Riyaziyyat təmayüllü məktəb ənənəsi güclənir

Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

PİSA nəticələri bunu deməyə əsas verir

Təhsil sahəsi hər nə qədər tənqid olunsa da, irəliləyişlər var və bu, sevindiricidir. PİSA - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının 2025-ci il nəticələri açıqlanıb. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev nəticələr barədə geniş açıqlama ilə çıxış edib. Qeyd edək ki, PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini real həyatda tətbiq etmək bacarığını yoxlayan beynəlxalq qiymətləndirmə tədqiqatıdır.

PİSA-nın 2025-ci il göstəricilərinə əsasən Azərbaycan şagirdlərinin bir çox ölkə məktəblilərindən heç də geri qalmadığını söyləyə bilərik. E.Əmrullayev nəticələri açıqlayarkən xüsusən riyazi və oxu savadlılığı üzrə qızların oğlanları ilk dəfədir ki, qabaqladığını deyib: "PİSA 2025 nəticələrində təbiət elmləri üzrə Azərbaycanda qız şagirdlər oğlanları qabaqlayır. Oxu savadlılığında da qızların nəticələri oğlanlardan əhəmiyyətli dərəcədə yüksəkdir. Oxu savadlılığında qızlar orta hesabla 38 bal üstünlük göstərirlər. Dünyada da təxminən belə bir fərq mövcuddur. Riyazi savadlılıq üzrə isə Azərbaycan üçün fərqli mənzərə müşahidə olunur. İlk dəfə qız şagirdlər oğlanları bu istiqamətdə də qabaqlayıblar. Riyazi savadlılıqda ilk dəfədir ki, qızlar oğlanları keçir. Əvvəllər əsasən 4 bal civarında fərq olurdu. Amma indi biz fərqli nəticə görürük".

Emin Əmrullayev vurğulayıb ki, bu nəticə xüsusilə diqqətçəkəndir:

"Çünki beynəlxalq nəticələrdə adətən riyazi savadlılıq üzrə oğlanların üstünlüyü müşahidə olunur. Dünyada oğlanların nəticələri bəzi hallarda qızlardan təxminən 10 bal yüksək olduğu halda, Azərbaycanda əks mənzərə yaranıb. Bu vəziyyətin səbəblərinin araşdırılması vacibdir və məsələyə yalnız təhsil sistemi çərçivəsində deyil, valideynlərin və cəmiyyətin də məsuliyyəti baxımından yanaşılmalıdır. Əsas sual, həqiqətən də, oğlanların tərbiyəsi və təhsili ilə bağlıdır. Bu sual valideynlərə də yönəlməlidir. Nə baş verir ki, 15 yaşlı yeniyetmə oğlanların gələcək göstəricilərində belə bir mənzərə yaranır?". Nazir bildirib ki, Bakı şəhərinin təbiət elmləri üzrə nəticələri 2018-ci illə müqayisədə yaxşılaşıb. Bununla belə, Azərbaycanın göstəricilərinin inkişaf etmiş ölkələrlə müqayisədə hələ də geri qaldığını qeyd edib. E.Əmrullayev təbiət elmləri üzrə nəticələrin yaxşılaşdırılması üçün məktəblərdə bu fənlərin tədrisinə yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb. "Əsasən təbiət elmləri, ilkin fənlər, İKT fənləri, qiymətləndirmə... Məktəbdə təbiət elmləri ilə bağlı yanaşmalarımızın dəyişməsinə ehtiyac var",- deyə nazir bildirib. Onun sözlərinə görə, nəticələrin yaxşılaşdırılması yalnız fənlərin tədrisi ilə məhdudlaşmamalı, müasir yanaşmaların və yeni təlim metodlarının tətbiqi də diqqətdə saxlanılmalıdır. Nazir Bakı şəhərinin təbiət elmləri üzrə nəticələrinin yaxşılaşma dinamikasını müsbət qiymətləndirib. "Bakı şəhərinin nəticəsinin yaxşılaşma üzrə ikinci yerdə olması əladır”.

E.Əmrullayev bildirib ki, PİSA nəticələrində davamlı artımın təmin olunması əsas hədəflərdən biri olmalıdır. Nazirin sözlərinə görə, hər qiymətləndirmə dövründə 10-20 ballıq artım əldə etmək əhəmiyyətli nəticə hesab oluna bilər. Nəticələrə əsasən Azərbaycanda 15 yaşlı şagirdlərin yalnız 8 faizi məktəb tapşırıqları üçün süni intellekt çatbotlarından heç vaxt və ya demək olar ki, heç vaxt istifadə etmir. Bu isə şagirdlərin 92 faizinin müxtəlif sıxlıqla süni intellekt çatbotlarına müraciət etdiyini göstərir. OECD ölkələrində süni intellektdən istifadə etməyənlərin orta payı 14 faizdir. Azərbaycanda şagirdlərin 48 faizi öyrənmək məqsədilə süni intellekt çatbotlarından həftədə ən azı bir dəfə istifadə edir. OECD üzrə müvafiq göstərici 46 faizdir. Şagirdlərin 38 faizi yeni mövzu ilə bağlı ilkin araşdırma aparmaq, 32 faizi oxuduğu mətni xülasələşdirmək, 35 faizi isə yazı tapşırıqlarını hazırlamaq üçün süni intellektdən yararlanır. OECD ölkələrində bu göstəricilər müvafiq olaraq 31, 30 və 29 faiz təşkil edir. Beləliklə, azərbaycanlı şagirdlərin süni intellektdən məktəb tapşırıqları üçün istifadə səviyyəsi hər üç istiqamətdə OECD ortalamasından yüksəkdir. Bu, müsbət göstərici hesab edilir. 

