Onda ölkədə qız qalmazdı, hamısı xaricə qaçardıLalə Mehralı: “Gənc qızların əksəriyyəti xəyallar qurur, sosial şəbəkələrdə daha çox əcnəbilərlə ünsiyyət yaradır ki, bəlkə xaricdən bir elçisi çıxa”
Arzu Müzəffərova: "Çox qızlar filmlərdə görüb yaddaşlarına həkk etdikləri münasibətləri, hissləri axtarırlar”
Azərbaycanda xəyanətlə bağlı keçirilən sorğu zamanı müsahiblərdən birinin kişilər barəsində səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə xanım müsahib müxbirin "Xəyanət edən şəxsin cəzası nə olmalıdır?” sualına "Əslində Azərbaycanda kişi yoxdur”,-deyə cavab verib.
Azərbaycan kişisi ilə ailə qurmaq istəmədiyini iddia edən gənc xanım xaricdən evlənmə təklifi gəlsə, müsbət cavab verəcəyini, hətta "uça- uça” gedəcəyini deyib. Xanımın fikirləri isə sosial şəbəkə istifadəçilərinin böyük hiddətinə səbəb olub. Videonu paylaşan istifadəçilər onu sərt tənqid atəşinə tutublar. Hətta onlar arasında tanınmış ictimaiyyət üzvləri, jurnalistlər də yer alıb.
Azərbaycan kişilərini bəyənməyən müsahib bizim oğlanların səviyyəsinə görə əcnəbi oğlanlarından çox aşağıda yer aldığını deyib. Ən pisi də odur ki, bu düşüncədə olan qızların sayı çoxdur. Son illərin statistik göstəriciləri də sübut edir ki, Azərbaycanda xoşbəxtliyini xaricdə axtaran qızların sayı günü-gündən artır.
Ekspertlər isə səbəblərin müxtəlif olduğunu iddia edir.
Məsələ ilə bağlı "Şərq”ə danışan sosioloq-jurnalist Lalə Mehralı əvvəla "Azərbaycanda kişi yoxdur” deyən qızın sözlərini şərh edib. Onun bu sözü ilə rəhmətə getmiş atasını, yaşayan bütün kişi qohum-əqrəbasını, bütün azərbaycanlı kişiləri, torpaq uğrunda şəhid olmuş oğullarımızı təhqir etdiyini vurğulayan Lalə xanım hesab edir ki, sorğu aparan jurnalist gərək ondan soruşaydı ki, əsl kişi kimə deyir və onun hər hansı bir göstəricisi varmı? Sosioloq gənc qızların əksəriyyətinin bu cür düşündüyünü və bunun çox neqativ hal olduğunu deyib: "Xəyallar qurur, sosial şəbəkələrdə daha çox əcnəbilərlə ünsiyyət yaradır ki, bəlkə xaricdən bir elçisi çıxa. Gənc qızların əksəriyyəti evlənib ölkədən getmək üçün can atırlar. Səbəbləri isə müxtəlifdir. Kimisinə görə xaricdə "yel əsib qoz tökülüb”. Axı uzaqdan döyüş asan gəlir, bizim cəmiyyətdə elə fikir formalaşdırıblar ki, bizim ölkədən başqa hər yerdə maddi vəziyyət əladır. İnsanlar rifah içində yaşayır, 8-10 min dollar maaş alır, hamı öz şəxsi evində oturur, bir ailədə hamının şəxsi avtomobili olur və s. Bunlar uzun illər özünü oda, közə vurub durmadan-dayanmadan işləyən insanlar üçün əlçatan ola bilər, amma əcnəbi ilə evlənən kimi hamı milyonçu olsaydı, onda ölkədə qız qalmazdı, hamısı xaricə qaçardı”.
L.Mehralının sözlərinə görə, başqa bir səbəb də bizim kişilərimizin qadınlarına qoyduğu qadağalardır:
"Tutaq ki, dar geyimə icazə vermir, çıx qısa ətək olmaz deyir, boyalı dodaq görmək istəmir, saraldılmış, qızardılmış saçlardan xoşlanmır və öz xanımına bu qadağaları qoyur. Bəzi xanımlar buna əməl edir. Bəzisi isə üsyan. Qohum-qonşusunda, tanışında bu cür qadağa ilə üzləşən qadınların narazılığını görən, eşidən gənc qızlar da "əcnəbilərdə belə kompleks yoxdur” deyə evlilik üçün onları ideal hesab edir”.
