Dünyada nümunələri var Parlament televiziyası lazımlıdır

Milli Məclisdə qəbul edilən qanunlar, onların izahı, deputatların nə iş gördüyü cəmiyyətə tam çatdırılmır




"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu parlament televiziyasının yaradılması təklifi ilə çıxış edib. Onun sözlərinə görə, Milli Məclisdə qanun layihələri qəbul edilir, amma bunun izahının verilməsi üçün televiziya kanalına ehtiyac var: "Tutaq ki, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bunun mahiyyəti açıqlanmalıdır”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə qəbul edilən qanun layihələrinə jurnalistlərin diqqət yetirmədiyini iddia edib. O hesab edir ki, Milli Məclisdə akkreditasiya edilən jurnalistlərin işi parlamentin qəbul etdiyi qanunları, müzakirə olunan məsələləri təbliğ etməkdir. Amma belə olmur. Əgər kiçik bir insident olarsa, mətbuat bunu dərhal yazır.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, Milli Məclisdə səsləndirilən təklif müzakirə olunmalıdır:

"Böyük dövlətlərin bir çoxlarında parlament televiziyaları var. Yəni, ərazisi, əhalisinin sayı çox olan ölkələrdə belə televiziyalar mövcuddur. Amma Azərbaycan kimi kiçik ölkələrdə dövlət və özəl televiziya kanallarının sayı kifayət qədərdir. Bizdə belə televiziya kanalının açılmasına ehtiyac görmürəm”.

N.Məhərrəmli deputatlara yeni televiziya kanalının əvəzinə mövcud kanallardan istifadə etməyi təklif edib:

 "Fikrimcə, mövcud televiziya kanallarının potensialından istifadə edib, Milli Məclisdə gedən məsələləri daha geniş işıqlandırmaq olar. Yəni büdcədən maliyyələşən kanallarda Milli Məclisə həsr edilən verilişlərin saatını daha da artırmaq olar. Bu kanallardan istifadə etmək daha məqsədəuyğun olardı. Çünki yeni parlament kanalı açmaq özü dövlət büdcəsi üçün əlavə vəsait deməkdir. Azərbaycan kimi ölkədə, indiki dövrdə dövlət televiziyalarının bütün dünyada nisbətən azaldılması fonunda yeni büdcədən maliyyələşən kanalın açılması bir az doğru olmazdı. Ona görə də mövcud kanallardan bu məsələ üçün vaxt sayını artırmaq olar. Bununla da Milli Məclisdə televiziya kanalları ilə bağlı səsləndirilən boşluğu doldurmaq olar”.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı hesab edir ki, professional formada işlədə biləcəklərsə, parlament televiziyasının yaradılması təklifinin reallaşdırılması çox yaxşı olar: 

"Bir günə elə olur ki, 12-13 işə baxırlar, xeyli qanunda əlavə və dəyişikliklər edirlər və s. Bunu hətta biz media nümayəndələri belə çox vaxt analiz edib sona çata bilmirik ki, nə, necə oldu? Ekspert səviyyəsində qanunların izahı olarsa, effektli hesab edilə bilər. Bəzi deputatlar da zəhmət çəkib gördükləri işləri öz seçicilərinə izah etsinlər. Bu zaman eynin zamanda parlamentin də iş əmsalı ortaya çıxacaq. Seçicilər bu televiziyadakı kontakt vasitəsilə öz deputatlarına, onların savad və qabiliyyətlərinə daha yaxşı bələd olacaqlar”.

