"Ermənistana sanksiyalar tətbiq olunmasa, hərbi əməliyyatlar təqdir edilməlidir"

Elçin Mirzəbəyli: "Hərbi müdaxilə əslində sanksiyaların tərkib hissəsidir. Beynəlxalq hüquq normalarından irəli gələn mexanizmlər işə salınmalıdır"
"Həmsədr ölkə rəsmilərinin bəyanatları Minsk qrupunun iflasa uğramadığı barədə rəy yaratmağa xidmət göstərir”.
Bunu "Sherg.az”a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın danışıqlar prosesinin effektivliyinin yüksəldilməsinə dair açıqlamalarını şərh edərkən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli deyib.
O bildirib ki, danışıqlar prosesi davam etdikcə, status- kvonun qorunub saxlanması üçün daha çox imkanlar yaranır:
"Həmsədrlərin, xüsusilə Rusiyanın məqsədi mövcud status-kvonu saxlamaqdan ibarətdir. Danışıqlar nəticə vermirsə, bu artıq prosesin uğurla davam etdiyi anlamına gəlmir. Əksinə mövcud vəziyyətin uzun müddət davam etməsi uğursuzluqdur.
Beynəlxalq təcrübədə oxşar münaqişələrin həlli ilə bağlı kifayət qədər nümunələr var. Maraqlı fakt odur ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Rusiya və digər həmsədrlər yeni təkər icad etməyə çalışırlar. Ortalıqda bir fakt var: Azərbaycan torpaqları işğal olunub. İşğalçı dövlətə qarşı müvafiq sanksiyaların tətbiq olunması gündəmə gətirilməlidir. Ermənistana sanksiyalar tətbiq olunmasa, hərbi əməliyyatların keçirilməsi təqdir edilməlidir.
Çünki hərbi müdaxilə əslində sanksiyaların tərkib hissəsidir. Beynəlxalq hüquq normalarından irəli gələn mexanizmlər işə salınmalıdır. İşğala məruz qalan dövlət hətta rəsmi dəstək almalıdır ki, işğala son qoyulsun. Göründüyü kimi bu amillərin heç biri ortada yoxdur. M. Zaxarovanın danışdıqları heç bir əhəmiyyət kəsb etmir”.
Qeyd edək ki, M.Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır.
Aysel Aslan