Bu işi rəsmi səviyyədə təşkil etmək olar ki, xurmanın qiyməti yüksək olmasın, əhali bu neməti ala bilsin
Ən böyük tələbat xurmaya yaranıb
Ramazan ayı ilə əlaqədar satış yarmarkaları təşkil etməyə böyük ehtiyac var
Bu işi rəsmi səviyyədə təşkil etmək olar ki, xurmanın qiyməti yüksək olmasın, əhali bu neməti ala bilsin
Bu işi rəsmi səviyyədə təşkil etmək olar ki, xurmanın qiyməti yüksək olmasın, əhali bu neməti ala bilsin
Mübarək Ramazan ayı gələr-gəlməz işbazlar qollarını çırmayıb işə girişdi və iftarların vaz keçilməzi xurmanı bahalaşdırdılar.
Səbəb də bunu göstərirlər ki, İranda bu il daşqın, sel oldu, xurmanın ixracına qadağa qoyuldu, qıtlıq yarandı.
Amma Azərbaycana təkcə İrandan xurma gətirilmir axı. Marketlərdə, müxtəlif satış məntəqələrində Tunis, BƏƏ, İordaniya, İsrail və bir neçə ərəb ölkəsindən idxal olunmuş xurmalar da satılır.
Xəbər saytlarında verilən məlumata görə, hazırda İran xurmalarının qiyməti növünə görə 6-10 manat arasında dəyişir. Tunisdən gətirilən 350 qramlıq qablaşdırılmadakı "Tunis xurması” 3 manat 80 qəpiyə, Dubaydan gətirilən xurma növünə görə 14-28 manata, İsraildən gətirilən xurma 29-35 manata, İordaniya xurması 23-27 manata təklif edilir.
Ən bahalı xurma isə Mədinədən gətirilən, "Peyğəmbər xurması” kimi tanınan acvə xurmasıdır, hansı ki, paytaxtın yalnız bir neçə mağazasında satılır.
Onu da deyək ki, bir sıra super-marketlərdə Ramazan endirimi adı altında xurmanın qiymətində endirim edildiyi bildirilir. Adi vaxtlarda 2 manat 70 qəpiyə satılan kağız qutularda qablaşdırılmış İran xurması 2 manat 49 qəpiyə satılır. Lakin bəziləri bunun müştərini aldatmaq məqsədi daşıdığı, qiymətində endirim edilən malların keyfiyyətsiz, istifadə müddəti ötmüş olduğunu deyir.
Ramazan ayıdır deyə, xurmaya tələbat artıb. Süfrədə nə olmasa da, oruc tutannlar çalışır ki, iftarlarını xurma ilə açsınlar. Bu, həm peyğəmbər sünnəti sayılır, həm də xurma lifli meyvə olduğundan həzm prosesinə kömək edir. Tərkibində xeyirli maddələr olduğu imsaqda xurma yemək də gün ərzində insana enerji verir.
Deməli, butün bu səbəblərə görə xurma bahalaşmalıdır? Halbuki, əksini düşünərək, tələbatın xeyli dərəcədə artdığı bir məhsulun qiyməti daha münasib ola bilərdi. Xüsusilə mübarək Ramazan ayının fəzilətləri nəzərə alınarsa.
Amma neyləyək ki, bizdə məsələlər bəzən tərsinə olur. Belədə yada düşən həm də Kənd Təsərrüfatı Nazirliyinin bəzi günlərdə, ya da bayram ərəfələrində təşkil etdiyi yarmarkalardır. Yarmarka təşkil etmək üçün mütləq bayram gəlməlidir? Olmazmı ki, Ramazan ayının başlanması münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunsun, insanlar da ciblərinə uyğun bazarlıq etsinlər? Əvvəlcə bir ayı başa vurmaq lazımdır ki, bayrama da çıxasan.
