"Dövlət ictimai nəqliyyatda qiymətləri uzun illər sabit saxladı"- Deputat

Rüfət Quliyev:"Son 10 ildə avtobus və metrolarda xidmətlərin dəyəri dəyişməz qalıb. Dünyada elə bir ölkə yoxdur ki, hansısa mal və ya xidmət üçün belə uzun müddət ərzində qiymətlər sabit saxlanılsın"


"Tarif Şurasının ictimai nəqliyyatda gediş haqqını artırmasına dair qərarı məcburi addım idi”.

Bunu "Sherg.az”a millət vəkili Rüfət Quliyev söyləyib. 

Deputat qeyd edib ki, əhalinin bu xəbəri böyük sevinclə qəbul etmədiyi aydındır:

"Həm də nəzərə almaq lazımdır ki, inflyasiya prosesləri bütün dünyada, o cümlədən inkişaf etmiş kapitalist ölkələrində gedir. Son 10 ildə avtobus və metrolarda xidmətlərin dəyəri dəyişməz qalıb. Dünyada elə bir ölkə yoxdur ki, hansısa mal və ya xidmət üçün belə uzun müddət ərzində qiymətlər sabit saxlanılsın. Bu cür proseslər dünyanın hər yerində baş verir. Biz də dünya təsərrüfat iqtisadiyyatına inteqrasiya etdiyimiz üçün oxşar məqamlar ölkəmizdə də özünü göstərir".

R.Quliyevin sözlərinə görə, nəqliyyat sektorunda gediş haqqının yüksəlməsi bu sahədə xərclərin artmasından irəli gəlir:

"Bundan başqa, dövlət qlobal layihələrə vəsait qoyur. Nəqliyyat sahəsində yeniliklər tətbiq olunur, avtobuslar, metro stansiyaları, yeni vaqonlar və s. alınır. Bu yenilənmənin daha da inkişaf etdirilməsi vacibdir.

Bütün bu infrastrukturu saxlamaq üçün müəyyən addımların atılması lazımdır. Dövlət büdcəsindən ayrılan vəsaitlə bu sahəni tam kompensasiya etmək mümkün olmur. Nəqliyyat sahəsinə yeni gətirilmiş avtobuslar sıxılmış qazla çalışır. Bu ekoloji cəhətdən də müsbət haldır. Yeni, müasir, kondisionerli avtobusların gətirilməsi ictimai nəqliyyatda xərcləri də artırır.

Metro, demək olar ki, bütün dünyada iqtisadi cəhətdən özünü doğrultmur. Hər yerdə metropoliten dövlətin ayırdığı vəsaitlə çalışır. Bu, birmənalıdır. Bizim metroda isə yeni stansiyalar açılır, müasir standartlar tətbiq edilir. Metropolitenin inkişafına yönələn xərcləri dövlət qarşılayır. Bu baxımdan metronun inkişafı üçün dövlətə dəstək göstərilmir”.

Enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsinə diqqət çəkən deputat bildirib ki, nəticədə bu xidmət sahəsində xərclərin artması baş verir:

"Əlbəttə, Azərbaycan manatının iki dəfə devalvasiyası da öz mənfi təsirlərini göstərib. Bunu nəzərə almaq lazımdır. Amma nəqliyyatda xidmətin keyfiyyəti artdığı üçün gediş haqları da yüksəldi. Düşünürəm ki, 9-10 ildə bir dəfə hansısa kommunal və nəqliyyat xidmətləri üçün dövlət xərclərini yenidən nəzərdən keçirməyə başlayırsa, bunun, bazar iqtisadiyyatının qanunu olduğunu anlamaq lazımdır. Dövlət ictimai nəqliyyatda qiymətləri uzun illər sabit saxladı. Lakin real rəqəmlər nəzərdə tutulan xərclərlə üst-üstə düşmədiyinə görə, gediş haqqı artırıldı. Tarif Şurasını tənqid etməyə dəyməz, çünki Şuraya müəyyən qurumlar müvafiq göstəriciləri əsas gətirərək, müraciət ediblər".

Qeyd edək ki, avqust ayının 1-dən etibarən ictimai nəqliyyatda, metro və avtobuslarda gediş haqqı dəyişdirilib. Belə ki, əvvəl 20 qəpik olan gediş haqqı 50 faiz bahalaşaraq 30 qəpik müəyyənləşdirilib.

Aysel Aslan