Xəbər verdiyimiz kimi, Azərbaycan Dünya Bankının "Doing Business" reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Bir müddət öncə "Doing Business-2019" reytinqində ölkəmizin 190 ölkə arasında 25-ci yerdə qərarlaşmasına dair adıçəkilən təşkilat hesabat yaydı. Hesabatda vurğulanır ki, Azərbaycan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə yaxşılaşan ölkələr sırasına daxil olub. Bundan başqa sənəddə qeyd olunur ki, Azərbaycan 2017-2018-ci illərdə biznesin həyata keçirilməsi prosesinin sadələşdirilməsinə yönəlmiş rekord sayda islahatlar keçirib:
"Bu islahatlardan bəziləri institusional dəyişiklikləri ehtiva edir. Azərbaycan tikinti icazəsinin verilməsi üçün "bir pəncərə” sistemini yaradıb ki, bunun sayəsində icazənin alınma müddəti 80 günədək azalıb. Bundan başqa, ilk kredit bürosu yaradılmaqla kreditlərin alınması sadələşdirilib”.
Həmçinin hesabatda diqqətə çatdırılır ki, Azərbaycanda "ASAN Kommunal” mərkəzləri sayəsində elektrik şəbəkələrinə qoşulma prosesi asanlaşdırılıb. Qeyd edək ki, "Doing Business-2018" reytinqində Azərbaycan 57-ci yerdə qərarlaşmışdı.
Hesabatı dəyərləndirən millət vəkili Aydın Mirzəzadə "Sherg.az”a söyləyib ki, bu cədvəl Azərbaycandakı real vəziyyəti əks etdirir:
"Prezident İlham Əliyevin Azərbaycanın dövlət idarəçiliyində, iqtisadi sektorunda, sosial problemlərin həllində apardığı islahatlar öz nəticəsini verir. Bu islahatlar hər bir vətəndaşın həyatında özünü konkret olaraq göstərir. Bu gün insanlar öz problemlərinin həllində dövlətin daima onların yanında olduğunu və problemlərinin hər dəfə daha çox aradan qaldırıldığını bildirirlər. Ölkə vətandaşları sosial cəhətdən onlara göstərilən qayğının artdığını hiss edirlər. Ölkəmizdə keçirilən islahatlar ilk növbədə insanların daha yaxşı və rahat yaşaması üçündür.
Azərbaycanıın beynəlxalq reytinq cədvəlində 190 ölkə icərisində 25-ci yerdə qərarlaşması kiçik göstərici deyil. Məsələn, qonşu Rusiya həmin siyahada 31-ci yerdədir. Bu, ümumi nəticələrdə Azərbaycan 25-ci yerdədir. Lakin bir sıra göstəricilərdə Azərbaycan daha qabaq yerləri tutur. Hesab edirəm ki, bu nəticələr cənab Prezidentin uğurlu, düşünülmüş siyasətinin nəticəsidir. Aparılan islahatlar sonda Azərbacanın ön sıralarda yer tutması ilə nəticələnəcək”.
Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyev fəliyətinin hər dövründə daim müstəqilliyimizin möhkəmlənməsini, dövlətimizin qüdrətinin artması, hər bir vəttandaşın hüquqlarının qorunması istiqamətində ciddi addımlar atıb, bu gün də atır:
"İslahatlar islahat naminə deyil, konkret müsbət nəticələr naminədir. Cənab prezidentimiz cəmiyyətlə bağlı bütün sahələri, onlar arasında gedən prosesləri diqqət mərkəzində saxlaması, tez-tez regionlara səfər edərək ordakı inkişafa ciddi dəstək göstərməsi göz qabağında olan məsələlərdir”.
"Doing Business" Azərbaycanla bağlı reytinqini müsbət dəyərləndirən iqtisadçı-ekspert Fuad İbrahimli də "Sherg.az"a açıqlamasında qeyd edib ki, bu göstəricilər ölkəmizdə həyata keçirilən islahatlarla bağlıdır:
"Artıq 2016, 2017 və 2018-ci illər nisbətində ardıcıl olaraq iqtisadiyyatımızda yüksək dinamika isbat olunur. Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük diqqət göstərilir. Kənd təsərrüfatı, turizm və başqa təbii sahələrin inkişafı istiqamətində nəzərəçarpan işlər görülür.
Qeyri-neft sektorunun inkişafına maliyyə yatırımları edilir. Qeyri- neft sektorunun inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması, bütün sahələrdə intellektual kadrların hazırlanması yönündə ciddi islahatlara atart verilib və bu islahatlar bu gün də davam edir.
Azərbaycan bir sıra beynəlxalq və irihəcmli layihələrə qoşulub. Hətta həmin layihələrin təşəbbüskarı kimi çıxış edir. Azərbaycana investisiya yatıran xarici ölkə və təşkilatların sayı günbəgün artmaqdadır.
Bu da Azərbaycandakı iqtisadi, siyasi və sosial sabitliklə izah olunur. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
"Doing Business" reytinq agentliyi də məhz bu inkişafı, bu islahatları gördü və ona görə də Azərbaycanı islahatçı ölkə kimi dəyərləndirdi. Eyni zamanda Azərbaycanı iqtisadi inkişafına görə, 190 ölkə içərisində 25 -ci yerdə göstərdi. Bu, Azərbaycan üçün olduqca müsbət nəticədir".
Ayyət Əhməd