Diqqət: Balıqdan zəhərlənmə halları artıb - TƏHLÜKƏ

Eyyub Hüseynov: "Necə gəldi, harada gəldi satılan balıq konservlərindən istifadə etmək olmaz"


"Balıq kifayət qədər qidalı və eyni zamanda təhlükəli məhsuldur”.

Bunu Sherg.az-a yay mövsümündə balıq məhsullarından, konservləşdirilmiş balıqdan zəhərlənmə hallarının artmasının səbəblərini izah edərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O bildirib ki, balıqları alarkən diqqətli olmaq lazımdır:

"Konservləşdirilmiş balıqlar dəmir qabdadırsa, onun alt hissəsində istifadəyə yararlılıq tarixi yazılmalıdır. O elə yazılır ki, pozmaq olmur. İki sırada yazılan istifadə müddətində istehsal tarixi və nə qədər müddət yararlı olması qeyd olunur. Bunu da nəzərə almalıyıq ki, istənilən mal hətta yararlılıq müddətində elə şəraitdə saxlanıla bilər ki, o, təhlükə saçar. 

Ötən günlərdə məlumat aldım ki, Türkiyədə işləyən Azərbaycan həkimi suşidən zəhərlənib. Ağır vəziyyətdədir. Ona görə balığın bütün növləri ilə ehtiyatlı olmaq lazımdır. Balıqlar və onun konservləri 20 dərəcədən aşağı temperaturda saxlanmalıdır. Necə gəldi, harada gəldi satılan konservlərdən istifadə etmək olmaz. Hisə verilmiş balıqları alarkən, xüsusilə, diqqətli olmaq lazımdır. Əgər zəhərlənmiş istehlakçı bizə ərizə ilə müraciət edərsə, biz müəyyən addımlar ata bilərik”.

Ayyət Əhməd