İqtisadçı Fuad İbrahimov «Şərq»ə açıqlamasında əlamətdar tarixlərdə satış yarmarkalarının təşkili praktikasının bir çox ölkələrdə mövcud olduğunu dedi:
- Qardaş Türkiyədə bu məsələlər daha yaxşı həllini tapır. Ramazan ayında bazarlarda qiymətlərə nəzarət edilir, qiymətlərin qaldırılmamasına çalışırlar. Nə qədər nail olunur, bu başqa məsələ, amma belə xüsusi günlərdə satış yarmarkaları təşkil etmək əhalinin gündəlik tələbatının ödənməsi baxımından çox önəmlidir. Yarmarkaların təşkili də institusional səviyyədə olmalıdır. Bilinməlidir ki, satış yarmarkasının təşkilinin məram və məqsədi nədir. Bu satış yarmarkası nəyə xidmət edəcək, hansı gəlir əldə olunacaq, vətəndaşlara nə dərəcədə xeyri dəyəcək. Bunlar hamısı elmi yanaşma, araşdırma tələb edən məsələlərdir. Bizdə bu yanaşma tərzi olmadığından, satış yarmarkaları kortəbii şəkildə təşkil olunur. Məqsəd bolluq olduğunu nümayiş etdirməkdir. Vətəndaş bu yarmarkalardan yararlana bilirmi, bunu müəyyənləşdirmirlər.
Doğru deyirsiniz, qonşu ölkələrdə, məsələn, Türkiyədə həftə sonları yarmarkalar təşkil olunur, əhali bazarlıq edir, mənfəət əldə edir, iqtisadi baxımdan irəli düşürlər.
Çünki məqsəd başqadır. Məqsəd əhalinin aztəminatlı hissəsinin büdcəsinə uyğun satış yerləri təşkil etməkdir. Bizdə isə yarmarka özünün əsl mahiyyətini itirib. Yarmarkalar adətən, görüntü xətrinə təşkil olunur. Kəndli, fermer becərdiyi məhsulu bu yarmarkalara gətirə bilmir. Siz kənd təsərrüfatı yarmarkalarında, ya da lap elə adi vaxtlarda, bazarlarda regiondan öz məhsulunu gətirib piştaxta arxasında dayanan və becərdiyi məhsulunu satan kəndliyə çoxmu rast gəlmisiniz?! Bizim bazarlarda piştaxta arxasında adətən kəndlidən, fermerdən məhsulu şəhərə və ya bazara girişdə ucuz qiymətə alıb, iki-üç dəfə baha qiymətə satan alverçilər dayanır. Yalandan da and içirlər ki, filan yerdən özüm gətirmişəm, özüm becərmişəm. Kəndli, fermer məhsulunu bazara gətirə bilmədiyi üçün nə kəndli qazanır, nə şəhərli.
Yarmarkalardan gəlir əldə edən yalnız ortadakı işbazlardır. F.İbrahimov bildirdi ki, Ramazan ayı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə satış yarmarkaları təşkil etməsinə böyük ehtiyac var:
- Hamımız bilirik ki, Ramazanda ən böyük tələbat xurmaya yaranır. Bu işi rəsmi səviyyədə təşkil etmək olar ki, xurmanın qiyməti yüksək olmasın, əhali bu neməti ala bilsin. Digər tərəfdən bizdə çox yanlış bir hal hökm sürür. Nəyə tələbat artırsa, onun qiyməti də artır.
Bu isə bazar iqtisadiyyatı qanunlarına tamamilə ziddir. Bazar iqtisadiyyatı əksinə, bunu tələb edir ki, hansı məhsula, mala tələbat artıqdırsa, onun qiymətində ucuzlaşma olmalıdır və bu zaman rəqabət mühiti önə keçməlidir. Daha keyfiyyətli və daha uyğun qiymətə mal təqdim edənlər qazanmalıdır.
Təəssüf edirəm ki, bizdə belə qaydalar işləmir. Ramazan ayıdır deyə, xurmanın qiymətini münasib etməkdənsə, daha da qaldırırlar. Halbuki, bu məhsula tələbat onsuz da böyükdür. Nəinki Ramazan ayında, elə adi vaxtlarda da. Məncə, Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı düşünməlidir və qısa zamanda satış yarmarkalarının təşkilinə nail olunmalıdır. Belədə ucuzluq da olar, vətəndaş da ürəyi istədiyi kimi bazarlıq edər.
Məlahət Rzayeva