Rusiya sülhü pozmaq cəhdlərindən əl çəkməyəcək - Ruben Mehrabyan "Şərq"ə danışdı

  • “Moskvanın buna nail olmasının qarşısını almaq üçün səylər göstərmək lazımdır”

Ermənistan və Azərbaycan arasında sülh prosesinin gələcək perspektivləri, sazişin imzalanması və regional kommunikasiyaların açılması məsələləri siyasi gündəmdə aktuallığını qoruyur.

Ermənistanın Baş naziri Nikol Paşinyan sülhün artıq reallığa çevrildiyini vurğulayıb. Baş nazir qeyd edib ki, sülh sazişinin imzalanması məsələsində aralıq mərhələyə çatmışıq. Onun TRIPP layihəsi, sərhədlərin delimitasiyası, Türkiyə ilə münasibətlərin normallaşdırılması və digər regional təşəbbüslərlə bağlı açıqlamaları da sülh gündəliyinin əsas istiqamətlərini bir daha diqqətə gətirib.

Ermənistanın “Respublika Uğrunda” Partiyasının sədr müavini, erməni politoloq, Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan “Şərq”ə Paşinyanın açıqlamasına münasibət bildirib:

"Baş nazir çıxışında hər şeyi ifadə edərək, Ermənistan və Azərbaycan arasında sülhün institusionallaşdırılması prosesinin müsbət istiqamətdə irəlilədiyini vurğuladı. O, heç nəyə baxmayaraq, bu prosesin davam edəcəyini bəyan etdi".

Erməni analitik Rusiyanın sülhə mane olacağını vurğulayıb: 

"Rusiya öz maraqları naminə bütün sülh gündəliyini pozmaq cəhdlərindən əl çəkməyəcək. Moskvanın buna nail olmasının qarşısını almaq üçün səylər göstərmək lazımdır. Çünki Moskvanın uğuru həm İrəvanın, həm də Bakının uğursuzluğu deməkdir".