İyunun 15-də Bakı vaxtı ilə axşam saat 10-dan sonra vəziyyət aydın olacaq
Rusiyalı makroiqtisadiyyat analitiklərinin proqnozunda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın iqtisadi siyasəti dolların zəifləməsinə gətirib çıxaracaq. Prezidentin iqtisadi təşəbbüslərinin perspektivləri sual doğurur.
D.Tramp infrastrukturun inkişafı və tikintiyə bir trilyon dollar ayıracağını planlaşdırsa da, daha sonra məlum olub ki, bu məbləğ 10 il ərzində təqdim olunacaq. Ekspertlərin fikrincə, investisiyalar və ölkədəki iqtisadi inkişaf D.Trampın siyasətindən zərər çəkəcək. Proqnoza görə, ABŞ milli valyutasının yeni prezidentin həyata keçirəcəyi iqtisadi siyasət nəticəsində zəifləməsi mümkün ola bilər.
Dolların zəifləməsi ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli dolların ucuzlaşmasına səbəb kimi D.Tramp ətrafında baş verən hadisələri göstərib.
Ekspertin sözlərinə görə, Trampın fəaliyyəti ilə bağlı həm konqresdə ayrıca bir komissiya yaradılıb, həm də xüsusi işlər üzrə prokuror təyin olunub:
"Bu komissiya seçkilərdə Trampın komandasının hər hansı bir qeyri-qanuni əməkdaşlıq edib-etmədiyini və prezidentin bu günə qədər atdığı addımların qanunvericiliyə aid olub-olmadığını yoxlamaqla məşğuldur. Bütün bu qeyri-müəyyənlik təbii ki, dolların məzənnəsinə də təsir göstərir. Son bir həftədən çoxdur ki, artıq dollar indeksi dünyada 102 punktdan 97 punkta qədər, yəni 5 punkt azalıb və bu son ayların ən ciddi azalmasıdır. Buna görə də dünyada dolların ucuzlaşması prosesinin şahidi oluruq.
Cəmi 10 gün bundan qabaq 1 Avro 1 dollar 7 sent idisə, bu gün 1 Avro 12 sentə qədər ucuzlaşıb. Digər tərəfdən də Amerikada maliyyə siyasətinə təsir göstərən ciddi qurumlar var, bu da federal rezerv sistemidir. İyun ayının 15-də növbəti toplantı olacaq və bu toplantıda faiz artımının qərara verilməsi ehtimalı çox yüksəkdir. Əgər iyunun 15-də Bakı vaxtı ilə axşam saat 10-dan sonra qərar veriləcəksə, yəni faiz artırılacaqsa bu dolların ucuzlaşmasının qarşısını alacaq və müəyyən qədər möhkəmlənməsinə, yenidən avro qarşısında 1.08-1.09 səviyyəsinə qədər güclənməsinə səbəb olacaq. Amerikada Tramp ətrafında baş verən proseslərdən daha ciddi addımlar var. Oradakı sistem tamam fərqlidir və federal rezerv sisteminin atdığı addımların dolların məzənnəsinə daha ciddi təsir etmək imkanı var. Ona görə də kəskin şəkildə dolların ucuzlaşacağını söyləmək çətindir”.
Yeganə Bayramova