Ərdəbildə konsulluq açılsa, yaxşı olar

Bu həm gediş-gəlişin rahat olmasına, həm də biznes əlaqələrinin aktivləşməsinə dəstək verə bilər



Ərdəbil əyaləti rəhbərliyi bu şəhərdə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyir. Ərdəbil valisinin iqtisadi məsələlər üzrə müavini Bəhmən Hüseynzadənin fikrincə, əyalətdə istehsal olunan yerli məhsulları ixrac etmək və bölgəyə sərmayə cəlb etmək prosesini sadələşdirmək məqsədi ilə Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqlarının açılmasını istəyirik və bu istiqamətdə müəyyən addımlar atılıb. Azərbaycan tərəfi bunu müsbət qarşılayıb.

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Ərdəbildə Azərbaycan və Türkiyə konsulluqlarının açılması həm vətəndaşların gediş-gəlişinin rahat olmasına, həm də biznes əlaqələrinin aktivləşməsinə logistik dəstək verə bilər: "Ərdəbildə açılan konsulluq hüquqi və maliyyə problemlərinin, sənədləşmə məsələsinin daha operativ və tez həll olunmasına gətirib çıxaracaq. Biznes əlaqələrinin genişlənməsi üçün də vacib amildir. Ancaq biznes əlaqələrinin inkişafı üçün yeganə faktor Ərdəbildə konsulluğun açılması deyil. Bunun üçün idxal-ixrac əməliyyatlarında gömrük və vergi rüsumlarının cəlbedici olması gərəkdir”.

Azərbaycanın Təbrizdəki konsulluğu fonunda Ərdəbildə də yeni konsulluğun açılmasının siyasi baxımdan nə kimi reaksiyalar doğuracağına gəldikdə isə N.Cəfərli hesab edir ki, Qərb tərəfindən bu addım təqdir olunmaya bilər: "Təbrizdəki konsulluqdan əlavə bir konsulluğun açılması ilk olaraq əlavə maliyyə xərci tələb edir. Əgər dövlət büdcəsinin bu konsulluğu saxlamağa imkanı varsa, Ərdəbildə konsulluğun açılması elə bir ciddi problem doğurmur. Sadəcə olaraq ölçmək lazımdır ki, bu konsulluğun açılması biznes münasibətlərinin hansı nisbətdə artmasına gətirib çıxaracaq. Bunun üçün ciddi araşdırmalar aparıb, rəqəmlərin dinamikasını yoxlamaq lazımdır. 

Yeganə əngəl siyasi amildir. İranla bağlı sanksiyaların gücləndiyi bir dövrdə Azərbaycanın bu addımı atması Qərb ölkələri tərəfindən xoş qarşılanmayacaq. İndiki halda Ərdəbildə konsulluq açmağın bizim üçün əlavə problemlər yaradacağını düşünürəm. Çünki günümüzdə Azərbaycanın ən yaxın və ən yaxşı iqtisadi tərəfdaşı qərb dövlətləridir. Bu dövlətlərlə bir problem yaşanmaması üçün bu məsələni ertələmək də olar”.

Şəymən