Ekspert: “Cəbhədə erməni təxribatları davam edəcək”

“Silahlı toqquşmalar hər an geniş miqyas ala bilər”


Ötən gecə Ermənistan silahlı qüvvələri cəbhə xəttində atəşkəs rejimini 34 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirliyin xəbərinə görə, erməni hərbi birləşmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə təxribat yaratmağa cəhd ediblər. 

Xatırladaq ki, düşmən tərəf son bir həftədir cəbhə xəttində gərginliyi artırmağa, diversiya hücumları ilə təxribat törətməyə səy göstərir.

Atəşkəsin mütəmadi pozulması ilə bağlı "Şərq”ə danışan hərbi ekspert Azad İsazədə deyib ki, erməni silahlılarının cəbhədə gərginliyi artırması bir neçə amildən qaynaqlanır: 

"Ermənistanda daxili vəziyyət qeyri-stabildir. Ölkədə baş verən siyasi proseslər, çəkişmələr istər-istəməz cəbhə bölgəsinə təsir edir. Fikrimcə, cəbhədə erməni təxribatları davam edəcək. Əslində bunu sadəcə təxribat kimi dəyərləndirmək doğru deyil. Düşmən təmas xəttində qarşı tərəfin, yəni Azərbaycan Ordusunun zəif nöqtələrini ayırd etmək üçün bu cür əməliyyatlara əl atır. Yəni gərginliyin bir səbəbi də kəşfiyyat xarakteri daşıyır. Təbii ki, ordumuz cavab tədbirləri ilə düşmənə göstərir ki, istənilən istiqamətdə mövqelərimiz güclüdür. Hərbiçilərimiz öz yerlərində möhkəm dayanırlar və vəziyyəti nəzarət altında saxlayırlar. O baxımdan belə hadisələrin bir neçə dəfə təkrar olması gözləniləndir. Biz hər zaman buna hazır olmalıyıq”. 

Ekspert hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib:

"Cəbhə xəttində silahlı toqquşmalar hər zaman geniş miqyas ala bilər. Hesab edirəm ki, yaz aylarında təmas xəttində gərginlik daha da artacaq”.

İsmayıl