Dövlət vətəndaşını narazı salmır
“Daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması prosesində hələ indiyədək insanların narazı qaldığının şahidi olmamışıq”
Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həmin avtomobil yolunun layihəsi altına düşən torpaq sahələri alınacaq.
Nazirlər Kabineti bununla bağlı "Torpağın dövlət ehtiyacları üçün alınması barədə” qərar verib.
Qərara əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılıb ki, alınan torpağın, həmçinin həmin torpağın hər bir mülkiyyətçisinə məxsus hissələrinin və onlarla birlikdə alınacaq digər əmlakın qiymətləndirilməsi üçün qiymətləndirmə komissiyası yaradılsın, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınmasının "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun tələblərinə uyğun həyata keçirilməsini təmin etsin, yol tikintisi layihəsi altına düşən alınan daşınmaz əmlak və alınmanın təsirinə məruz qalan şəxslər, onlara ödənilmiş kompensasiyanın məbləğləri barədə məlumatı altı ayda ən azı bir dəfə Nazirlər Kabinetinə təqdim etsin.
Maliyyə Nazirliyinə isə Bakı şəhəri ərazisində Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşən torpaqların dövlət ehtiyacları üçün alınmasının maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Məsələyə münasibət bildirən Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında qeyd etdi ki, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı hər zaman vətəndaş udur:
- Nə zamankı torpaq sahəsi və ya daşınmaz əmlaklar dövlət ehtiyacları üçün alınır, vətəndaşlar razı qalır. Daşınmaz əmlakların dövlət ehtiyacları üçün alınması prosesində hələ indiyədək vətəndaşların narazı qaldığının şahidi olmamışıq. Amma özəl şirkətlər, müxtəlif mənzil-tikintii kooperativləri ilə vətəndaşlar arasında həmişə narazılıq yaşanır. İnanıram ki, bu dəfə də yol tikintisi üçün dövlət tərəfindən alınması zəruri görülən sahələrdə yaşayanlar, o sahədə evi olanlar razı salınacaq.
Adıçəkilən ərazidəki evlərin, torpaq sahələrinin qiymətləndirilməsi necə olacaq?
Ə.Nuriyev qeyd etdi ki, Bakı şəhəri və şəhərətrafı zonalar üçün konkret tarif müəyyənləşib. Hüquqşünas daşınmaz əmlakın bazar qiymətlərinə uyğun dəyərləndiriləcəyini bildirdi.
Bəs göstərilən ərazidə "qanunsuz” tikili, sənədsiz evlər varsa, onda necə? O evlərin sahibləri də kompensasiya ala biləcəkmi?
Ə.Nuriyev prosesin qanunamüvafiq həyata keçiriləcəyini dedi:
- Həm mülki qanunvericiliyə, həm də torpaqların dövlət ehtiyacları üçün alınması qanununa görə, torpaq sahələri dövlət ehtiyacları üçün alına bilər. Dövlət ehtiyacları dedikdə, yol tikintisi, digər sosial obyektlərin tikintisi, metro tikintisi, həmçinin kommunikasiya xətlərinin inşası nəzərdə tutulur. Bəzən görürük ki, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı məcburi köçkünlərin köçürülməsi prosesi də həyata keçirilir. Bütün bunlar dövlət ehtiyacı sayılır və həmin ərazilərdə məskunlaşmış əhalinin köçürülməsi və ərazidəki daşınmaz əmlakın satın alınması da dövlət tərəfindən həyata keçirilir. Qalır, məsələnin digər tərəfi; əhaliyə kompensasiya verilməsi məsələsi. Kompensasiya nağd şəklində də ola bilir, mənzillə təmin etmək yoluyla da.
Bu, tərəflər arasında əldə edilən razılaşmadan asılı olur. Üçüncü vacib məsələ, məskunlaşmış əhalinin mülkiyyət sənədlərinin olub-olmamasıdır. Əgər o evlər qanuna müvafiq tikilibsə və vətəndaşların əlində mülkiyyəti təsdiq edən sənədləri varsa, kompensasiya müəyyən olunmuş tarif qiymətinə uyğun ödəniləcək. Evlərin tikintisinə rəsmi icazənin, eləcə də mülkiyyət sənədinin olması kompensasiya ödənilməsi üçün hüquqi əsas yaradır. Onlara kompensasiya da ödənilə bilər, eyni ölçüdə başqa mənzillə də təmin də edilə bilərlər.
Belə olan halda vətəndaşın seçimi əsas götürülür. Kimsə kompensasiya istəyir, eləsi də olur ki, başabaş mənzillə təmin edilməklə razılaşır. Köçürülmə işləri qarşılıqlı razılaşma əsasında olmalıdır. Sənədsiz evlərlə bağlı isə mövcud praktika var. Daşınmaz əmlaka sahibliklə bağlı mülkiyyətçinin əlində rəsmi sənəd yoxdursa, əmlak bir qədər aşağı qiymətə alınır. Amma hələ indiyədək heç kimi sənədsiz evə görə əliboş qoymayıblar.
Sənədsiz daşınmaz əmlaka da kompensasiya ödənilib. Çünki bu insanlar uzun illər orada yaşayıb, kommunal xərcləri ödəyiblər. Bu da legitimlik elementi sayılır. Bakı şəhərində 500 minə yaxın sənədsiz ev var. Amma o ev sahiblərinə, əgər daşınmaz əmlakları alınırsa, həmişə kompensasiya ödənilib. Torpaqlar, daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda əsas şərt vətəndaşla qarşılıqlı razılaşma götürülür. Dövlət vətəndaşını narazı salmır. Bu dəfə də belə olacaq. İstər sənədsiz evlər olsun, istərsə də sənədli.
Məlahət Rzayeva