Əmək haqlarını 500 manata qaldırmaq mümkün deyil- Oqtay Haqverdiyev





İqtisadiyyat sahəsində ciddi islahatlara ehtiyac olduğu halda 2017-ci ilin dövlət proqramında o barədə məlumatlar qeyd olunmayıb.

Bunu Sherg.az-a "Gələn ildən Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan yuxarı olacaq" iddiasına münasibət bildirərkən Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev deyib. 

Ekspert bildirib ki, ötən il də bu sahədə optimist pronozlar verilmişdi. Lakin çox az qismi özünü doğrultdu: 

"Hazırda 4.8 milyon insan iqtisadiyyatın müxtəlif sahələri ilə məşğuldur. Bu rəqəmin cəmi 1 milyon yarımı muzdla, maaş cədvəlinə imza atmaqla işləyir. Bura həm dövlət büdcəsindən maliyyələşən sahələr, həm də özəl sektorun nümayəndələri daxildir. İqtisadiyyatın geriləməsi verilən proqnozun nə dərəcədə özünü doğruldacağını sual altına salır. 2017-ci il üçün Milli Məclisə təqdim olunan proqramda iqtisadiyyatın guya 1 faiz artacağı göstərilir. Ola bilsin bu artım baş verəcək, amma 1 faiz maaşların və təqaüdlərin qaldırılması üçün böyük artım deyil”.

Mövcud inflyasiya səviyyəsinə diqqət çəkən O. Haqverdiyev qeyd edib ki, bu ilki 12% qiymət artımı işçilərin 500 manatdan çox əmək haqqı almasını əngəlləyir: 

" Bu rəqəm məqsəd kimi qarşıya qoyulubsa, həyata keçirilməsi üçün əvvəl monopoliyanın ləğvi, iqtisadiyyatın özünün liberallaşdırılması, özəl sahənin inkişaf etdirilməsi vacibdir. Hazırda sovet dövründə olduğu kimi iqtisadiyyatın dövlət tərəfindən idarə edilməsi ən yüksək səviyyədədir. Böyük islahatlar aparılmalıdır, lakin 2017-ci ilin dövlət proqramında bu məsələlər göstərilmir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi zərfində gələn il ölkədə orta aylıq əmək haqqı 508,4 manata çatacağı, 2017-2020-ci illər üçün Azərbaycanda iqtisadiyyatın sahələri üzrə orta aylıq əmək haqqının yüksələcəyi göstərilib.

Ayyət Əhməd