Türkiyə ordusu "Fərat qalxanı” əməliyyatı çərçivəsində Əl-Bab şəhərini terrorçulardan azad edib. Amma müdafiə naziri Fikri İşıq Əl Babda hələ də 100 İŞİD-çinin qaldığını söyləyib. Əl-Babın şimal-qərbindəki Qabbasin qəsəbəsindən dar koridorla qaçmağa çalışan terrorçular tamamilə məhv edilib. Son məlumatlara görə, türk ordusu Tadifi qəsəbəsini də tamamilə ələ keçirmək üzrədir.
Ekspertlərin fikrincə, Türkiyə hərbçiləri Azad Suriya Ordusu ilə birlikdə Suriyadakı əməliyyatları davam etdirəcək. Məqsəd Suriyanın böyük şəhərlərini terrorçulardan təmizləməkdir. Türkiyə ordusunun uğurlu əməliyyatları ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, "Fərat Qalxanı”nın iki hədəfi var:
"Bu əməliyyat sayəsində Suriyanın şimalında, Türkiyə ilə həmsərhəd bölgədə bir kürd dəhlizinin yaradılması planının önünə keçildi. Əl-Bab azad edildikdən sonra kürd terrorçularını dəstəkləyən qüvvələr, eyni zamanda PKK-nın Suriya qolu olan PYD gücləri çıxılmaz vəziyyətə düşdülər. Ancaq problem birmənalı bitmiş sayılmır. Çünki hələ də Əl-Bab şəhərinin yaxınlığından keçməklə Aralıq dənizinə qədər bir dəhliz yaratmaq mümkündür. Planın qarşısını birdəfəlik almaq üçün mütləq mənada Membiç şəhərinin azad edilməsinə ehtiyac var. Membiç şəhəri ABŞ-ın dəstəklədiyi PYD terrorçularının əlindədir. Onlar Membiçə girdikdən sonra orada yaşayan ərəbləri, türkmənləri, hətta kürdləri belə zorla şəhərdən çıxardıblar. İndi türk ordusu çalışır ki, şəhəri terrorçulardan təmizləsin və əhalini öz yerinə qaytarsın. Bu strateji şəhərin azad edilməsi həm də "kürd dəhlizi” layihəsinin sıradan çıxması demək olacaq. Düşünürəm ki, Türkiyə qoşunlarının növbəti hədəfi Membiçdir. Məlumatlara görə, şəhərdəki terrorçular səngərlər qazaraq müdafiəyə hazırlaşırlar”.
Politoloq bildirib ki, Türkiyə ilə ABŞ arasında ciddi danışıqlar gedir. Yaxın zamanlarda Tramp hökuməti Suriya ilə bağlı konkret və yekun niyyətini açıqlayacaq:
"Mühüm strateji məkanlardan olan Rakka şəhərinin İŞİD-çilərdən təmizlənməsi prosesi martın ortalarından sonra başlayacaq. Həmin əməliyyatda türk ordusunun iştirak edib-etməyəcəyi ABŞ-Türkiyə anlaşmasından asılı olacaq. Türkiyə şərt qoyub ki, əgər kürd terrorçularla Rakka şəhərinə hücum ediləcəksə, onlar bu əməliyyatlarda iştirak etməyəcək. Xatırladım ki, Membiçdən Rakkaya 158 kilometr məsafə var və ərazi dağlıq bölgədir. Ona görə də Türkiyə və Azad Suriya Ordusunun Membiç üzərindən Rakkaya girişi problemli ola bilər. Amma Türkiyə sərhəddindən Rakkaya cəmi 58 kilometrlik yol var. Bu yolu seçmək Türkiyə və ABŞ üçün daha sərfəlidir. Lakin hələlik müttəfiqlər yekun qərarlarını verməyiblər. Vaşinqtonun siyasi qərarından sonra hər şey aydın olacaq”.
İsmayıl