Qeyd edək ki, PİSA tədqiqatında valideynlərin təhsil və savadlılıq dərəcəsi mütləq öyrənilir. PISA yalnız şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərini test etmir, həm də onların akademik nəticələrinə təsir edən sosial-iqtisadi amilləri araşdırır. Bu məlumatlar aşağıdakı iki əsas üsulla toplanır. Şagird sorğusu və valideyn sorğusu. Valideynlər üçün də xüsusi anketlər təşkil edilir. Burada birbaşa onların təhsil səviyyəsi, peşəsi və evdəki resurslar barədə suallar soruşulur. Bu niyə vacibdir? İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı bu göstəricilərdən şagirdin sosial-iqtisadi status indeksini (ESCS) hesablamaq üçün istifadə edir. Araşdırmalar mütəmadi olaraq göstərir ki, valideynlərin təhsil səviyyəsi yüksək olduqca, şagirdlərin də PİSA-da göstərdiyi nəticələr bir o qədər yüksək olur. E.Əmrullayev də bildirib ki, valideynlərin təhsil səviyyəsi ilə övladlarının akademik nəticələri arasında ciddi əlaqə var. Nazirin sözlərinə görə, valideynin savadlılıq səviyyəsi evdə şagirdin dəstəklənməsi deməkdir. Nazir bildirib ki, açıqlanan nəticələrin Azərbaycanın təhsil sistemi üçün təsirləri və əhəmiyyəti zamanla daha aydın görünəcək: “Biz PİSA nəticələrinin təsirini 10-15 il sonra daha aydın şəkildə hiss edəcəyik”. 

Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz PISA-nın Azərbaycanla bağlı göstəricilərini sevindirici adlandırdı: 

- Məlumdur ki, PİSA 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə biliklərini sadəcə yadda saxlama deyil, real həyatda tətbiq etmək bacarığını ölçən qlobal qiymətləndirmədir. Daha çox bacarıq əsaslı ölçmədir. Yetərincə güvənli və obyektiv qiymətləndirmə hesab olunur. Sonuncu dəfə 2022-ci ilə qiymətləndirmə olub. Builki nəticələr, mənim üçün də müəyyən qədər gözlənilməz oldu. Əslində bu nəticələr məhz klassik məktəbin, yəni repetitorların müdaxiləsi olmayan, 9-cu sinfədək olan nəticələri əks etdirir. Bu ilin nəticələrində xüsusilə Bakı üzrə əvvəlki PİSA ilə müqayisədə çox ciddi irəliləyiş var. Riyaziyyatda nəticə 397-dən 460 bala – 63 bal, təbiət elmlərində 380-dən 440-a – 60 bal, oxu savadlılığında isə 365-dən 405-ə – 40 bal yüksəlib. Normalda PİSA-da bir neçə bal irəliləyiş uğur hesab olunur. Qeyd olunanlar yalnız Bakı şəhəri üzrədir. Azərbaycan üzrə nəticələr isə riyaziyyatda 422, təbiət elmlərində 409, oxu savadlılığında 374 baldır. Nazir bu nəticələrin əldə olunmasında son illərdə təhsildə aparılan islahatların, xüsusilə də müəllimlərin, həmçinin də DİM-in qiymətləndirmə istiqamətində gördüyü işlərin böyük rolunu vurğuladı. Mənim üçün maraqlı məqamlardan biri budur. Xatırlayıram ki, 2000-ci ildə DİM statistikasına görə 50 faiz 9-cu sinif şagirdi 1-ci mərhələ riyaziyyat imtahanında imtahan vərəqələrini heç nə yazmadan geri qaytarmışdı. İndi PİSA-da riyaziyyat üzrə belə ciddi yüksəliş həm sevindirir, həm də araşdırma və təhlillər üçün də maraqlı suallar yaradır. Məsələn, görəsən, PİSA-da müşahidə etdiyimiz bu irəliləyiş DİM-in buraxılış imtahanlarının nəticələri ilə nə dərəcədə uzlaşır? Məncə, bu iki məlumat bazasının müqayisəli təhlili çox faydalı olardı. Əlbəttə problemlər də qalır. Müəllimlərin peşəkarlığı, tədris prosesinin daha effektiv qurulması, müasir təlim metodalrının tətbiqi, xüsusilə də regionlarda tədrisin səviyyəsinin yüksəldilməsi və s. sahələrdə görüləcək işlər daha çoxdur. İstənilən halda son üç PİSA qiymətləndirməsinin dinamikası, xüsusilə də son nəticələr uğurdan xəbər verir. Mən riyaziyyat və təbiət elmlərindəki irəliləyişə xüsusilə ümidlə baxıram. Vaxtilə güclü riyaziyyat məktəbi olan Azərbaycanda bu ənənənin yenidən güclənməsi sevindiricidir.