"...Düşmən öldürücü zərbələr alır" - MÖVQE




"Beynəlxalq təşkilatlar, Minsk qrupunun həmsədr ölkələri mane olmasa, Azərbaycan və Ermənistan üz-üzə dayansa, ordumuzun gücünü hər kəs görəcək”.

Bunu Sherg.az-a cəbhədəki son vəziyyətlə bağlı danışarkən millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın 5 nəfər şəhidi var, Ermənistandan isə ölənlərin sayı 100-ə çatıb:

"Qoy, Azərbaycan ictimaiyyətində çaşqınlıq, məyusluq yaranmasın ki, düşmən ordusu torpağımızdadır. Sözsüz ki, düşməni torpaqlarımızdan təmizləməyimiz istiqamətində itkilərimiz olacaq. Amma şəhidlərimizin əvəzinə 10-20 qat düşməndən qisasımızı alacağıq. Buna görə də, təşviş, məyusluq keçirmək lazım deyil. Erməni təxribatına cavab verən Azərbaycan ordusu cəbhədəki vəziyyətə nəzarət edir. Düşmən cavab olaraq öldürücü zərbələr alır, bundan sonra həmin zərbələr daha güclü olacaq”.

Ermənilərin itkiləri barədə məlumat yaydıqlarını deyən E. Məmmədov Ermənistan informasiya agentliklərində fevralın 25-i yayılan xəbəri xatırladıb:

"Erməni Xəbər portalları Dağlıq Qarabağda, Xankəndində yaşayan erməni qadın özünün sosial şəbəkədəki səhifəsində yaydığı statusu dərc ediblər. Qadın yazır ki, qardaşım cəbhə xəttində əsgərdir, o deyib, gözünün qarşısında 3 yük maşını erməni əsgərlərini daşıyıb. Qadın, qardaşının tək o bölgədə 70 nəfər erməni cəsədini gördüyünü, hospitallar xəstəxanalar yaralılarla doludur. Azərbaycan ordusu bütün istiqamətlərdən atəş açır. Bilmirik bunun sonu necə olacaq.

Baxın, bunu erməni qadın özü yazıb, paylaşıb. Erməni informasiya agentlikləri də bunu yaymaqla narahatlıqlarını ifadə ediblər. Azərbaycan ordusunun gücü Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyanın qulağından tutub, ölkəmizdə məhkəmə qarşısına çıxarmağa qadirdir. Buna yalnız ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri, beynəlxalq təşkilatlar mane olur”.

Aysel Aslan