allah və insan arasında, onun könlündən keçən dualar var. Batil inanclar isə cəhalətin, xurafatın nümunəsidir”.
Sosioloq Əhməd Qəşəmoğlu inanclara toxunmağın tərəfdarı deyil. Onun fikrincə,  buna inanan şəxslər əvvəl mahiyyətini dərk etməli, sonradan bundan uzaqlaşmalıdır:
"Nizami Gəncəvinin əsərlərində tez-tez "əlamət” ifadəsi səsləndirilir. Hiss olunur ki, bu qədər böyük mütəfəkkir həmin inanclara inanıb. Qara pişik, evdən nal asılması, göz-nəzər kimi inancların yalan olduğunu iddia edənlər tələsməməlidir. İnsanın ətrafında elə dalğalar var ki, onlar haqqında məlumatımız yoxdur. Ola bilər, məsələn, nal ətrafında elə dalğalar yaradır ki, faydalı nə isə baş verir. Bunu sadəcə fərziyyə kimi irəli sürürəm. İstənilən məsələdə cəhalət rədd olunmalıdır. Amma elmin sübut etmədiyi energetik proseslərlə bağlı məsələ mübahisəli qalır. Din inanclara inanmamağı bildirsə də, inkar etmir”.
Ə.Qəşəmoğlu onu da əlavə edib ki, son vaxtlar valeologiya adlı yeni elm sahəsi inkişaf edir:
"Bu elm energetik sistemlər barəsində yeni nəticələr əldə edir. Mənim məşğul olduğum energetika sahəsi ilə bağlı da fərqli elm yaranıb. Əslində energetik dünyanın qarşısında bilgisizik. Ətrafımızda efir adlanan aləm olduqca mürəkkəbdir. Bunun içərisində hansı dalğanın necə rol oynadığını deyə bilmərik. Həmin inanclar da statistika hesabına yaranıb. Bu inanclar bugünkü elmin sübut edəcəyi məsələlər deyil”.
Aysel Aslan