"Ermənistanda zülmət, qeyri-müəyyənlik və fəlakətlər hökm sürür" - Politoloq





Ötən gün Prezident İlham Əliyev Bakının Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharəbələri, əlil və şəhid ailələrinə mənzillərin və evlərin verilməsi mərasimində çıxış edərkən mühüm məqamlara toxunub. Xüsusən, Dağlıq Qrabağ münaqişəsinin həlli ilə bağlı bir sıra önəmli açıqlamalar səsləndirən dövlət başçısı bir daha bəyan edib ki, Qarabağ müharibəsinin həllinin bir yolu var, işğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır: "Biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu yaxşı başa düşməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Bunu tarix deyir, beynəlxalq hüquq deyir və bütün dünya dövlətləri ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir”. Ordumuzun qüdrətindən danışan dövlət başçısı hərbi qələbələrimizin davam etməsinə xüsusi diqqət çəkib.

Prezidentin bəyanatları ilə bağlı "Sherg.az”a danışan politoloq Tofiq Abbasov bildirib ki, dövlət başçısı İlham Əliyev ənənəvi olaraq mühüm bəyanatlarını yeni müəssisələrin açılışında və ya əhəmiyyətli tədbirlərdə səsləndirir.

Ekspertin sözlərinə görə, Prezident həm dünyada gedən ciddi proseslərlə bağlı xalqımızı məlumatlandırır, həm də düşmən ölkəyə, eyni zamanda beynəlxalq aləmə mesajlar verir: "Azərbaycan sürətlə qurub-yaradır, hərtərəfli güclənir, həm də paralel olaraq Dağlıq Qarabağ məsələsinin həllinə xüsusi diqqət yetirir. Ermənistan rəhbərliyi isə adətən təsadüfi hallarda, daha doğrusu əllərinə keçən tribunalarda fürsətdən istifadə edərək Azərbaycana boş hədələr yağdırır. İstənilən sahədə müqayisə göstərir ki, münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan nə dərəcədə təzadlı həyat səviyyəsinə malikdir. Azərbaycan günəşli tərəfdir, ayın görünən işıqlı üzüdür. Güclər və qüvvələr nisbəti tamamilə Azərbaycanın xeyrinədir. 

Azərbaycan bu oyunda güclü bənddir. İşğalçı Ermənistan isə ayın qaranlıq tərəfidir. Ermənistanda zülmət, qeyri-müəyyənlik və fəlakətlər hökm sürür. Düşmən tərəf zəif olduğunu özü də etiraf edir. Görürsüz, baş nazir Nikol Paşinyan ciddi çətinliklərlə üz-üzə qalıb. Açıq-aşkar çaşqınlıq içindədir. Hazırda yeni hökumət öz himayədarlarından, xarici ölkələrdən imdad diləməklə məşğuldur”.

T.Abbasov vurğulayıb ki, Prezidentin sözlərində böyük həqiqət var:

"Ermənistan tez zamanda və ciddi şəkildə öz strategiyasını müəyyən etməlidir. Düşmən ölkə məhkum olunmuş bir məmləkətdir. Ermənistan üzünü hansı tərəfə çevirirsə, əli boş qayıdır, hamı onlardan üz döndədir. Çünki İrəvan hökuməti heç bir yardıma, dəstəyə layiq deyil. Ermənistandakı problemlərin kökündə Qarabağ münaqişəsinin asılı vəziyyətdə qalması durur. Paşinyan hökuməti nə problemi həll edə bilir, nə də torpaqlarımızı qaytarmağa özündə cürət tapır. İrəvanın siyasi elitası özü-özünü təkzib edir. Yeganə çıxış yolu Azərbaycanın işğal edilmiş ərazilərini qeyd-şərtsiz geri qaytarmaqdır”.

İsmayıl