Məktəblərdə şiddət artıq gizli deyil, açıq şouya çevrilib - Psixoloqdan SOS

"Mənim uşağım etməz" zorakılığı daha da dərinləşdirir”

Son zamanlar mətbuat və xəbər saytlarının ən çox işlədiyi material məktəblərdə baş alıb gedən zorakılıqla bağlıdır. Təhsil ocaqlarında yaşanan tükürpədici hadisələr həbsxana mühitini ötüb keçib. Artıq bəzi uşaqlar məktəbə getməzdən əvvəl hansı dərsləri öyrənəcəklərini düşünmək əvəzinə, kimə zərər verəcəkləri barədə fikirləşirlər.

Mayın 11-də Lökbatan qəsəbəsində 233 saylı orta məktəbdə qardaşını qorumağa çalışan azyaşlı qız bıçaqlanıb. Əllərində qələm, dəftər tutmalı olan uşaqların silah və bıçağa sarıldığını görürük. Həftə bitməmiş cinayət və qətl hadisələrinin ardı-arası kəsilmir. Təzəliycə, 271 nömrəli məktbədə 9-cu sinif şagirdlərdən biri digər məktəb yolaşını amansızcasına döyüb. Dəhşətlisi isə odur ki, zorakılıq edən uşaq törətdiyi əməli digər yoldaşlarına videoya çəkməyi tapşırıb. Həmin görüntüləri böyük uğura imza atmışcasına, sosial mediada paylaşıblar. Əvvəllər şagirdlərin qazandığı uğurlara görə adları çəkilən və tanınan məktəblər, bu gün kriminallıqla bağlı xəbərlərlə “məşhurlaşır”. Görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra hər kəs xəbər tutmağa və məsələnin araşdırılması üçün əl-ayağa düşməyə başlayıb. Bəs döyülən uşaq, zərbələrin təsirindən ölsəydi, bunun cavabını ailəsinə kim verəcəkdi? Diqqət çəkən digər məqamlardan biri də məktəbin önündə sorğu götürülən valideynlərdən birinin danışığı olub. O, uşaqların sözlərinin bir-birinə çəp gəldiyini deməklə, dələduzun hərəkətlərinə bəraət qazandırmağa çalışıb.

Mövzu ilə bağlı psixoloq Aysu Həsənova Sherg.az-a bildirib ki, məktəblərdə baş verən hadisələr sadə uşaq mübahisəsi çərçivəsini aşaraq, cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələyə çevrilib:

“Artıq zorakılıq nümayiş xarakteri daşımağa başlayıb. Döymək kifayət etmir, çəkilir, paylaşılır və göstərilir. Problem yalnız aqressiv davranışlarla məhdudlaşmır. Bütün bunlar cəmiyyətdə empatiya və qarşılıqlı anlayış hissinin zəiflədiyini ortaya qoyur. Yeniyetmə dövrü insan beyninin emosional baxımdan ən qarışıq mərhələlərindən biridir. Bu yaşda gənclər özlərini sübut etməyə, qəbul olunmağa, güclü görünməyə çox ehtiyac duyurlar. Əgər uşaq ailə mühitində sağlam emosional münasibət və psixoloji dəstək görmür, davamlı təhqir, təzyiq, sevgisizlik, müqayisə və aqressiya şəraitində böyüyürsə, zamanla daxilində formalaşan emosional gərginliyi başqa insan üzərində boşaltmağa başlayır. Çünki öyrəndiyi model budur”. 

Psixoloqun sözlərinə görə, ən təhlükəli məqam isə odur ki, bəzi valideynlər övladlarının səhvini qəbul etmək əvəzinə onu gizlətməyə çalışırlar:

““Mənim uşağım elə şey eləməz”, “qarşı tərəf də nəsə edib” kimi reaksiyalarla uşağa “nə etsən də, arxandayam” mesajı verir. Bu isə peşmanlıq hissini öldürür. Uşaq etdiyi hərəkətin nəticəsini hiss etmədikcə davranış daha da sərtləşir. Məktəblərdə aqressiyanın artmasının digər səbəbi isə emosional savadsızlıqdır. Biz uşaqlara riyaziyyatı, dili və qaydaları öyrədirik, lakin onlara qəzəbi sağlam şəkildə idarə etməyi, rədd edilmə hissi ilə düzgün mübarizə aparmağı və emosiyalarını sağlam formada ifadə etməyi aşılamırıq. Nəticədə ən kiçik konflikt belə partlayışa çevrilir”. 

A.Həsənova qeyd edib ki, şiddəti videoya çəkmək məsələsi artıq ayrıca psixoloji siqnaldır:

“Əvvəllər insan etdiyi zorakılığı gizlətməyə çalışardı. İndi isə nümayiş etdirilir. Çünki sosial mediada bəzi yeniyetmələr üçün qorxulu görünmək “status” göstəricisinə çevrilib. Onların düşüncəsinə görə, kim daha sərtdirsə, daha çox izlənəcək, danışılacaq, hörmət görəcək. Əslində isə bu, daxildəki dəyərsizlik hissinin maskalanmış formasıdır. Bir çox hallarda videoya çəkən uşaqların özləri də travmatik mühitdə böyüyür. Onlar artıq başqasının ağrısını real hiss kimi qəbul etmirlər. Çünki uzun müddət zorakılığa məruz qalan və ya aqressiyanı normallaşdıran mühitdə böyüyən insanın empatiya hissi zəifləməyə başlayır. Bu səbəbdən biri yerdə döyülərkən digəri kamera tutur və bunu əyləncə kimi görür”. 

Psixoloqun fikrincə, sosial media, zorakılığı sürətlə normallaşdırır:

“Yeniyetmələr hər gün təhqir, dava, videoları izləyirlər. Bir müddət sonra beyin bunu adi davranış kimi qəbul etməyə başlayır. Ən qorxulusu isə odur ki, bəzi uşaqlar real həyatı izləyici qarşısında oynanan bir səhnə kimi yaşayırlar. Qarşısındakı insanın canı yanır, amma onun fikri yalnız görüntünün necə göründüyünə yönəlir. Bu hadisələr problemin təkcə uşaqlarda deyil, ailədə, cəmiyyətin aqressiyanı romantikləşdirməsində, “sərt uşaq” anlayışını güc kimi qəbul etməsindədir”. 

A.Həsənova vurğulayıb ki, mərhəmət hissi öyrədilməyən yerdə “güc” şiddət olaraq ortaya çıxır:

“Bu gün məktəblərdə uşaqların davranışına baxanda onların daxili vəziyyətini görmək mümkündür. Aqressiv yeniyetmələrin çoxu emosional olaraq tənha, görülməmiş, dinlənilməmiş uşaqlardır. Sadəcə, bəziləri yığılıb qalan duyğularını ağlamaqla ifadə edir, digərləri isə onu vurmaq və söymək kimi aqressiv davranışlarla üzə çıxarır”.