Erkən nikahlar ana ölümünə səbəb olur - DİQQƏT

Mehriban Zeynalova: "Həmin analar 13 yaşında olduğuna görə tibbi müayinəyə aparılmır, yalnız doğuş zamanı həkimə aparılır. Ona görə də fəsadlar ortaya çıxır



"Erkən nikahlarla bağlı kifayət qədər tədbirlər görülsə də, ayrı-ayrı ailələr qanunvericiliyin aliliyinə məsuliyyətlə yanaşa bilmirlər”.

Bunu Sherg.az-a Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədovanın 13-15 yaşlı uşaqların dünyaya uşaq gətirməsi ilə bağlı açıqlamalarına münasibət bildirərkən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi bunu aşkarlamasa, proseslər qapalı həyata keçiriləcək:

"Nazirlik qeydə alınan doğuşlar üzrə bunu müəyyən edir. Amma elə uşaqlar var ki, ərə gedib, hələ övladı olmayıb. Qızların erkən evləndirilməsi ilə bağlı məktəb, bələdiyyələr, yerli polis, vətəndaşların özü bu məsələdə kifayət qədər aktiv olmalıdırlar. Ciddi monitorinqlər aparılmalıdır. İcra hakimiyyətlərinin nəzdində komissiyalar fəaliyyət göstərir. Amma anlamıram, onlar necə monitorinqlər keçirir ki, bu problemlər baş qaldırır. Monitorinqlər tək ailələrlə deyil, xüsusilə, məktəblərlə aparılmalıdır. O monitorinqin nəticələrini ən azı mühafizə orqanlarına təqdim etmək lazımdır. Təəssüf ki, bəzi hallarda belə tədbirlərin ailə işinə müdaxilə kimi anlaşılması cinayətlərin baş verməsinə gətirib çıxarır. Bu cinayətlərin baş verməsi fonunda ana və uşaq ölümləri artır. Həmin analar 13 yaşında olduğuna görə tibbi müayinəyə aparılmır, yalnız doğuş zamanı həkimə aparılır. Ona görə də fəsadlar ortaya çıxır”.

Aysel Aslan