Düşmən təxribatlarına ara verməsə, bu dəfə döyüşlərin miqyası daha böyük olacaq
Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel” reaktiv odsaçandan atəşə tutub. Hərbi qulluqçularımız arasında itki yoxdur.
Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edib ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.
Cəbhədə baş verən prosesləri və düşmənin mövqelərimizi "Şmel” reaktiv odsaçandan atəşə tutmasını dəyərləndirən hərbi-siyasi icmalçı Ramil Məmmədli hazırkı mərhələdə cəbhə xəttində baş verən proseslərin irimiqyaslı müharibə mərhələsinə keçməyəcəyini deyib. Bununla belə Ermənistanın təxribatları genişlənəcəyi təqdirdə icmalçı aprel döyüşlərinin təkrarlanma ehtimalının da istisna olmadığını deyib:
"2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Ermənistanın danışıqlar masasına oturacağı və sülhə razılaşacağı, ən nəhayətində isə işğal etdiyi Azərbaycan ərazilərini mərhələli şəkildə qaytaracağına dair bir inam yaranmışdı. Həm də təkcə Azərbaycan cəmiyyətində yox, beynəlxalq təşkilatlarda da belə bir fikir formalaşmışdı. Rusiya isə Suriya və Ukraynadakı gərginlik fonunda Cənubi Qafqazda növbəti münaqişə ocağının alovlanmasını istəmədiyindən müdaxilə edərək döyüşlərin dayandırılmasına müvəffəq oldu. Qeyri-rəsmi açıqlamalarda isə Ermənistanın həm Vyanada, həm də Peterburqda keçirilən görüşdə münaqişənin inzama salınması istiqamətində ciddi addımlar atacağına dair söz verib. Lakin sonrakı mərhələdə Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və azərbaycanlıların yaşayış məntəqələrinə kimyəvi tərkibli silahlardan bir neçə dəfə atəş açaraq, Azərbaycan əsgərlərini təxribata çəkib. Bu isə düşmənin münaqişənin sülh yolu ilə həllindən yayınmasının göstəricisidir”.
Aprel döyüşlərindən sonra Dağlıq Qarabağda münasibətlərin bu qədər qısa zamanda yenidən gərginləşməsinə ehtimal vermədiklərini vurğulayan ekspertin dediyinə görə, gözləntilərin əksinə olaraq 2016-cı ilin son günlərində ermənilər öz həyasızlıqlarını növbəti dəfə büruzə verdilər. Dekabrın 29-da düşmən təxribatının qarşısını alan şəhid hərbiçimizin meyitinin hələ də ermənilərin əlində olmasını təəssüflə qeyd edən R.Məmmədli deyib ki, 2017-ci ilin ilk günlərindən etibarən də erməni əsgərləri ordumuzun mövqelərini iriçaplı pulemyotlardan atəşə tutmağa başlayıblar: "Bu günlərdə isə pilotsuz uçuş aparatı vasitəsilə Tovuz rayonu istiqamətinə partlayıcı maddə atıblar. Nəhayət, dünən səhər saatlarında isə Sovet müdafiə sənayesinin məhsulu olan odsaçan raketindən istifadə edərək Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədiblər. Ermənistan ordusunun bu addımı ilə aprel döyüşlərindən sonra ciddi sarsıntı yaşayan erməni auditoriyasını sakitləşdirməyə yönələn bir haldır. Kimyəvi tərkibli "Şmel” reaktiv piyada odsaçan raketindən istifadə edən Ermənistan Azərbaycan cəmiyyətinə psixoloji təsir etmək və onlarda müharibə xofu yaratmaq istəyir. Amma bütün ölkə vətəndaşları Azərbaycan ordusunun gücünə və hərbi potensialına arxalandığı üçün savaş onları zərrə qədər də qorxutmur. Hətta biz aprel döyüşləri dayandırılan zaman insanlarımızın necə təəssüfləndiyini gözlərimizlə gördük. Ermənistan birdəfəlik dərk etməlidir ki, əgər Ermənistan mövcud təxribatlarını dayandırmasa və məsələyə beynəlxalq qurumlar kəskin reaksiya verməsə, aktiv döyüş əməliyyatlarının arealı, həmçinin miqyası daha geniş şəkil alacaq.
Qarabağ cəbhəsində münasibətlər növbəti dəfə kəskinləşsə, artıq Rusiya belə ermənilərin köməyinə çata bilməyəcək”.
"Şmel”in kimyəvi tərkibli silah hesab olunduğunu deyən R.Məmmədli beynəlxalq qanunlara görə, kimyəvi silahlardan istifadənin hərbi cinayət olduğunu və beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməsinin zəruriliyini qeyd edib.
Şəymən