Dünyada artıq bir neçə belə nümunənin mövcud olduğunu vurğulayan Səbinə xanımın sözlərinə görə, Azərbaycanda da bunu tətbiq etmək lazımdır. Televiziyaların və media qurumlarının çoxluğu yalnız inkişafa xidmət edər. Uğursuzlar isə zamanla sıradan çıxacaq.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə də bu praktikadan dünyanın müxtəlif ölkələrində istifadə olunduğunu qeyd edib: "Parlament televiziyası qanunverici orqanın fəaliyyətini cəmiyyətə çatdırır, qəbul olunan qanunların ətraflı izahını təmin edir. Bu baxımdan, yaxın gələcəkdə Azərbaycanda parlament televiziyasının fəaliyyətə başlaması istisna olunmur. Amma bir vətəndaş, bir jurnalist kimi bu yenilik məni sevindirmir. Bildiyiniz kimi, Milli Məclis üzvlərinin böyük əksəriyyəti mətbuatla əməkdaşlığa bir o qədər də maraqlı deyil. Hazırda jurnalistlərin Milli Məclisin iclas zalında fəaliyyət göstərməsilə bağlı müəyyən qadağalar var. Parlament televiziyasının yaradılmasından sonra bu məhdudiyyətlər bir qədər də sərtləşə bilər.

Hətta mən qorxuram ki, yeni TV-nin fəaliyyətə başlamasını əsas gətirib, jurnalistlərin Milli Məclisə girişinə qadağa qoyulsun. Bu isə jurnalistlərin deputatlarla əlaqələrinin tamamilə kəsilməsi deməkdir. Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Aydın məsələdir ki, parlament televiziyası dövlət vəsaiti hesabına fəaliyyət göstərəcək. Nəticədə yenə büdcə vəsaiti bir o qədər də səmərəli sayılmayan sahəyə sərf olunacaq. Bir qədər də açıq danışmaq istəyirəm: axı bizim deputatların əksəriyyəti fəaliyyətsizdir, xalq onların 90 faizini tanımır. Belə olan təqdirdə, parlament televiziyası onların hansı fəaliyyətini işıqlandıracaq? Hörmətli deputatlarımıza məsləhət görərdim ki, maaş davası, televiziya davası etməkdənsə, bir az öz seçicilərinin rifah halını yaxşılaşdırmaq barədə düşünsünlər. Azərbaycan xalqı qədirbiləndir, əgər deputatlarımız xalq üçün çalışsalar, televiziyasız da biz bundan xəbər tutacaq və alqışlayacağıq”.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə Azərbaycanda parlament televiziyasının yaradılmasına ehtiyac olmadığını düşünür. Onun sözlərinə görə, ölkədə kifayət qədər televiziya kanalı var. Əgər parlamentdə müzakirə edilən layihələrin, qəbul edilən qanunların ətraflı izahına ehtiyac duyulursa, AzTV və ya İTV iclasları yayımlaya və yaxud geniş xülasə verə bilər: "ASAN Radio qanunları ekspertlərin, hüquqşünasların iştirakı ilə ətraflı izah edə bilər. Rəsmi qəzetlər də var, parlamentin öz qəzeti də var - yazı formasında verə bilərlər. Kim istəsə onlardan baxa, dinləyə, oxuya bilər. Ölkə dolub saysız-hesabsız TV, radio, qəzet, sayt, agentliklə. Hələ sosial şəbəkə səhifələrini demirəm. Balaca bir respublikada bu qədər media nəyə lazımdır? Ara yerdə yüz milyonlarla pul havayı gedir. Kimdi hamısına baxan, dinləyən, oxuyan? Bunların 90 faizi heç nəyə yaramır, xalqa faydalı, cəmiyyətə xeyirli, ölkənin inkişafına töhfə verəcək işlə məşğul olmurlar. Hansısa bir layihəni etmək istəyirlərsə, mövcud resurslardan bəhrələnə bilərlər. Bir balaca ölkədə 2 idman televiziyası (İdman Azərbaycan, CBC Sport) nəyə lazımdır? Bunlardan birini sosial televiziya da etmək olar. Yəni, bu cür təkliflərin əvəzində deputatlar yaxşı olar ki, daha ciddi məsələlərin həllinə çalışsınlar”.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev də parlament üçün xüsusi televiziyanın yaradılmasına heç bir ehtiyac görmür: "AzTV həftədə bir dəfə plenar iclasdan geniş reportaj hazırlayır. Güman edirəm ki, onun dövriliyini artırmaq, önəmli müzakirələr zamanı canlı olaraq vermək kifayət edər. AzTV-nin texniki imkanları da, peşəkar heyəti də buna kifayət edir. Milli Məclis üçün yeni televiziya əlavə maliyyə yüküdür - həm büdcəyə, həm də parlamentə”.

