Əliniz cibinizdə olsun!

Pullu yolların salınması inkişafa müsbət təsir edəcək
Ancaq yoxsullar üçün alternativ yolların olması haqqı da tanınmalıdır




Azərbaycanda ödənişli avtomobil yolu olacaq. Hazırda həmin yolun tikintisi aparılır. Amma bu o demək deyil ki, həmin istiqamətdə hərəkət edən sürücülər yalnız bu yoldan məcburi istifadə edəcək. Alternativ yol da olacaq. İstifadə olunan yol pulsuzdur və bu yol pullu yola alternativ olacaq. Hazırda həmin yolun vəziyyəti normal deyil.

Nəzərdə tutulub ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun tikintisi yekunlaşandan sonra həmin alternativ yol da əsaslı şəkildə yenidən qurulsun. Alternativ yolun əsaslı tikintisi başa çatandan sonra yeni tikilən Ələt-Astara-İran sərhəddi yolu pullu ola bilər.

Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi ilə bağlı məlumatın forması”nda əksini tapan məlumata görə, Azərbaycanda ödənişli avtomagistralın başlanması və başa çatması haqqında nəqliyyat vasitələrinin gedişinə görə haqqın alındığı yol sahəsinin başlanması haqqında məlumat verən yol nişanı quraşdırılacaq.
Məlumat və yol nişanları Azərbaycan dilində və operatorun istəyinə əsasən xarici dildə (ingilis dilində) təqdim ediləcək.

Nəqliyyat məsələləri üzrə ekspert, "Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov dünyada pullu yol praktikasının mövcud olduğunu deyib: "Hansısa yol, bir körpü, lap bir tunel də, yaxud yolun hansısa hissəsi ödənişli edilə bilər. Amma bunun da şərtləri var. Əsas şərt budur ki, hansısa yol ödənişli qərar verilirsə, o yolun mütləq alternativi də olmalıdır. 

Məsələn, Ələt-Astara yolu bu əsasla ödənişli təklif edilirdi ki, Salyan rayonu ərazisindən keçən magistral yolla yanaşı, Biləsuvar istiqamətində də əlavə yol olsun. Yəni, eyni istiqamətə gedən həm ödənişli yol olsun, həm də ödənişsiz. Heç bir halda bir istiqamətə aparan yol birmənalı şəkildə ödənişli edilə bilməz. Sürücülərə mütləq şəkildə alternativ imkan tanınmalıdır. Ödənişli yolun öz standartları var. Nəqliyyatın hərəkəti, təhlükəsizlik faizi, yol hərəkəti qaydalarının tətbiqi, hər bir məsələ burada yüksək həllini tapmış olmalıdır. Ödənişli yollarda istər minik avtomobilləri, istərsə də ağır tonnajlı maşınların hərəkəti üçün maksimum imkanlar yaradılmalıdır. Hələ ki, pullu yol istifadəyə verilməyib. İstifadəyə verildikdə yolun hansı standartlara cavab verdiyi bilinəcək”.

"Böyük Bakının Regional İnkişaf Planı”nda paytaxtda da ödənişli yolun olmasına gəlincə, Ə.Hüseynov bu barədə fikir bildirməyin tez olduğunu deyib: "Məlumatlar vardı ki, Ələt-Astara yolunun bir hissəsi ödənişli olacaq və artıq bu məlumat təsdiqini tapmaqdadı. Amma paytaxtda hansı yol ödənişli olacaq, hələ ki, bilinmir. Hansısa yol ödənişli olacaqsa, çox güman ki, bu, Baş Planda yer alır. Lakin hazırda paytaxtda ödənişli yol yoxdur. Gələcəkdə necə olacaq, bunu zaman göstərəcək. Bütün hallarda bir istiqamətə yalnız ödənişli yol olması mümkün deyil. Mütləq alternativ, ikinci bir yol da olmalıdır. Seçim vətəndaşın öhdəsinə buraxılmalıdır. Kimsə getdiyi ünvana daha qısa, yüksək standartlı, vaxt baxımından sərfəli yolla hərəkət etmək istəyirsə və buna maddi imkanı çatırsa, ödənişli yola üstünlük verəcək”.

Azərbaycanda yollarla bağlı çoxlu problemlər olduğunu vurğulayan AzTU-nun "Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının dosenti, texnika elmləri namizədi Fərhad Eyyubovun sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi SAYM sistemi (sürücü, avtomobil, yol, mühit) deyilən bir sxemlə nizamlanır. 

"Burada elementlərin ayrı-ayrılıqda və birlikdə olan təsiri nəzərə alınır. Həmin problemləri hissələrə bölüb həll edəndə yolun özünün elementləri də ora daxil edilir. Dünya ölkələrinə xas olan əsas problem odur ki, nəqliyyat vasitələrinin artım intensivliyi ilə yol tikintisinin artım intensivliyi arasında ciddi fərq var. Avtomobillərin artımı həndəsi silsilə, yolların tikintisi isə ədədi silsilə ilə artır. Yol tikintisinin maya dəyəri baha başa gəldiyindən şəbəkədə nəqliyyat sıxlığı yaranır. Birdən-birə yol tikmək olmur. Sovet dövründən qalan yolların əksəriyyəti dəyişdirildi, yenidən quruldu. Bütün bunlar isə dövlət büdcəsi hesabına həyata keçirilir. Xarici ölkələrlə müqayisədə Azərbaycanda yol infrastrukturunun inkişafı daha çoxdu. Sadəcə onlarda sistem mükəmməl olduğu üçün problem yaşanmır. Biz də onların təcrübəsindən yararlanmalıyıq”.
F.Eyyubov həm Avropa, həm də qonşu ölkələrdə pullu avtomobil yollarından istifadə edildiyini deyib: "Pullu yolların əsas üstünlüyündən biri odur ki, həmin yollara qoyulan əsaslı vəsait müəyyən bir müddətdən sonra özünü doğruldur və orada əldə edilən gəlirdən digər yolların salınması üçün istifadə edilir. Ancaq pullu yollardan istifadə aralıq yollardan istifadə dərəcəsinə uyğunlaşdırılmalıdır. Aralıq yolları sıxışdırıb pullu yol salmaq doğru deyil. Ələt-Astara yolu və Quba-Xaçmaz istiqamətində olan yolların pullu olması nəzərdə tutulub. Ələt-Astara yolu artıq hazırdır və istifadə üçün də müəyyən imkanlar var”.

Ekspert hesab edir ki, pullu yollar inkişafa müsbət təsir edəcək. Yol standartlarının artımı ilə nəticələnəcək: 

"Pullu yollarda yolun aktiv və passiv təhlükəsizlik elementlərindən istifadə etmək olur. Bizim yollarda isə bu elementlər aşağı standartlara cavab verir. Bəzilərində isə heç mümkün deyil. Ona görə də bizim ölkəmizdə pullu yolların olması nəqliyyatın inkişafına müsbət təsir göstərəcək. Ancaq bu yolların təşkili, standartları, xidməti xarici təcrübəyə uyğunlaşdırılmalıdır”.

Şəymən