- “Ən böyük problemimiz Azərbaycan dilinin tədris korpusunun yaradılmamasıdır”
“PİSA nəticələri göstərir ki, təhsilimizdə oxuyub-anlama bacarığı hələ də zəif bənd olaraq qalır. Bu isə riyazi təfəkkür və təbiət fənləri üzrə daha yüksək nəticələr əldə etməyə mane olur. Səbəb isə bizim bu bacarığa bəsit yanaşmamızdadır”.
Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, pedaqoq “Altun Kitab” Nəşrlər Evinin direktoru Rafiq İsmayılova məxsusdur.
R.İsmayılov elm və təhsil naziri Emin Əmrullayevin PİSA nəticələri ilə bağlı açıqlamasında oxu bacarığı, oxunanın qavranılması barədə danışıb və deyib ki, dərsliklərdə dil qaydaları üzərində iş gedir, bizim heç bir pedaqoji müəssisəmizdə oxu ayrıca fənn kimi tədris olunmur. Şairlərin şerlərini oxumaq oxu savadlılığı deyil.
R.İsmayılov məsələni izah edərək bildirdi ki, PİSA dünyada orta təhsilin real, obyektiv mənzərəsini göstərən beynəlxalq pedaqoji araşdırmadır. O, sadəcə, ölkələrin təhsil reytinqini ölçmür, həm də irəliləmə və ya geriləmənin səbəblərini göstərir, təhsil göstəricilərinin bir sıra sosial faktorlardan asılıılığını nümayiş etdirir:
- PİSA nəticələri göstərir ki, təhsilimizdə oxuyub-anlama bacarığı hələ də zəif bənd olaraq qalır. Bu isə riyazi təfəkkür və təbiət fənləri üzrə daha yüksək nəticələr əldə etməyə mane olur. Səbəb isə bizim bu bacarığa bəsit yanaşmamızdadır. Biz hələ də oxuyub-anlamaya, sadəcə, dil bilgisi kimi baxırıq. Dünyanın aparıcı qiymətləndirmə institutları isə oxuyub-anlama vasitəsilə öyrəncilərin intellekt göstəricilərini – söz ehtiyatını, ümumi dünyagörüşünü, analitik və tənqidi təfəkkürünü, öyrənməyi öyrənmək bacarığını ölçür. Artıq 50 ildən çoxdur ki, mətnlə iş ayrıca bir elm sahəsi kimi formalaşıb. Bu sahədə araşdırmalar bir çox suallara aydınlıq gətirir: hər bir yaş qrupu üçün seçilən mətnlərin meyarları, oxuyub-anlama üçün qoyulan sualların tipologiyası və s. Bunun üçün isə fundamental araşdırmalar aparılır, yaş səviyyələri üzrə söz ehtiyatı, şagirdlərin orta oxuyub-anlama sürəti müəyyənləşdirilir. Artıq neçə ildir ki, ETN oxuyub-anlama bacarığının inkişafı üzrə müəyyən layihələr, monitorinqlər həyata keçirir. Bəlkə də, bunun nəticəsidir ki, bu göstərici üzrə həmişə sonuncu onluqda qərarlaşan ölkəmiz indi bir qədər ortalara doğru “sürüşüb”. Lakin görüləsi işlər hələ çoxdur.
R.İsmayılov qeyd etdi ki, xüsusilə məktəbdaxili qiymətləndirmədə (KSQ, BSQ) bu sahəyə xüsusi diqqət yetirmək lazımdır:
- Ən böyük problemimiz isə Azərbaycan dilinin tədris korpusunun yaradılmamasıdır. Belə bir korpus olmadan bu sahədə fundamental araşdırmalar aparmaq və oxuyub-anlamanın inkişafını elmi əsaslar üzərində qurmaq mümkün olmayacaq.