Milli.az informasiya portalının baş redaktoru Anar İmanov isə Azərbaycanda ayrıca parlament televiziyasının yaradılması ideyasının çox gözəl təklif olduğunu deyib: 

"Parlament televiziyası yaradılmalıdır. Belə bir televiziyaya çoxdan ehtiyac var. Son illərdə Milli Məclis tərəfindən çox sayda qanunlar qəbul olunub. Yaxşı olardı ki, qəbul olunan qanunların haqqında əhaliyə məlumat verilsin, ekspertlər onları təhlil edib, sadə dildə insanlara onların mahiyyətini çatdırsınlar. Məsələn, pensiya haqqında qanunvericilik dəyişdiriləndə, elə məhz televiziya vasitəsilə əhaliyə dəqiq, şayiələrdən uzaq, yoxlanılmış məlumat verilməlidir. Həmçinin digər qanunlarla bağlı. Digər ölkələrdə də parlament televiziyası yaradılması müzakirə olunur. Məsələn, Rusiyada dövlət telekanalında "Parlament saatı” var. Veriliş canlı yayımlanır və əhalini maraqlandıran suallara cavab verilir. Orada həmçinin qərar qəbul olunub ki, ayrıca KİV kimi "Parlament televiziyası” fəaliyyət göstərsin”.

"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal isə deyib ki, parlament televiziyası bir sıra ölkələrdə, o cümlədən, qardaş Türkiyədə də var. Azərbaycanda da belə spesifik bir televiziya kanalının olması mümkündür: 

"Bununla belə, mən hesab edirəm ki, hazırda parlament televiziyasına xüsusi zərurət yoxdur.
Birincisi, ona görə ki, bu cür televiziya kanalı olan ölkələrdə parlament televiziyaları parlamentin iclaslarını canlı yayımla verirlər. Həmçinin, həmin parlamentin iclasları demək olar ki, ay ərzində əksər günlərdə olur. Yəni deputatlar oraya əsas iş yeri kimi gedib gəlirlər.

Bizdə isə vəziyyət fərqlidir. Parlamentin iclaslarından canlı yayım verilmir. Jurnalistlərin telefonları belə içəri buraxılmır. Bundan başqa, Milli Məclisin iclasları ay ərzində 2-3, maksimum 4 dəfə keçirilir. Hər iclasın müddəti isə 4 saatdır. Bu halda, parlament televiziyasının efir vaxtı necə doldurulacaq? Hansısa qanunların şərh olunmasına gəlincə, bizdə yeni qanunlarda daha çox qüvvədə olan qanunlara əlavə və düzəlişlər üstünlük təşkil edir. Digər tərəfdən, hansısa qanunun şərhi üçün kifayət qədər resurslar var. Bu baxımdan, hesab edirəm ki, indiki vaxtda Azərbaycanda parlament televiziyasının yaradılmasına xüsusi ehtiyac yoxdur”.

"Həftə içi” qəzetinin əməkdaşı Naibə Qurbanovanın fikrincə, son vaxtlar parlamentdəki məsələlərin, xüsusən də millət vəkillərinin fikirlərinin təhrif olunaraq ictimaiyyətə çatdırılması parlament televiziyasının açılmasını vacib edir:

"Bununla belə, ölkədəki telekanalların sayı imkan verir ki, onlardan hər hansı birində parlamentin fəaliyyətinə həsr olunmuş vaxt ayrılsın. Bunun üçün ayrıca telekanal açılmasına ehtiyac yoxdur, çünki bu, əlavə vəsait deməkdir.

Ən əsası parlament telekanalı o ölkələr üçün aktualdır ki, orada parlament həyatı deyilən bir qaynar mühit mövcuddur. Bizdə bu mühit mövcud olmadığı üçün belə bir telekanala ehtiyac yoxdur. Milli Məclisdə qaldırılan məsələləri mövcud resurslarla da işıqlandırmaq mümkündür”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb