Ermənilər təkcə Qubadlıda deyil, işğal etdikləri bütün ərazilərimizdə vandalizm siyasəti həyata keçirirlər



"Son iki əsrdir – ermənilər tarixi torpaqlarımıza köçürüləndən bəri onların vəhşiliyi, düşmənçilik addımları, vandalizmi davam edir”.

Bunu "Sherg.az”a Ermənistan silahlı qüvvələri tərəfindən Qubadlı rayonunun 25 il əvvəl işğal olunmasından danışarkən millət vəkili Elman Məmmədov söyləyib. O xatırladıb ki, indiki Ermənistan Respublikası ərazisi Azərbaycanın tarixi torpaqları olub və ermənilər uzun illərdir ərazilərimizi talamaqla məşğuldur:

"Bütün coğrafi adlar dəyişdirilib. Hamısını erməniləşdiriblər. Tarixi abidələrə qarşı vandalizm tətbiq edilir. Xüsusilə, 1988-ci ildən sonra işğal olunan 20 faiz torpaqlarımız da düşmən tapdağındadır. Qubadlı rayonu da daxil olmaqla, bütün ərazilərimizi talan ediblər. Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon tamamilə dağıdılıb. Yeraltı, yerüstü sərvətlərimiz düşmənin tapdağındadır. Ermənilər öz düşmənçiliklərini bu cür çirkin əməllərlə büruzə verirlər”.

E. Məmmədov hesab edir ki, ermənilərin dağıdıcı əməllərinin qarşısını almağın yeganə yolu hərbi güc tətbiq edib, torpaqlarımızı işğaldan azad etməkdir:

"Başqa yol yoxdur. Qətiyyətlə bunu deyirəm. Çünki Azərbaycan torpaqlarına qarşı işğal faktının başlanmasından artıq 30 ilə yaxın vaxt ötür. Bütün bu dövr ərzindən nüfuzlu beynəlxalq təşkilatlar, böyük dövlətlər, Avropa və dünya səviyyəsində mövcud olan hüquq təsisatlar heç bir addım atmayıblar. BMT Təhlükəsizlik Şurasının qətnamələri indiyədək yerinə yetirilməyib. İşğalçı Ermənistana qarşı heç bir cəza, sanksiya tətbiq edilməyib. Düşmənin fikri, amalı bizə aid olan torpaqlarda "Böyük Ermənistan” yaratmaqdır. Bununla da doymurlar, əlavə torpaqlar istəyir, Türkiyəyə, Gürcüstana iddialar irəli sürürlər. Halbuki ermənilərin "Böyük Ermənistan” ideyası sadəcə xülyadır, belə də qalacaq. Ermənistanı dayandırmaq üçün tutarlı cavab vermək, hərbi gücdən istifadə etmək lazımdır. Biz qüdrətli ordumuzun gücünü tətbiq edib, düşməni danışıqlara, razılığa məcbur etməliyik. Bu bir növ "sülhə məcbur etmə əməliyyatı” adlana bilər”.

Qeyd edək ki, Qubadlı rayonu erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt olunub.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hazırda Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır.

Aysel Aslan