Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır - Sosioloq

  • “Dövlət vətəndaşı vergi ödəyicisi kimi deyil, əsl vətəndaş kimi qəbul etməlidir”

Xalq arasında ən çox müzakirə olunan mövzulardan biri üç uşağı olan ailələrə də sosial dəstək mexanizmlərinin şamil olunmasıdır. 2018-2025-ci illərdə aparılan sosial islahatlar sayəsində beşdən çox uşağı olan qadınların hər uşaq üçün aldığı aylıq müavinət 33 manatdan 140 manata yüksəlib. Lakin zaman ötdükcə, çoxuşaqlı ailə modeli arxa plana keçir.

Statistikaya əsasən, hazırda ölkədə 5-dən çox uşağı olan ailələrin ümumi sayı 13 325-dir. 3 uşağı olan ailələrin sayı isə 256 mindən çoxdur. Bu rəqəmlər göstərir ki, üç uşaqlı ailələrin miqyası müqayisəedilməz dərəcədə böyükdür. Buna görə də onların sosial dəstək mexanizmlərilə təmin edilməsi məsələsi hər zaman ən çox müzakirə edilən mövzulardan biridir. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi parlamentdə müzakirə olunan əsas təkliflər sırasındadır. Onun sözlərinə görə, məqsəd çoxuşaqlı ailə meyarlarının mərhələli şəkildə üç uşağa qədər endirilməsidir. Parlamentari yuxarıda qeyd etdiyimiz göstəricilərə diqqət çəkərək, üç və daha çox uşağı olan bütün ailələrə eyni vaxtda müavinət ödənilməsinin dövlət büdcəsi üçün maliyyə yükü yarada biləcəyini də vurğulayıb.

Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov Sherg.az-a bildirib ki, Azərbaycanda üçuşaqlı ailələrə maddi yardım mexanizmləri planlaşdırmaq mümkündür:

“Amma bu, dibi olmayan quyuya daş atıb dolmasını gözləmək kimidir. Çox təəssüf ki, dövlətin vətəndaşa münasibəti dəyişib. Vətəndaşların artımına nail olmaq üçün ilk növbədə valideynlərə üç uşaq böyütməyə imkan verən sosial şərait yaratmalıyıq. Sadəcə kor-təbii maddi yardım etmək və ya pul ayırmaq korrupsiyaya yol açacaq, mənimsəmə hallarını artıracaq. Keçmiş təcrübələr, o cümlədən Özünüməşğulluq Proqramının icrası zamanı baş verənlər bunun əyani sübutudur. Rayonlarda proqrama qoşulan vətəndaşlara sağlam heyvan əvəzinə xəstəsini verirdilər. Sənədlərə baxsan, görərsən ki, quzunun qiymətinə bəlkə də inək almaq olardı”.

Sosioloqun sölərinə görə, hər şeyi sadəcə qurumların ixtiyarına buraxanda, xoşagəlməz nəticələr ortaya çıxır:

“Ona görə də üçuşaqlı ailələrə real yardım etmək üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır. Onların əmək hüquqlarında lazımi dəyişikliklər etmək üçün isə Dövlət Əmək Müfəttişliyi və Həmkarlar Konfederasiyası bu işə cəlb edilməlidir. Çox Təəssüf ki, bu qurumlar öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Doğum səviyyəsinin yüksək olduğu bölgələrdə (cənub rayonlarında) valideynlər işlə təmin edilsə, insanların sosial rifahı yaxşılaşa bilər. Onların sosial yükünü azaltmaq üçün isə sovet dövründəki kimi uşaq bağçaları bərpa edilməlidir. Uşağa baxmağa qohum tapmayan, yaxud dayəyə 300 manat xərc çəkməli olan valideynə elə həmin məbləğdə əməkhaqqı təklif olunarsa, bu, onun üçün iqtisadi baxımdan maraqlı olmayacaq”. 

Ə.Rəhmanov onu da qeyd edib ki. hökümət valideynə iş təklifi ilə kifayətlənməməli, onu birbaşa iş yeri ilə təmin etməlidir:

“Məhz buna görə, üçuşaqlı ailələrə maddi yardım məsələsində səslənən fikirlərlə razılaşmıram. Çünki maddi yardım ayırmaq başqa məsələdir, bu yardımı düzgün və səmərəli şəkildə çatdırmaq isə tam fərqli məsələdir. Statistikaya nəzər salsaq, görərik ki, Azərbaycanda vətəndaşların sayı azalır, Avropada isə əhali əsasən miqrantların hesabına çoxalır. Söhbət əhalidən deyil, birbaşa vətəndaşlardan gedir. Bizdə vətəndaş hələ də vergi ödəyicisi kimi qəbul olunur. Əgər ölkədə vətəndaşların sayını artırmaq istəyiriksə, dövlət vətəndaşı vergi ödəyicisi kimi deyil, əsl vətəndaş kimi qəbul etməli və ona buna uyğun münasibət göstərməlidir”.