Əcnəbilərə övladlığa verilən azərbaycanlıların sonrakı taleyi ilə maraqlanılırmı ? - Fikirlər haçalandı

Günel Səfərova:"Xarici və yerli olmasından asılı olmayaraq, ailələr övladlığa uşaq götürdükdə uşaqların sonrakı taleyi istənilən səviyyədə monitorinq olunmur"Yusif Bəkirov:" Buna Ailə, qadın və uşaq komitəsi tərəfindən nəzarət olunur"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəfa Ələkbərova 2018-ci ildə əcnəbilər tərəfindən Azərbaycan vətəndaşı olan iki uşağın övladlığa götürüldüyünü açıqlayıb. O bildirib ki, uşaqlar Türkiyə və İran vətəndaşlarına övladlığa verilib.
Xarici vətəndaşların və ailələrin Azərbaycan vətəndaşı olan uşaqları övladlığa götürməsi hər il qarşılaşdığımız hadisədir. Yaranmış tendensiya isə övladlığa götürülən uşaqların sonrakı taleyinin araşdırılıb-araşdırılmamasını gündəmə gətirir.
Bu barədə "Sherg.az”a danışan Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov xarici vətəndaşlara övladlığa verilmə prosesinə Ailə, qadın və uşaq komitəsi tərəfindən nəzarət olunduğunu söyləyib. 
Təşkilat sədri bildirib ki, yerli vətəndaşlar övladlığa uşaq götürdükdə isə buna icra hakimiyyətləri daxilində fəaliyyət göstərən təsisatlar nəzarət edirlər:
"Ailələr övladlığa götürmə zamanı valideyn himayəsindən məhrum olan uşaqlar arasında 1-3 yaş arası körpələrə daha çox üstünlük verirlər. Lakin yeniyetmə yaşında, 10-12 yaşından valideyn himayəsindən məhrum olanlar, fiziki məhdudiyyətli, internatda yaşayan və s. uşaqlar da var. Onlar haqqında xüsusi qanun qəbul olunub.
Rəhbərlik etdiyim Uşaq Hüquqlarının Müdafiə Liqası, Ailə, qadın və uşaq komitəsi, Təhsil Nazirliyi ilə birlikdə sayt təsis edir. Burada qeyd etdiyim uşaqları - yeniyetmə yaşında, fiziki məhdudiyyəti olanları xarici və yerli vətəndaşlara təbliğ edəcəyik. Bu proses nə qədər effektli qurulsa, həmin uşaqların övladlığa götürülməsi sürətlənər”.
"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova isə vurğulayıb ki, xarici və yerli olmasından asılı olmayaraq, ailələr övladlığa uşaq götürdükdə uşaqların sonrakı taleyi istənilən səviyyədə monitorinq olunmur:
"Düzdür, övladlığa götürmə prosesi kifayət qədər çətindir, çoxsaylı sənədlər tələb olunur. Birbaşa olmasa da, kənardan, uşaqların yaşayış şəraiti monitorinqlə qiymətləndirilə bilər. Amma bunun praktikada geniş araşdırıldığını müşahidə etməmişəm.
Xarici vətəndaşlara verilən uşaqlar Azərbaycanı tərk etdikdə, getdiyi ölkələrdə Azərbaycan nümayəndəliyi varsa, bu səfirliklərin xətti ilə uşağın yaşam şəraiti, durumu ilə maraqlanmalıdırlar. Amma belə araşdırma ilə də qarşılaşmamışam. Ola bilsin, monitorinqlər aparılır, halbuki bununla bağlı hesabat, yaxud hər hansı məlumat görməmişəm”.
Aysel Aslan