Psixoloq-konsultant Arzu Müzəffərova isə deyib ki, müəyyən yaşa çatanda bütün oğlan və qızlarda ailə qurmaq tələbatı əmələ gəlir. "Onlar evlənmək istəyirlər və evlənirlər... Ancaq onlardan hər biri bu vaxt müəyyən bir motivdən çıxış edir. Bir qrupu məhz oğlanı sevdiyi üçün ona ərə gedir, ikincisi, adət və ənənə üzrə evlənir (hamı evləndi, mən də evlənim), üçüncüsü də maddi mülahizələrlə, (oğlanın yaxşı peşəsi, evi, ümumiyyətlə, maddi təminatı və s. vardır ). Oğlanlar isə sadəcə qız xoşuna gəldiyi, yaxud da əxlaqi mülahizələrə üstünlük verməsi səbəbindən evlənir. Halbuki insanların əxlaqi şüuru, mənəviyyatı, hüquqi düşüncəsi eyni deyil, onlar öz həyatının mənasını və gələcək perspektivlərini eyni şəkildə başa düşmürlər və davranış motivlərində köklü fərqlər əmələ gəlir”.
XXI əsr gənclərinin həyata daha fərqli baxdığını vurğulayan psixoloqa görə, keçirilən sorğulardan da bunu anlamaq olur:
"Ailə qurmaq əvvəllər də asan olmayıb, heç indi də asan deyil. Hər kəsin ailə qurmaq düşüncəsi fərqli, yaşadıqları isə tam fərqli olur. Amma bu başqa bir mövzu olduğu üçün geniş izah vermirəm. Əlbəttə, bizim əsas müzakirəmiz müsahibədə xanım qızımızın "Azərbaycanda kişi yoxdur” deməsidir. Təbii ki, bu fikir xoşa gələn deyil. Jurnalistin reaksiyası da verdiyi sualından bəlli olur. Qızın atası və qardaşı ilə bağlı verdiyi sual da məhz bunu göstərir. Amma bir şeyi unutmayaq ki, qadın - kişi arasında olan münasibətlə, ata, qardaş və digər qohumlara qarşı olan münasibətlər tamam fərqlidir. Hətta onların daşıdıqları vəzifə və kimlikləri də fərqlidir. Sadəcə, xanımın ifadəsi ümumi anlaşılır və fikirlər fərqli məcraya çəkilir. Hesab edirəm ki, bu sahədə ayrıca maarifləndirmə işi aparılmalıdır”.
"Azərbaycanda kişi yoxdur” sözünün olduqca ağır ifadə olduğunu vurğulayan psixoloq deyib ki, bu kimi fikirlər cəmiyyətdə birmənalı qarşılanmır:
"Amma mən bir psixoloq olaraq o xanımın dediklərindən anladım ki, sağlam münasibət nədir, necə qurulur bilmir o. Bəlkə də zamanla yaşadığı travmanın nəticəsidir ki, bu cür cavab verib. Bu cür düşünən çox qadınlar var. Amma sözü düşünmədən ifadə etmək də doğru deyil. Əslində münasibət qurmaq hər bir insanın özündən başlayır. Qadın nə istədiyini bilməlidir. Ayaq üstə durmağı bacarmalıdır. Düşüncələri əgər "evlənim, məni saxlasınlar, qa deyim qa, qu deyim qu” olacaqsa və bu olmadıqda "sən kişi deyilsən” kimi fikirlərə düşmək əlbəttə ki, travmalara gətirib çıxaracaq” .
Arzu xanım hesab edir ki, çox qızlar filmlərdə görüb yaddaşlarına həkk etdikləri münasibətləri, hissləri axtarırlar. Əcnəbi oğlanlarla ailə qurmağın sanki bütün işləri, problemləri aradan qaldıracağını zənn edirlər. Xəyalları daha böyük olduğundan reallıqdan uzaq düşürlər:
"Kiminlə necə münasibət qurmaq, o münasibətə necə ad vermək bizim gənclərdə yoxdu. Adi oğlanlar tərəfindən "Siz bu gün çox gözəlsiniz” kəlməsini əksər xanımlar "Mən səni sevirəm” kimi qəbul edirlər və ən əsası dostluq münasibəti demək olar ki, heç yaşanmır. Düşüncədə evlənim, ərə gedim kimi xəyallar qurulur, oğlanların fərqli yanaşması isə aldatılma kimi fikirlərə gətirib çıxarır. Hər iki tərəf münasibətdə diqqətli olmalıdırlar. Hər xoş münasibət sevgi deyil. Bunu gənclərimiz maariflənərək dərk etməlidirlər. Yox əgər iradələrinə hakim ola bilmirlərsə, professional psixoloqlara müraciət etməklə bu problemi aradan qaldırmalıdırlar. Münasibət iki insana aiddir. İstər azərbaycanlı, istər əcnəbi olsun. Münasibət varsa var, yoxdursa da yoxdur. Heç bir münasibət birtərəfli yaşanmamalıdır. Son olaraq gənclərin diqqətinə çatdırım ki, həyat heç də deyildiyi kimi yalan deyil, sadəcə doğru olanı görmək və yaşamaq istəmirik. Nə qədər ki yanlış fikirlər düşünəcəyik, özümüzü dərk etməyəcəyik, bir o qədər də travma yaşayacağıq. Öncə düşüncələrimizə sağlam münasibət göstərək, sonra qarşı tərəfə”.
Şəymən