"...Ermənistanın gələcəyinin açarı belə ermənilərin əlində deyil" - ŞƏRH

Sədrəddin Soltan:"Bu, açar Rusiya, Fransa, ABŞ və erməni lobbisinin əlindədir



"Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmalıdır. Bu, Azərbaycan dövlətinin mövqeyidir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Analitik bəyan edib ki, rəsmi Bakı məsələnin dinc yolla həllinin tərəfdarı olduğunu dəfələrlər bəyan edib: 

"Əgər münaqişə bu yollla həll edilməzsə, Azərbaycan öz torpaqlarını döyüş yolu ilə də azad etməyə qadir olduğunu 2016-cı ilin aprelindəki döyüşlərdə təsdiqləyib. Ermənistan rəsmilərinin hədyan danışması, sərsəmləməsi isə Nikol Paşinyanın başçılığı ilə hakimiyyətə gələn yeni qüvvənin münaqişənin həlli ilə bağlı konkret proqramının olmadığından xəbər verir. Özündən əvvəlkilər kimi o da işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gəlməklə bir daha sübut edir ki, onlar da işğalı dəstəkləyirlər. Ermənistanda baş verənlər deməyə əsas verir ki, nəinki Dağlıq Qarabağ münaqişəsinin həllinin, hətta Ermənistanın gələcəyinin açarı belə ermənilərin əlində deyil. Bu, açar Rusiya, Fransa, ABŞ və erməni lobbisinin əlindədir. Bu baxımdan Paşinyanın təkbaşına, yaxud təmsil etdiyi siyasi qüvvə ilə birlikdə nəticə çıxaracağı real deyil”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı deyib ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır. Dövlət başçısının bəyanatına əsasən, Ermənistan işğal edilmiş torpaqlardan öz qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır: "İmkan verməlidir ki, Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpağına qayıtsınlar”. Düşmənlə təmas xəttinə yaxın məkanda növbəti dəfə Ermənistanın yeni hakimiyyətinə mesaj verən dövlət başçısı bəyan edib ki, İrəvan hökuməti bunu nə qədər tez anlasa, o qədər də onlar üçün yaxşı olar, bölgə üçün yaxşı olar. Bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə barışmaq fikrində deyilik, beynəlxalq hüququn normaları bizim mövqeyimizi tam dəstəkləyir, tarixi ədalət bizim tərəfimizdədir”.

İsmayıl