Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən qiymət artımına dair AÇIQLAMA




Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tarif dəyişiklliyinə münasibət bildirib. Qurumun mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir: 

Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub.Bu müddət ərzində, bildiyiniz kimi, nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi.

Və daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi. Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədə müvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib. Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq".


Qeyd edək ki, ötən gün Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərar qəbul edib. Yeni qərara əsasən metro və avtobuslarda gediş haqqı 30 qəpik həcmində müəyyən edilib. Məlumat üçün onu da bildirək ki, dünya ölkələri ilə müqayisədə Azərbaycanda ictimai nəqliyyat və metronun qiyməti ən aşağı səviyyədədir. Hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.


Ayyət