Ərdoğanın fikri qətidir: "Afrində əməliyyat davam edəcək !"

"Türkiyə Afrin əməliyyatını davam etdirəcək”.
Bu sözləri "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu söyləyib. 
Onun qənaətincə, Türkiyə terrorçuların hücumunun qarşısını almaq üçün təhlükəsizlik zolağı yaratmalıdır:
"Bunun üçün 120-130 km uzunluğunda, 20-30 km enində təhlükəsizlik zolağı olmalıdır. Əməliyyatdan əvvəl Amerika terrorçulara silah verəcəyini açıqlamışdı. Amma Türkiyə əməliyyata başlayandan sonra sanki Vaşinqton siyasətini korrektə edib. Keçmiş strateji müttəfiqi olan Türkiyəni itirmək, münasibətləri gərginləşdirmək istəmir. Bu baxımdan sanki siyasəti dəyişib. 
Tez-tez Türkiyəli rəsmilərlə təmasa keçirlər. ABŞ Dövlət katibi Reks Tillerson da Mövlud Çavuşoğlu ilə söhbətlər aparmışdı. İndi isə prezidentlər arasında telefon danışığı baş tutub. Düşünürəm ki, Amerika Türkiyəyə qarşı münasibətini korrektə edəcək. Amma bu o demək deyil ki, Türkiyənin Suriyada geniş fəaliyyətinə göz yumacaq. Çalışacaq ki, əməliyyat məhdud miqyası əhatə etsin. Buna baxmayaraq, Türkiyə prezidentinin fikri qətidir ki, Türkiyənin təhlükəsizliyi təmin olunana qədər əməliyyat davam edəcək”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefonla danışığı zamanı Vaşinqtonu PKK terror təşkilatının Suriyaqolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.
Aysel Aslan