Düşmən işğalçılıq siyasətini davam etdirir

Bu halda Türkiyə-Ermənistan sərhədlərinin açılması real deyil



Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət öncə ilkin şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa, daha doğrusu, sərhədləri açmağa hazır olduğunu açıqlayıb. Lakin baş nazirin məsələyə yanaşması düşmən ölkədə müəyyən qüvvələrin ürəyincə olmayıb. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Tiqran Balayan baş nazirin Türkiyə ilə bağlı çıxışının tam əksinə fikir söyləyib.

Balayan Türkiyə ilə ilkin şərt olmadan münasibətlərin normallaşdırılması məsələsinin Ermənistan hökumətinin proqramına daxil edilmədiyini açıqlayıb: "Əgər Türkiyə hökumətindən bununla bağlı bir mesaj gələrsə, bunu dəyərləndirəcəyik. Lakin Türkiyə prezidenti və xarici işlər naziri Bakıya səfər edərək, orada mənfi açıqlamalar verirlər. Hazırda Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmağa hazır olduğunu görmürük”. 

Göründüyü kimi, yeni hökumət ağır iqtisadi böhran dövrünü yaşayan dövlətin və xalqın xilasını Türkiyə ilə sərhədlərin açılmasında görsə də, iqtidar daxilində prosesə mənfi yanaşanlar da mövcuddur. 

Türkiyə və Ermənistanın sərhəd müzakirələri ilə bağlı "Şərq”ə açıqlama verən siyasi elmlər namizədi Zaur Məmmədov bildirib ki, baş nazir Paşinyan reallığın fərqindədir. O, çox yaxşı başa düşür ki, Ermənistanla Türkiyənin sərhədlərinin açılması üçün məlum tələblər mütləq reallaşmalıdır. Əks halda tərəflər arasında atılan hansısa addım, irəliləyiş rəsmi Bakını məmnun etməyəcək: 

"Bildiyiniz kimi Türkiyənin əsas tələblərindən biri Dağlıq Qarabağ münaqişəsində düşmən ölkənin tutduğu mövqedən imtinası və işğal etdiyi torpaqları azad etməsidir. Digər tərəfdən Ermənistanda anti-konstitusion şəkildə qurulmuş yeni hökumətin qardaş Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər daha çox Qərbə mesajdır. İrəvan çalışır ki, Qərb bu məsələyə müdaxilə etsin və sərhədlərin açılmasına yardımçı olsun. 

Əsas hədəfi Avropa İttifaqı olan Ermənistanın Qərbə inteqrasiyası üçün Türkiyə çox böyük və vacib önəm kəsb edir. Bu səbəbdən Türkiyə ilə sərhədlərin ilkin şərt olmadan açılması birbaşa Paşinyan tərəfindən gündəmə gətirilir. Lakin biz əminik ki, Türkiyədə Ermənistanla sərhədlərin şərtsiz açılmasından söhbət belə gedə bilməz. Çünki ortada məlum və çox vacib prinsiplər dayanır. Qardaş ölkə bu prinsiplərin üstündən heç vaxt xətt çəkməz”.

İsmayıl